Qırılmış qəlb sindromu
Təqribən
bir il əvvəl işlədiyim kardioloji mərkəzə
60 yaşında infarkt keçirən Səmra
adında bir xanım yatırmışdılar. Səmra xanımın ürək damarlarında tıxanma olub-olmadığını
müəyyənləşdirmək üçün koroner anjiyoqrafiya etdim. Ancaq ürək damarlarında hər
hansı bir tıxanma və ya daralmanın olmadığı müəyyənləşdi. Səmra xanımdan bu yaxınlarda stress keçirib-keçirmədiyini
soruşanda, bir gün öncə oğlunun amansız xəstəlikdən vəfat etdiyini və bu
səbəbdən də çox kədərləndiyini söylədi.
Bir həftə əvvəl isə həmin kardioloji mərkəzə 63 yaşında
infarkt keçirən Məltəm adında başqa bir xanım yatırmışdılar. Məltəm
xanımı da koroner anjiyoqrafiya etdim, ancaq ürək damarlarının tamamilə normal
olduğunu, hər hansı bir tıxanma və ya daralmanın olmadığını müəyyən elədim.
Məltəm xanımdan da yaxınlarda stress keçirib-keçirmədiyini soruşanda
"İstanbuldakı sel fəlakəti nəticəsində ticarətlə məşğul olduğum obyektimi su
basdı, ciddi maddi ziyan dəydi və bundan ötrü
çox kədərləndim” cavabını verdi. Həm Səmra xanıma, həm də Məltəm xanıma
"Qırılmış qəlb sindromu” diaqnozunu qoydum.
27 il əvvəl tapılan xəstəlik
Qorxu, kədər, təşviş, üzüntü və sairə
kimi neqativhissləri
keçirmək ciddi infarkta səbəb ola bilir. Buna "Qırılmış qəlb sindromu” ("Broken
Heart Syndrome”) deyilir. Bu xəstəliyin bir xüsusiyyəti var: xəstələr infarkt
keçirsələr də, ürək damarlarında tıxanma
və ya daralma olmur. Əslində "Qırılmış qəlb sindromu” fiziki stressdən sonra da ortaya çıxa bilir.
Bu xəstələrin 36 faizi infarkt keçirməzdən əvvəl neqativ emosional hisslər, 28
faizi fiziki stress, 8 faizi isə həm emosional, həm də fiziki stress keçirmiş
xəstələrdir. Adətən 50 yaşından sonra ortaya
çıxan bu xəstəliyin bir digər adı da
"Takotsubo sindromu”dur. Bu xəstəliyin tarixi çox qədim deyil. İlk dəfə
1990-cı ildə yapon həkim Sato tərəfindən müəyyən edilib. Biz neqativ emosional
hissləri keçirdiyimiz zaman sempatik sinir sistemimiz normadan çox fəaliyyət
göstərir. Nəticədə nəbzimiz sürətlənir, təzyiqimiz qalxır və ürəyi qidalandıran
damarlar büzülür. Ayrıca, qanımızda
adrenalin və noradrenalin kimi stress hormonlarımızın miqdarı da artar. Bütün bu proseslər infarkt keçirməyimizə
səbəb olur. "Qırılmış qəlb sindromu”nun
ortaya çıxdığı xəstələr adətən oğlunu, qızını, həyat yoldaşını və ya çox
sevdiyi bir insanı itirən; silah gücü
ilə soyulan; xəyanət edilən, boşanan, yoldaşı ilə mübahisə edən; zəlzələ, sel
və daşqın kimi təbii fəlakətlər nəticəsində evini, yerini, yurdunu və ya hər
hansı maddi gəlir mənbəyini, işini, qumarda pulunu itirən və bu səbəbdən üzüntü, kədər
hissi keçirən insanlardır. Üzüntü və ya kədər hissi keçirdikdən sonra
xəstələrin çoxu (təqribən 76 faizi) sinələrində
şiddətli ağrı hiss edərlər. Ancaq bəzi xəstələrdə ağrı olmaz və yeganə şikayət təngnəfəslik ola bilər.
Bəzi xəstələrdə isə yeganə şikayət
ürəkdöyünmə ola bilər. Təəssüf ki, bəzi
xəstələr də anidən vəfat edirlər. Qorxu, kədər, təşviş, üzüntü və sairə kimi neqativ hisslər keçirdikdən sonra
şiddətli sinə ağrısı və ya təngnəfəslik şikayətləri olan hər kəs ətraflı müayinə
edilməli, mütləq elektrokardioqram çəkilməli və lazım olarsa, qan testinə
baxılmalıdır.
Niyə əsasən qadınlar?
"Qırılmış
qəlb sindromu” olan xəstələrin 90-95
faizi qadınlardır və qadınların nəyə görə daha böyük risk altında olduqlarının
dəqiq səbəbi bilinmir. Ancaq ən çox qəbul edilən fikir, qadınların
ürəyinin stress zamanı bədəndə ortaya çıxan hormonal dəyişiklərə daha həssas
olmasıdır. Son vaxtlarda qarşımıza daha çox çıxan bu xəstəlik heç də nadir
xəstəlik deyil. Əslində "Qırılmış qəlb sindromu” da bir növ infarkt keçirmə
halıdır və bütün infarkt keçirmə hallarının 1-2 faizini təşkil edir. İnfarkt keçirən bir insanın ürək damarları,
adətən tıxanmış olur. Ancaq maraqlısı odur ki, "Qırılmış qəlb sindromu”nun
olduğu insanlara anjiyoqrafiya elədiyimiz zaman, damarları adətən tərtəmiz
çıxır, ürək damarlarında ciddi daralma və ya tıxanma olmur. Ayrıca, bu
xəstələrin ürəklərinin müəyyən bölümləri anormal dərəcədə genişlənir. Sizə daha maraqlı bir məlumat verim. "Qırılmış
qəlb sindromu”nun ortaya çıxdığı
qadınların çoxu menopauzaya girmiş
qadınlardır. Bu qadınların ortalama yaşları təqribən 66-dır. Menopauzaya qədər
yumurtalıqlardan qana ifraz olunan esterogen hormonu qadınları infarkt
keçirməkdən qoruyur. Ancaq qadın menopauzaya girdikdən sonra qandakı esterogen
hormonu azalır və bunun nəticəsində qadınlar infarkt keçirmə baxımından
daha həssas olurlar. Bu xəstələri bəzi dərmanlarla çox yaxşı şəkildə
müalicə edirik və hər hansı bir problem
olmadan xəstəxanadan evə göndəririk. Ancaq çox təəssüf ki, "Qırılmış qəlb sindromu”
bəzi xəstələrimiz üçün öldürücü də ola bilir. Belə ki bu diaqnozla yatırılan
xəstələrin 4 faizi xəstəxanada dünyasını dəyişir. Ancaq xəstələrin çoxu 1-2
həftə içində tamamən normal sağlamlıqlarına dönürlər. Bir insanda "Qırılmış
qəlb sindromu” ortaya çıxıbsa, bu xəstəliyin həmin insanda təkrar ortaya çıxma
riski hər il 2 faiz artar.
Xoşbəxt qəlb sindromu
Qorxu,
kədər, üzüntü və sairə kimi neqativ hisslərin infarkta səbəb ola biləcəyini çox
yaxşı bilirik. Ancaq təəssüf ki sevinc,
qürur hissi, xoşbəxtlik kimi pozitiv, müsbət emosiya hissləri yaşadığımız zaman
da ciddi infarkt keçirə bilərik. Buna da "Xoşbəxt ürək Sindromu” ("Happy Heart
Syndrome”) deyilir. "Qırılmış qəlb sindromu”nda olduğu kimi pozitiv emosiya
hissi zamanı və ya sonrası infarkt keçirənlərin
də 95 faizi qadınlardır. Qadınların nəyə görə daha böyük risk altında
olduqları haqqında bəzi fikirlər səsləndirilsə də, dəqiq səbəb bilinmir. Sevinc hissinin keçirildiyi zaman infarkt
keçirənlərin 90 faizi sinəsində ağrı hiss edərlər. Ancaq təngnəfəslik şikayəti
də ortaya çıxa bilər.
Son söz: Nadir bir
xəstəlik olmayan və son zamanlar tez-tez
rastlaşdığımız "Qırılmış qəlb sindromu” insan ürəyinin stressə qarşı
reaksiya verməsi nəticəsində ortaya çıxan bir infarkt keçirtmə halıdır. Xüsusi
ilə menopauzaya girmiş qadınlar bu xəstəlik üçün risk altındadırlar. Bu
insanlarda anjioqrafiya elədiyimiz zaman, damarları adətən tərtəmiz çıxır, ürək
damarlarında ciddi daralma və ya tıxanma olmur. Bu xəstəliyin ortaya çıxmasında
stress çox önəmli bir faktordur. Ona görə də xüsusi ilə menopauzaya girmiş
qadınların stressdən uzaq durmaları çox önəmlidir.
Dr. Yalçın Velibey
Kardiologiya uzmanı