• cümə axşamı, 25 aprel, 14:53
  • Baku Bakı 23°C

Qida zəhərlənmələri zamanı ishal əleyhinə preparatlar qəbul etmək yolverilməzdir

22.06.20 12:15 431
Qida zəhərlənmələri zamanı ishal əleyhinə preparatlar qəbul etmək yolverilməzdir
Yayda həm uşaqlar, həm də böyüklər arasında rast gəlinən xəstəliklərdən biri də qida zəhərlənmələridir. Qida zəhərlənmələri mikroblar və ya onların toksinləri ilə yoluxmuş qida məhsullarının yeyilməsi nəticəsində meydana gəlir. Qidaların qəbulundan sonra zəhərlənmə əlamətlərinin meydana çıxması arasındakı müddət bir saatdan 6 saata qədər, eləcə də 2-5 gün arasında dəyişə bilər. Xüsusilə süd məhsulları, yumurta, şokolad, tort, konserv olunmuş qidalar, meyvə və tərəvəzlər, yaşıl tərəvəzlər, dəniz məhsulları, souslar qida zəhərlənmələrinə səbəb olan mikroorqanizmlərin və onların toksinlərinin daşıyıcıları ola bilər. Buna görə də həmin qidaları istifadə edərkən daha diqqətli olmaq məsləhətdir.
AZƏRTACxəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin İnnovasiya və Təhsilin keyfiyyətinin təminatı şöbəsinin müdiri, I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva deyib.
Mütəxəssisin sözlərinə görə, qida zəhərlənmələri adətən, anidən başlayır, qarında tutmaşəkilli ağrılar, ürəkbulanma, qusma, ishal, qızdırma ilə müşayiət oluna bilir: "Adətən, yüngül müalicələrlə aradan qaldırıla bilən vəziyyətlər olsa da, bəzi hallarda xəstəxanada yatma göstərişləri yaranır. Xüsusilə bədəndən maye itkisinin ishal və qusma ilə çox olduğu vəziyyətlərdə qısa müddətdə itirilən mayenin, duzların bərpası həyata keçirilməlidir. Əgər xəstədə ürəkbulanma və qusma səbəbindən ağızdan maye qəbulu yoxdursa, o zaman xəstəxana şəraitində damar yolu açılaraq maye köçürülməsi göstərişdir. Qida zəhərlənmələrində ishal vəziyyəti keçənə qədər bağırsaq hərəkətini artıran qidalar qəbul olunmamalıdır. Bəzən xəstələr ishalı kəsmək üçün ishal əleyhinə preparatlar qəbul etməyə başlayırlar ki, bu da yolverilməzdir. Çünki nəticədə mikroorqanizmlərin bağırsaqda qalma müddəti uzanır ki, bu da xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Xüsusilə yaşlılarda, şəkərli diabet, hipertenziya, böyrək, ürək-damar xəstəlikləri, xroniki xəstəliklərdən əziyyət çəkənlərdə qida zəhərlənməsi olarsa, daha ehtiyatlı davranmaq lazımdır. Qida zəhərlənmələrinin əlamətləri adətən 2-3 gün ərzində davam edir və müalicə ilə aradan qaldırılır. Xüsusilə qusma varsa, qusma əleyhinə dərman preparatları həkim nəzarəti altında təyin oluna bilər. Lakin çox şiddətli qusma və çox maye itkisinə səbəb olacaq ishal varsa və həmin əlamətlərdə 2-3 gün ərzində heç bir geriyə inkişaf yoxdursa, mütləq həkimə müraciət olunmalıdır. Əgər qida zəhərlənmələrində şikayətlər 24 saat ərzində yaxşılaşmağa doğru getmirsə, xəstənin ağızdan maye qəbulu mümkün deyilsə, yüksək hərarəti, qanlı ishalı varsa və yuxuya meyillilikdə artım müşahidə olunursa, dərhal xəstəxanaya müraciət olunmalıdır”.
N.Sədiyeva qida zəhərlənmələrindən qorunmaq üçün tövsiyələrini də verib: "Meyvə və tərəvəzləri bol miqdarda su ilə təmiz yumaq, açıq şəkildə satılan qidaları almamaq, paketlənmiş məhsulları alarkən saxlanma müddətinə diqqət etmək tövsiyə olunur. Su alarkən ağzıbağlı satılan suları almaq, açıq satılan suları qaynatmadan içməmək, balıq, toyuq, mayonez, dəniz məhsulları, süd və süd məhsullarının çox tez xarab ola biləcəyini unutmamaq lazımdır. Yay fəslinin əvəzedilməz təamlarından olan dondurmalar uyğun bir şəraitdə saxlanılmadıqda onların tərkibi dərhal dəyişir. Nəticədə dondurmaların içərisində bakteriyaların çoxalması üçün asan bir şərait yaranır. Bu səbəbdən dondurmaları güvəndiyiniz yerdən alın və aldıqdan sonra dərhal yeyin. Əgər dərhal yemək mümkün deyilsə, onların soyuducuların buz yerində saxlanılmasını təmin edin”.
banner

Oxşar Xəbərlər