AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

QHT-lərin üzərinə işıq salan dəyişiklik

QHT-lərin üzərinə işıq salan dəyişiklik

İqtisadiyyat
08 Fevral 2013, 11:14 1996
QHT-lər, fondlar və ictimai təşkilatların Maliyyə Nazirliyinə hesabat verməsi məcburi xarakter daşıyacaq, hesabat verməyənlər inzibati məsuliyyətə cəlb olunacaq. Bu, “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara və eyni zamanda İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərdə nəzərdə tutulur. Qeyd edək ki, bu dəyişikliklər Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin son iclasında müzakirə olunub və plenar iclasa çıxarılması tövsiyə edilib.

Onu da deyək ki, İnzibati Xətalar Məcəlləsinin 223-cü maddəsinə edilən dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələr və qərarların surətləri qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. Əks təqdirdə, vəzifəli şəxsləri 1500 manatdan 2500 manata qədər, hüquqi şəxsləri 5 min manatdan 7 min manata qədər cərimə gözləyəcək. Məcəlləyə əlavələrdə həmçinin qeyd olunur ki, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri tərəfindən yardımın qəbul edilməsinə görə vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 8 min manatdan 15 min manatadək miqdarda cərimə ediləcəklər.

“Dəyişiklik şəffaflığı təmin edəcək”

Sözügedən dəyişikliyin müəllifi millət vəkili Çingiz Qənizadə parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsindəki çıxışında bildirib ki, QHT-lərə, dini qurumlara, fondlara edilən yardımlar, ianələr və qrantlar şəffaf olmalıdır: “Həmin yardımlar rəsmi sənədlərdə əksini tapsın, rəsmi şəkildə qəbul olunsun. Eyni zamanda yardım, ianə və qrant formasında pul alan təşkilatlar Maliyyə Nazirliyinə hesabat verərkən əldə etdikləri gəliri göstərsinlər. Hər hansı təşkilata xeyriyyəçilik məqsədilə verilən ianə 200 manatdan çoxdursa, onun barəsində hesabat verilməlidir”.

Hazırda Azərbaycan hökumətinin ayırdığı qrantların təşkilatlara müqavilə ilə verildiyini, rəsmiləşdirildiyini, hesabatlılığın təmin olunduğunu vurğulayan Çingiz Qənizadə bildirib ki, xarici ölkələrin rəsmi qurumlarının, beynəlxalq təşkilatların ayırdığı qrant və yardımlar iki tərəf - maliyyəni ayıran və alan tərəflər arasında rəsmiləşdirilir: “Azərbaycanın dövlət orqanlarına bu haqda məlumat verilmir, hesabat təqdim edilmir, həmin pulların hara xərcləndiyi bilinmir. Bəzən belə yardımların arxasında dini-radikal qrupların maliyyələşdirilməsi, ölkədə sabitliyin pozulması, vergidən yayınmaq, müxtəlif dövlətlərin siyasi maraqlarının həyata keçirilməsi kimi niyyətlər dayanır. Ona görə də şəffaflıq olmalıdır”. Deputat onu da qeyd edib ki, bu gün QHT-lərin fəaliyyətinin şəffaflığının təmin edilməsində müəyyən boşluqlar var.

Qanuna dəyişiklik qəbul olunduğu təqdirdə, dini qurumlar, ictimai təşkilatlar (fondlar, birliklər), siyasi partiyalar, habelə xarici təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri qrant müqaviləsi, yaxud qrant haqqında rəsmi qərar olmadan maddi yardım qəbul edə bilməyəcəklər. Məsələylə bağlı bəzi QHT rəhbərlərinin münasibətini öyrəndik.

“Bizim üçün problem yoxdur, amma...”

Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bizimlə söhbətində bildirdi ki, onlar üçün belə bir layihənin, dəyişikliyin qəbul edilməsinin heç bir problemi yoxdur: “Layihənin elə bir mexanizmi yoxdur ki, bizim fəaliyyətimizə təsir eləsin. Çünki şəffaf şəkildə fəaliyyət göstəririk. Amma yeni qaydaların kimlərisə narahat edən QHT-lərə ciddi təsiri olmayacaq. Çünki mexanizm yoxdur. Məsələn, hansısa təşkilat pulları xaricdəki şəxsi hesabında oturdaraq Azərbaycanda tədbir keçirəcək. Soruşanda ki, hansı pulla keçirirsən, deyəcək ki, maaşımla. Düşünürəm ki, pulları gizli alıb, gizli xərcləyənləri tapmaq asan olmayacaq”.

S.Məmmədovun fikrincə, qeydiyyatı olmayan təşkilatlar üçün qrant müqavilələrinin qeydiyyatı, banka qəbul olunması problemləri ortaya çıxacaq: “Azərbaycan qanunvericiliyinə görə, QHT-lər qeydiyyatdan keçməsələr də, sərbəst şəkildə fəaliyyət göstərə bilərələr. Bu da yeni dəyişikliyin fonunda açıq qalan məsələlərdəndir. Qeydiyyatı olmayan QHT-lərin bəzən bank hesabları olmur.

İndiyə qədər pulu nağd, yaxud başqa təşkilatların vasitəsilə alırdılarsa, dəyişiklikdən sonra maliyyə məsələlərində problemlər ortaya çıxacaq”.

“Heç QHT-lərin ağlına da gəlmir ki...”

Xarici təcrübədən də danışan S.Məmmədov bildirdi ki, Amerika və Avropa ölkələrində QHT-lərin qeydiyyatını elə QHT-lərin özləri aparır: “Hər bir QHT maraqlıdır ki, aldığı qrant barədə cəmiyyətə məlumat versin. Bu, QHT üçün şəffaflığın göstəricisidir. İnkişaf etmiş ölkələrdə heç QHT-lərin ağlına gəlmir ki, hansısa maliyyə uçotunu gizlətsin. Belə bir şey mümkün də deyil. Bizdə bu məsələlər bir az başqa cürdür”.

Yeni qanunvericiliklə ianələrin də rəsmiləşdirilməsinə gəlincə, S.Məmmədov dedi ki, əgər təşkilat ianəni qəbul edirsə, onun maliyyə tərəflərini də qeyd etməlidir: “Şəffaf təşkilat bunu onsuz da edir. Əgər kimsə tutaq ki, bizim təşkilata ianə vermək istəsə, bunu bank yolu ilə keçirməsini təklif edərik, amma nağd vermək istəsə, bunu da rəsmiləşdirmək olar”.

S.Məmmədov bildirdi ki, təşkilatlarında heç bir problemin olmamasına baxmayaraq, belə bir layihənin gerçəkləşdirilməsini arzu etməzdi: “Biz onsuz da 100 manat alanda da qeydiyyatdan keçirdirik. Amma indiydək gizli fəaliyyət göstərən, şəffaflığı gözləməyən təşkilatlar yenə də işlərinə davam edəcəklər”.

“Qurunun oduna yaş yanmamalıdır”

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə düşünür ki, indiyədək mövcud olan sistem hökumətə QHT-lərə nəzarət etmək imkanı verirdi: “Şəxsən bizim təşkilat layihə alan kimi Ədliyyə Nazirliyinə bu haqda məlumat veririrk. Bunda heç bir problem yoxdur. Bu və ya digər şəxslər qrant alıb bundan başqa məqsədlərlə istifadə edirsə, müvafiq dövlət qurumları ölçü götürməlidir. Məncə, qurunun oduna yaşın da yanmasına əsas yoxdur”.

Sözügedən dəyişikliklə bağlı gün ərzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanovla əlaqə saxlamağa çalışsaq da, F.Qurbanov bütün günü iclasda olduğundan suallarımızı cavablandırmağa imkanı olmadı.

Lalə Musaqızı