QHT-lər üçün “bir pəncərə” nə vəd edir?
Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan
ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi
haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, 2017-ci il yanvarın 1-dən
xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların
verilməsi prosedurunda "bir pəncərə” prinsipi tətbiq edilsin. Xarici donorlar
tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir
pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata
keçirilməsi kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyinə, dini
qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər
qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyinə
həvalə olunsun.
Bu fərmanın vətəndaş cəmiyyətinin inkişafına nə cür təsir edə
biləcəyini ekspertlərlə müzakirə etdik. Onların fikrincə, imzalanan fərman
kifayət qədər əhəmiyyətlidir. Prezident
yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin
Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqovun fikrincə, bu fərman
Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının inkişafına yönəlmiş dövlət
siyasətinin davamıdır. QHT-lərin inkişafı, onların fəaliyyətində şəffaflığın və
hesabatlılığın artırılması məqsədilə həyata keçirilən bu siyasət nəticəsində
vətəndaş cəmiyyəti dövlət və ictimaiyyət üçün ciddi əhəmiyyət kəsb edən
proqramların hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edir:
"Bilirsiniz ki, iki il öncə QHT-lərin fəaliyyətində hesabatlılıq və şəffaflığın
artırılması məqsədilə qanunvericiliyə dəyişiklik edilmişdi. Heç kəsə sirr
deyildi ki, Azərbaycanda fəaliyyət göstərən, xüsusilə də, xaricdən maliyyələşən
bir sıra QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılıqla bağlı ciddi
problemlər vardı. Bu iki il ərzində həmin təşkilatlar saf-çürük edildi və
bəzilərinin barələrində hüquqi tədbirlər görüldü. Bəzi QHT-lərin qrant
vəsaitlərini təyinatı üzrə istifadə etməməsi, dövlət və milli maraqlara zidd,
xarici dairələrin mənafelərinə uyğun fəaliyyət göstərmələri ötən müddət ərzində
bir daha aşkara çıxarıldı. Bununla belə, iki il əvvəlki dəyişikliyin praktikada
meydana çıxara biləcəyi problemlərin öyrənilməsi məqsədiylə QHT-lərə Dövlət
Dəstəyi Şurası yanında QHT nümayəndələrindən ibarət Hüquq və Monitorinq
Komissiyası yaradılıb. Komissiya QHT-lərin, beynəlxalq təşkilatların
təkliflərini toplayaraq beynəlxalq donorların Azərbaycandakı fəaliyyətilə bağlı
qaydaların sadələşdirilməsi üçün təkliflər hazırladı. Bütün bunlar QHT-lərin
inkişafına və fəaliyyətlərinin şəffaflaşdırılmasına yönəlmiş addımlar idi.
Nəhayət, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və
fəaliyyətlərinin dəstəklənməsi, xarici donorlar tərəfindən Azərbaycan
ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılması məqsədilə "bir
pəncərə” prinsipinin tətbiqi barədə fərman imzalandı. Bu fərman vətəndaş
cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox ciddi addımdır”.
Yaradılan imkandan sui-istifadəyə yol vermə ehtimalları barədə danışan
R.Qonaqov QHT-lərin bu addımı layiqli qiymətləndirməli olduqlarını düşünür:
"Çünki dövlət onların qaldırdıqları problemlərin həllinə adekvat reaksiya
verib. Bu günə qədər QHT-ləri narahat edən bir sıra məsələlər vardı ki, bu
fərmanda onlar öz əksini tapıb. Fərman Azərbaycan vətəndaş cəmiyyəti ilə
hökumət arasında dialoqun bariz nümunəsidir. Fərmanda QHT-lərin xarici
donorlardan maliyyələşməsinin hüquqi proseduru göstərilib. Nazirlər Kabineti
nəzərdə tutulan müddətdə qaydaları hazırlayıb aidiyyəti üzrə təqdim edəcək.
Hesab edirəm ki, yaradılmış hüquqi mexanizm, qaydalar QHT-lərin yaradılan
imkanlardan sui-istifadəsinin qarşısını alacaq. Azərbaycanda vətəndaş
cəmiyyətinin inkişafında ilk növbədə dövlətin özü maraqlıdır. Zaman-zaman biz
dövlətin QHT-lərə dəstəyinin şahidi olmuşuq. Bu gün dövlətin dəstəyi olmadan
QHT-lərin inkişafından, effektiv fəaliyyətindən danışmaq mümkün deyil”.
Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov dedi ki,
vətəndaş cəmiyyətləri bu barədə çoxdan öz təkliflərini verirdi: "Prezident çox
sağ olsun ki, deyilənləri nəzərə alıb. Ümumiyyətlə, arzu edirik ki, təkcə
qrantların deyil, QHT-lərin qeydiyyatı da gələcəkdə kommersiya qurumları kimi
"bir pəncərə” sisteminə keçsin. Məlumdur ki, kommersiya qurumları vahid pəncərə
sistemi ilə qeydiyyatdan keçirlər. Amma QHT-lərin qeydiyyatında bu, yoxdur.
İstənilən halda, verilən qərarı alqışlayırıq. "Pəncərə”yə cavabdeh olan qurumu
Nazirlər Kabineti müəyyənləşdirməlidir. Düzdür, qeyri-kommersiya qurumları üçün
cavabdeh yenə də Ədliyyə Nazirliyi qalır. Kommersiya qurumları üçün isə
nəzarətçi İqtisadiyyat Nazirliyidir. Yəni sadə dillə desək, "pəncərə” hansında
olacaq? Nəzarətçi kim olacaq? Bunu isə Nazirlər Kabineti müəyyən edəcək.
Fərmandan irəli gələn vəzifələri, həyata keçirilməli olan mexanizmi onlar təyin
edəcəklər və bunu yaxın vaxtlarda gözləyirik. Çünki mexanizm gələn ilin yanvar
ayına hazır olmalıdır. Vaxt az qalıb. Nazirlər Kabineti mexanizmi hazırlayandan
sonra bu məsələni daha geniş şərh edə biləcəyik. İlkin vəziyyətdə də bu, çox
yaxşıdır. Bir neçə nazirliyə deyil, birinə müraciət ediləcək”.
Şəfa Tapdıq