• cümə axşamı, 25 aprel, 23:57
  • Baku Bakı 21°C

QHT-lər layihələrini icra edə bilmirlər

27.04.17 11:30 1066
QHT-lər layihələrini icra edə bilmirlər
Yüzlərlə QHT rəhbəri bankların göstərdiyi xidmətlərin məhdudlaşdırılması ilə əlaqədar Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Son günlər banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən QHT-lərə göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə qeyri-hökumət təşkilatının ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana gəlib.

Qeyd olunur ki, QHT-lər 15 min manatadək məbləğ çərçivəsində nağd qaydada hesablaşmaların aparılmasını həyata keçirə bilmirlər. Hazırda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən müsabiqə nəticələrinə əsasən müxtəlif layihələrinin icrası ilə bağlı ayrılmış maliyyə vəsaitləri QHT-lərin bank hesablarına köçürülsə də, bu vəsaitlərdən istifadə praktiki olaraq mümkünsüz hal alıb.

Bu səbəbdən QHT-lər ictimai əhəmiyyətli layihələrinin həyata keçirilməsi ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması və qanunvericiliklə müəyyən edilmiş 15 min manatadək məbləğdə hesablaşmaların nağd qaydada aparılmasının təmin olunmasına dair dövlət başçısından müvafiq göstəriş verməsini xahiş ediblər.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası mövcud qanunvericiliyin bəzi hissələrinin məhdudlaşdırılması ilə bağlı banklara tövsiyə xarakterli məktub göndərib: "Həmin məktuba əsasən, hər bir vətəndaş cəmiyyəti institutuna Şura tərəfindən ayrılan vəsaitin yalnız 5 min manatadək olan hissəsini nağd şəkildə götürmək imkanı verilir. Qanunda isə göstərilib ki, nağd qaydada hesablaşma aparılması mümkündür. Üzvü olduğum QHT-lərə Dövlət Dəstəyi Şurasının müsabiqəsindən sonra qalib təşkilatların hesabına pul köçürmələri edilib. Lakin təəssüflər olsun ki, qeyri-hökumət təşkilatları həmin vəsaiti çıxara bilmirlər. Nəticədə, yüzlərlə çox vacib layihə kənarda qalıb və bu səbəbdən də qeyri-hökumət təşkilatları prezidentə müraciət etdi”.

R.Qonaqov deyib ki, yeni qaydalar QHT-lərin fəaliyyətinə nəinki çətinlik yaradıb, ümumilikdə təşkilatların işini iflic edib: "Əslində, qanuna dəyişiklik edilərkən, çox güman, millət vəkilləri bunun təfərrüatına o qədər varmayıblar. Çünki parlamentdə kifayət qədər qeyri-hökumət təşkilatı rəhbəri olan deputatlarımız var. Qanunun tətbiqindən sonra artıq problemlər üzə çıxdı. Belə ki, Şura tərəfindən qalib olan təşkilatların bank hesabına pul köçürüldü və həmin vəsaiti almaq mümkün olmayanda qanuna belə bir düzəlişin olması məlum oldu. Biz qanunundan kənar heç nə istəmirik. Çünki nağd hesablaşmaların məhdudlaşmasını nəzərdə tutan qanunda göstərilib ki, 15 min manatadək nağd şəkildə hesablaşma aparmaq olar. Amma təəssüf ki, QHT-lərə bu imkan verilmir. Ona görə də biz Prezident İlham Əliyevə müraciət etdik”.

"İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası indiyədək Milli Məclisdə bir neçə qanun layihəsi ilə çıxış edib: "Hazırlanmış qanun layihələrinin mahiyyəti yaxşı səslənsə də, onu icra edə biləcək cəmiyyət hələlik formalaşmayıb. Belə ki, təklif olunan qanun layihələrinin bir çoxu digər qanunvericilik aktları ilə ziddiyyət təşkil edir. "Nağdsız hesablaşmalar haqqında” Qanunun 3,4 və 3,5 -ci maddələrinin implementasiyasına dair Palata tərəfindən 04/15-174 nömrəli verilən daxili qərarla banklar qanunun tələblərini ciddi şəkildə pozur. Azərbaycanda fəaliyyət göstərən 3000-dən artıq QHT-nin fəaliyyəti daxili qərarlar əsnasında sıxışdırılır və qanunun tələblərinin doğru icra olunmaması səbəbi ilə onların həyata keçirməkdə olduqları layihələrə və bilavasitə öhdəliklərinə ciddi problemlər yaradılır. Qanun layihəsinin icrasında tələskənlik göstərən bəzi banklar Palatanın daxili qərarı ilə "Qeyri-hökumət təşkilatları haqqında”, "Qrant haqqında” olan qanunlarının müddəalarını pozmaqdadır. Azərbaycanda bilavasitə vətəndaş cəmiyyəti institutları, xüsusilə gənclər təşkilatları bütün proseslərdə yaxından iştirak edib, dövlətimizin maraqlarının qorunmasında, gənclərin inkişafında əvəzsiz və aparıcı rola malik olublar”.

M.Seyidov əlavə edib ki, vətəndaş cəmiyyətinin, xüsusilə gənclərin birbaşa inkişafına yönəlmiş layihələr üçün Azərbaycanda 2 donor təşkilat mövcuddur: "Hər iki təşkilat Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb və onun yanında fəaliyyət göstərən fondlardır. Ümumilikdə, maliyyələşdirdikləri layihələrin məbləği il ərzində 6 milyon manatı keçməyən hər iki fond işini tam şəffaf şəkildə həyata keçirir və zərurət yaradan layihələrin maliyyələşdirilməsinə çalışır. Bu donor qurumları qeyri-hökumət təşkilatlarının fəaliyyətini daha da stimullaşdırır. Amma görünən odur ki, qanunun aliliyini nəzərə almayan və banklar üçün daxili qərar ünvanlayan şəxslər birbaşa bu təşəbbüsə qarşı çıxır. Vətəndaş cəmiyyəti institutlarının işini əngələ salmağa cəhd edir. Məlumat üçün qeyd edim ki, həyata keçirilən layihələrin əsas xəttini Azərbaycançılıq məfkurəsi təşkil edir. Buna görə də, 200-dən çox qeyri-hökumət təşkilatı adından Prezident İlham Əliyevə müraciət ünvanladıq. Həmin müraciətin bir nümunəsi də Palataya göndərilib”.

M.Seyidovun fikrincə, Azərbaycanda fəaliyyət göstərən QHT-lərin qeyri-kommersiya təşkilatı olduğunu, buna görə vergi ödəmələrindən azad edildiyini unudan palata tərəfindən banklara verilən daxili tapşırıq nəticəsində layihələrin icrasında çox ciddi gecikmələr və problemlər yaşanmaqdadır: "Bütün layihələr donor tərəfindən müsabiqə qalibi elan edildikdən sonra dövlət qeydiyyatına alınır və qeyri-hökumət təşkilatları Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin bildirişi əsasında banklarda əməliyyat edə bilir. Verilən qərar isə bu bildirişləri artıq təsdiqedici sənəd statusundan salır”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər