• cümə, 19 Aprel, 05:22
  • Baku Bakı 18°C

QHT-lər İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən qərar qəbul ediblər

29.05.13 14:54 1511
QHT-lər İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən qərar qəbul ediblər
Azərbaycan QHT-ləri Prezident İlham Əliyevə seçkilərdə dəstək veriblər. Trend-in məlumatına görə, "QHT sektorunun inkişafı məqsədilə ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində "QHT-hökumət dialoqunun gücləndirilməsi" adlı tədbirdə bununla bağlı müraciət qəbul olunub.
Tədbirdə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, QHT-lər Azərbaycan siyasətinə alternativ fəaliyyət ortaya qoyan qurumlardır. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən 600-dən çox QHT nümayəndəsinin Azərbaycan Prezidenti seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməsinin böyük əhəmiyyəti var. Həsənov 2013-cü il prezident seçkilərinin də tam şəffaf, demokratik keçəcəyinə əminliyini vurğulayıb.
PA rəsmisi Azərbaycanda dövlətin QHT-lərə dəstəyindən danışıb. O qeyd edib ki, hətta bəzi dövlət qurumları var ki, dövlət tərəfindən daima dəstək almır, QHT-lər isə mütəmadi olaraq dövlətdən yardım əldə edirlər. O, müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərə maliyyə dəstəyinin ayrıldığını vurğulayaraq, ayrı-ayrı nazirliklər tərəfindən də QHT-lərin layihələrinə maliyyə vəsaitinin ayrıldığını deyib.
Şöbə müdiri Azərbaycanın Dağlıq Qarabağ problemi, qaçqın və köçkünlərin problemlərinin beynəlxalq aləmə çatdırılması ilə bağlı layihələrə də qrantların ayrıldığını deyərək bu işdə beynəlxalq qurumlarla fəaliyyəti qeyd edib. O, eyni zamanda, bəzi beynəlxalq QHT-lərin Azərbaycanla bağlı açıqlamalarının və mövqelərinin subyektiv xarakter daşıdığını və reallığı əks etdirmədiyini vurğulayıb. Həsənov bildirib ki, həmin təşkilatlar sanki islam dünyasında xaos yaradılmasına çalışırlar.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətinin qurulması istiqamətində müstəqilliyin 20 ilində böyük addımlar atıb. O bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsini xüsusi qeyd edib. Rauf Zeyni deyib ki, ötən illər ərzində həm Bakıda, həm də regionlarda QHT-lərin bilik və bacarıqlarının artırılması, onların inkişaf proqramlarının həyata keçirilməsi, geniş layihələrin reallaşdırılmasında dövlət tərəfindən geniş dəstək göstərilib. O, xüsusi olaraq qeyd edib ki, milli maraqların müdafiəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan QHT-ləri əhəmiyyətli layihələr həyata keçiriblər.
Tədbirdə çıxış edən QHT rəhbərləri Azərbaycanda bu sahənin inkişafı üçün görülmüş işlərdən, qarşıda duran vəzifələrdən söz açaraq öz təkliflərini səsləndiriblər.
banner

Oxşar Xəbərlər