• cümə, 29 Mart, 10:07
  • Baku Bakı 5°C

Qəzetlər yayı necə keçirəcək?

21.06.17 10:30 938
Qəzetlər yayı necə keçirəcək?
Yay aylarında adətən insanların daha çox istirahətə üstünlük verməsi hər kəsə məlumdur. Xüsusilə də şəhərdə yaşayan və işləyən insanlar üçün belədir. Təhsil müəssisələrinin yay tətilinə çıxması, Milli Məclisin bu dövrü əhatə edən iclaslarının olmaması və sair faktorlar siyasi-ictimai aktivliyi az da olsa, aşağı salır. Bu qıtlıq Bakıda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin fəaliyyətinə də təsirsiz ötüşmür. Bu vəziyyət xüsusilə qəzetlərin fəaliyyətində özünü göstərir. Belə ki, gündəlik çıxan qəzetlər bir çox hallarda yay aylarında məlumat azlığından əziyyət çəkir. Ötən illərin təcrübəsinə əsaslansaq deyə bilərik ki, bir sıra qəzetlər yay aylarında ya səhifələrin sayını azaldır, ya da dövrülüyünü, ya da tirajını azaldır. Bəs görəsən bu gələn yay ayları necə olacaq?
"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirdi ki, onun rəhbərlik etdiyi qəzetdə artıq bununla bağlı bir təcrübə var: "22 iyul-Milli Mətbuat Günündən sonra ardıcıl şəkildə jurnalistləri məzuniyyətə gördəririk. Əməkdaşlarımızın hər biri 10-12 gün müddətində məzuniyyətdə olurlar. Həmin ərəfədə də, yəni avqust ayında qəzetin səhifələri azaldılır və 16-dan 8-ə endirilir. Yəqin ki, bu ildə belə olacaq”.
A.Aşırlının sözlərinə görə, yay ayları qəzetlər üçün "ölü ay” hesab olunur: "Ona görə də biz çalışırıq ki, həm jurnalistlərimiz istirahət etsin, həm də qəzet dayanmasın, fasiləsiz olaraq çıxsın. Lazımi olan təhlili yazılarımızı, müsahibələrimizi, reportajlarımızı dərc edək. Bu səbəbdən də avqust ayı ərzində qəzetimiz 8 səhifə həcmində dərc edilir. Sentyabrın 1-dən etibarən əvvəlki iş qrafikimizi bərpa edirik”.
"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qeyd etdi ki, yay ayları ilə bağlı qəzetin fəaliyyətində heç bir dəyişiklik edilməyəcək: "Bizdə hansısa dəyişikliklərlə bağlı plan yoxdur, adi qaydada işimizi dava etdirəcəyik. Əməkdaşlarımız da sırası ilə məzuniyyət haqlarından istifadə edəcəklər. Qəzet ötən dövrdə necə idisə, işini elə də davam etdirəcək”.
"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, fəsildən asılı olmayaraq rəhbərlik etdiyi qəzet sistemli olaraq fəaliyyətini davam etdirəcək: "Məzuniyyət məsələsinə gəlincə, qəzetimizdə qrafik təsdiq olunur və buna uyğun olaraq əməkdaşlarımız məzuniyyətə göndərilir. Ona görə də adi qaydada işimizi davam etdirəcəyik. Səhifələrin sayı məsələsinə baxacağıq. İmkanlarımıza uyğun olaraq, yəqin ki, qəzet gündəlik 16 səhifə dərc ediləcək. Amma yay ayları ərzində redaksiyanın iş həcmini azaltmaq kimi məsələlər nəzərdə tutulmur. Belə deyək, həmişə kimi öz işimizdə olacağıq”.
"Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramovun sözlərinə görə, rəhbərlik etdiyi qəzet nəşr olunduğu müddətdə heç vaxt səhifələrin azaldılmasına və digər bu kimi fəaliyyətin məhdudlaşdırılmasına getməyib: "Heç vaxt qəzetimizin səhifəsi azaldılmayıb. Həmişə olduğu kimi bu ildə qəzetimiz gündəlik olaraq 16 səhifə çıxacaq. Ancaq əməkdaşlarımızı məzuniyyətə göndərəcəyik. Bilirsiniz, bizim qəzet əvvəllər 24 və 32 səhifədə çıxıb. Ona görə də indi 16 səhifə çıxmağımızda heç bir problem yoxdur”.
"525-ci qəzet”in baş redaktorunun müavini Yusif Rzayev qeyd etdi ki, iyul ayından etibarən qəzetin əməkdaşları bir-bir məzuniyyətə göndərilir: "Təbii ki, bu müddətdə qəzetimizi səhifələri azalır. Misal üçün, şənbə günü istisna olmaqla 4 gün ərzində 8 səhifə çıxırıqsa, əməkdaşlarımızın məzuniyyəti dövründə qəzetin səhifəsi 4-ə enir. Onu da qeyd edim ki, iyul ayının yarısından etibarən əməkdaşların məzuniyyəti başlaya bilər. Bu da avqustun axırına qədər davam edir. Sentyabrın 1-dən etibarən "525-ci qəzet” yenə də əvvəlki qaydada nəşr ediləcək”.
"Bizim yol” qəzetininkommersiya direktoru Vüsal Yusubov qeyd etdi ki, qəzetin fəaliyyətində yay mövsümünə uyğun olaraq hər hansı dəyişikliklərin olacağı gözlənilmir: "Fikrimcə, ötən dövr ərzində necə çap olunmuşuqsa, eləcə də davam edəcəyik. Hazırda qəzetimiz 16 səhifədir və səhifələrin azaldılması gözlənilmir. Əməkdaşlarımızın məzuniyyət məsələsinə gəlincə, bu, növbəli şəkildə həyata keçirilir”.
Bəxtiyar Məmmədli
banner

Oxşar Xəbərlər