Qəzaya düşdü, əlil arabasına oturdu, qazax idmançının məsləhətini dinlədi və... – Portret
Yığma
komandamızın baş məşqçisini onun haqqında nikbin danışmağa sövq edən səbəb
nədir?
Atletika, idmanın
"kraliça"sı, Yay Olimpiya Oyunlarının olmazsa-olmazıdır. Dördilliyin
zirvə yarışında ən çox iştirakçı və izləyici auditoriyasına sahib növ olan
atletika, həm də fiziki məhdudiyyətli idmançıların sıx qərarlaşdığı növdür.
Romada keçirilən ilk Yay Paralimpiya Oyunlarında 10 ölkədən cəmi 31 atlet
yarışmışdısa, "Rio 2016"da 146 ölkənin 1140 təmsilçisi ən güclüləri
müəyyən etmişdi. Bu da ümumi iştirakçı sayının 1/4-dən də artıq rəqəmdir. Bir
ənənə kimi, Azərbaycan bu mübarizədə uğurla təmsil olunur. Olimpiadalarda
atletika nəticələrimizlə öyünmək imkanımız olmasa da, paralimpiadalarda
vəziyyət tam fərqlidir. Üçü qızıl olmaqla, üst-üstə 17 medal, sadəcə, altı belə
yarışda iştirak edən ölkəmiz üçün əla göstəricidir. Adət üzrə, astanasında
olduğumuz "Tokio 2020"də də əsas diqqət cüdo və atletika
mübarizələrinə yönələcək. Ötən ay Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində
keçirilən dünya çempionatında üç lisenziya qazanan komandamız, bu sayı ən azı
üç dəfə artırıb, "gündoğar ölkə"yə rekord sayda heyətlə yollanmaq
gücündədir. Bu barədə "Kaspi"yə komandamızın baş məşqçisi Oleq
Panyutin məlumat verib. Azərbaycanın para-atletika əfsanəsinin fikrincə, keçən
oyunlardan fərqli, bu dəfə "qızıl"sız qalmayacağıq. İkiqat
paralimpiya çempionunun ən çox inandığı idmançılardan biri, hətta birincisi
Elvin Astanovdur: "Kateqoriya dəqiqləşsə, o, birbaşa "qızıl"
üçün mübarizə aparacaq. Hesablamalara görə, Elvin ən iddialı
idmançımızdır".
Beləliklə, potensial paralimpiya mükafatçımızın tanıdılmasına başlayırıq.
15
yaşında könüllü hərbi xidmətə...
Astanov Elvin Əmrah oğlu
1979-cu ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunda, sadə kəndli
ailəsində dünyaya gəlib. Paralimpiyaçıların bir çoxundan fərqli, idmana meyli
ta uşaqlıqdandır. Belə ki, gözünü açandan ətrafında idmançı əmisini, qardaşını
görən Elvin, karate, güləş və digər döyüş növlərində özünü sınayıb. Qardaşları
Nurahim və Fərahim kimi müəyyən titulllar qazanmasa da, fiziki gücünə, eləcə də,
düşüncə tərzinə görə, yaşıdlarından çox seçilib. Təsadüfi deyil ki, cəmi 15
yaşında hərbi xidmətə könüllü getməyi qərara alıb: "Yeniyetməlik dövrümüz
ağır illərə düşdü. Yoxsa ki, oxumağa, ali təhsil almağa həvəsim çox idi. Əmim
Qarabağ müharibəsində şəhid olduqdan sonra bütün fikrim-zikrim cəbhəyə yönəldi.
Üç il dalbadal könüllü xidmətə getmək üçün müraciət etdim, nəzərə almadılar.
Nəhayət, 18 yaşımda əsgərliyə getdim. Hərbi xidməti bitirəndən sonra Daxili
İşlər Nazirliyi orqanında çalışdım. Polis Akademiyasına daxil olmaq istəyirdim,
keçirdiyim qəza planları tamam dəyişdi".
"Dedilər
ki, Azərbaycanda Oloxan adlı dünya rekordçusu var"
Elvin, 2007-ci ildə Xızı
rayonunun Giləzi qəsəbəsi ətrafında sərnişin kimi əyləşdiyi avtomobildə ağır
yol qəzası keçirir. Nəticədə, bel sümüyü sınır. İki il davam edən müalicə-bərpa
prosedurlarından sonra məlum olur ki, 28 yaşlı Astanov ömrünün qalan hissəsini
əlil arabası ilə keçirməli olacaq...
Əlbəttə, çox, olduqca çətin sınaqdır. Dünən sən enerji dolu idin, gələcəklə
bağlı müxtəlif xəyallar qururdun, yavaş-yavaş reallığa doğru yollar açılırdı,
bu gün isə vəziyyət tam fərqlidir. Bu durum nəinki cavan, hətta çox yaşlı
birinin də psixologiyasını alt-üst edə bilərdi. Lakin... O, sınmır, özünə
qapanmır. Özündə güc tapıb, aktiv həyata qayıtmağı qərara alır. Ona sadəcə, bir
güclü təkan lazım idi ki, bu da qazaxıstanlı paralimpiyaçıların sayəsində baş
tutur: "Təslimçilik mənim ruhuma yad olduğundan, sona qədər mübarizə
aparmaq istəyirdim. Burdakı həkimlər nə qədər ümidsiz danışsalar da, həm ailəm,
həm də mən çalışırdıq ki, nələrsə edək. Müalicə üçün Ukraynada yerləşən onurğa
sınıqları üzrə ixtisaslaşmış, dünyanın dörd bir tərəfindən xəstələrin üz
tutduğu sanatoriyaya getmişdim, orada qazaxıstanlı paralimpiyaçılarla həmsöhbət
oldum. Onlar mənə idmanla məşğul olmağı məsləhət gördülər. Dedilər ki,
Azərbaycanda Oloxan Musayev adlı dünya rekordçusu var. Düzü, nə Oloxanı
tanıyırdım, nə də paralimpiya hərəkatı haqqında doğru-düzgün məlumatım var idi.
Başım müalicələrə qarışmışdı deyə, maraqlanmamışdım. Ölkəyə dönəndən sonra
araşdırdım, Milli Paralimpiya Komitəsinə müraciət elədim. Onlar da məni
Bəxtiyar Zeynalovun yanına göndərdilər. Beləcə, artıq 8-ci ildir ki,
paralimpiyadayam".
Dubaydan
bir qucaq medalla
Nüvə itələmə ilə başlayan
Elvinin, Bəxtiyar Zeynalovla birgə məşqləri cəmi iki ay davam edir. Belə ki,
ilk addımları London Yay Paralimpiya Oyunları ərəfəsinə düşdüyündən, ona
lazımınca diqqət göstərilmir. 2013-cü ildən Oqtay Şaxtaxtinskinin yanında nizə
atma ilə məşğul olmağa başlayan Astanov, bu ilin yayınadək onunla çalışıb.
Hazırda isə ikiqat paralimpiya mükafatçısı Vladimir Zayetsin rəhbərliyi altında
nüvə itələmə üzrə hazırlıq keçir. İndiyədək adətən F-54 kateqoriyası üzrə nizə
atma yarışlarına qatılan Elvin, həm bu, həm disk atma, həm də sadəcə, fiziki
gücü hesabına nüvə itələmədə bir sıra mükafatlar qazanıb. Kolleksiyasında
BƏƏ-nin Dubay və Şarja şəhərlərində, eyni zamanda Tunisdə keçirilən Qran
Pri-lərin ondan çox medalı yer alır. İlk mükafatı (nüvə itələmə, gümüş) 2013-cü
ilə təsadüf edibsə, sonuncu dəfə bu ilin iyununda Tunisdə nizədə ikinci, nüvədə
üçüncü pillədə yer alıb. Avropa və dünya çempionatlarına gəlincə, ötən il əsas
qitə yarışında mükafatın bir addımlığında dayanıb, keçən ay Dubayda keçirilən
mundialda səkkizinci nəticə göstərib. Təəssüf ki, "Rio 2016" onun
üçün əlçatmaz olub.
Panyutinin
nikbinlik səbəbi
Son dünya çempionatında
para-atletlərin növbəti tibbi yoxlanışı baş tutdu ki, nəticədə, Astanov F-53
kateqoriyası aldı. Burada isə nizə atma deyil, nüvə itələmə növü mövcuddur.
Beləliklə, o, martdan etibarən lisenziya yarışlarında qüvvəsini sınayacaq.
Panyutini nikbin danışmağa sövq edən konkret faktlar. var. Belə ki, indiyədək
heç bir xüsusi hazırlıq olmadan, sadəcə, fiziki gücü hesabına beynəlxalq yarışlarda
nailiyyət qazanan Elvinin atışları, hazırda bu kateqoriya üzrə yarışan
idmançıların hamısını üstələyir.
"Gəzə
bilmədiyimi də unuduram"
İlk addımlarında yaşadığı
çətinliklərdən danışan paralimpiyaçı, hərəkata üzv olduğu ötən yeddi il ərzində
özünəinamının əhəmiyyətli dərəcədə bərpa olunduğunu qeyd edir: "Oloxan
Musayevdən sonra ikinci əlil arabası istifadəçisi kimi məşqlərə başladım. Hər
işdə ilk addımlar çətin olur. Həm də nəzərə alsaq ki, mənim o vaxt artıq 33
yaşım vardı, uyğunlaşmağım ikiqat əziyyətlə başa gəldi. Mənimlə eyni durumda
olanlar gəlirdi, lakin çox qısa vaxtdan sonra bezib gedirdilər. Şükürlər olsun,
o çətin mərhələni keçib, bu günlərə gələ bilmişəm. Məşq, yarışlar, səfərlərdən
qalan təəssüratlar başımı o qədər qatır ki, çox vaxt gəzə bilmədiyimi də
unuduram".
Onu həyata bağlayan
səbəblər tək bununla yekunlaşmır, əslində. 14 ildir həm də ailə başçısı olan
Elvin, iki övlad atasıdır. Yeri gəlmişkən, Elnur və Raul də ata və əmilərinin
yolu ilə gedir.
Portret
Vacib olan qazanmaq yox,
yarışmaqdır. Əsas şərt qalib gəlmək deyil, yaxşı mübarizə aparmaqdır. Müasir
Olimpiya Oyunlarının qurucusu Pyer de Kubertenə məxsus olan bu sözlər, sizlərə
yaxşı tanışdır, çox güman. Paralimpiyaçılar üçün isə ən mühüm şərt, özündə güc
tapıb, bu yola qədəm qoymaqdır. Azərbaycanda məhdudiyyətləri aşıb, cəmiyyətdə
özünə layiqli yer tutan yetərincə mübariz insan var. Bu günədək belə
insanlardan çox bəhs etmişik, hələ bir o qədər də yazılmamış həyat hekayələri
öz növbəsini gözləyir. Heç şübhəsiz ki, gənc yaşda başına gələn bədbəxt
hadisənin ağır yükünü ram edib, uğurları sıralayan Elvin Astanov, ən parlaq
nümunələrdən biri, bizə, gənclərə əsl örnək olacaq insandır.
Söhbətimizdən belə qənaətə gəldik ki, hələ azı on il də idmanda qalacaq. Sağlıq
olsun, tezliklə olimp zirvəsində görüşərik...
Sahib