Qeyri-neft sənayesinin 15 faizlik artımı dünya miqyasında rekord göstərici hesab oluna bilər
Əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilən sosial-iqtisadi siyasət, geniş vüsət alan quruculuq və abadlıq
tədbirləri Azərbaycanın hərtərəfli inkişafına səbəb olub. Məhz bu siyasət
nəticəsində ölkəmizin paytaxtı ilə regionları arasında fərq azalıb, neft
sektoru ilə yanaşı, qeyri-neft sektoru da inkişaf etdirilib, böyük sahibkar
ordusu yaranıb, ümumilikdə iqtisadi tərəqqi əldə edilərək vətəndaşların sosial rifah
halı ilbəil yaxşılaşdırılıb. Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən
iqtisadi müşavirədə səsləndirilən faktlar Azərbaycan iqtisadiyyatının cari
ildə də inkişaf etdiyini göstərib. Müzakirələrdə Birinci vitse-prezident
Mehriban Əliyeva, Baş Nazir Əli Əsədov, Azərbaycan Prezidentinin iqtisadi
siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir
Şərifov, İqtisadiyyat naziri Şahin Mustafayev, Vergilər naziri Mikayıl
Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi
Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı
direktoru Şahmar Mövsümov çıxış etdilər.
Prezident İlham Əliyev cari
ilin doqquz ayının sosial-iqtisadi göstəricilərinin müsbət olduğunu, iqtisadi
artımın təmin edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, qeyri-neft sektorunda
iqtisadi artım 3 faizdən çoxdur. Dövlət başçısının sözlərinə görə, bu,
şaxələndirmə ilə bağlı tədbirlərin nəticə verməsi ilə əlaqədardır: "Biz
istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün
kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan
maksimum səmərə ilə istifadə etməliyik. Yenə də qeyri-neft sənayesi sahəsində
yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox
artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə
qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə
bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında
rekord göstərici hesab oluna bilər”.
Ölkə başçısı İlham Əliyev son
illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulduğunu vurğulayıb. Deyib
ki, kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilib: "Mən, eyni
zamanda, əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər
investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli
şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3
faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə,
kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır. Digər iqtisadi
göstəricilərimiz də çox müsbətdir. Bizim xarici dövlət borcumuz çox aşağı
səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu
göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm
ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara,
ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək
pillədə olması əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz
dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu
bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici
dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur”.
Prezident İlham Əliyev inflyasiyanın
çox aşağı səviyyədə - 2 faizdən bir qədər çox olmasına da diqqət çəkib. O
bildirib ki, bu il çox ciddi və böyük sosial paket reallaşıb, 4 milyon 200
mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb, pensiyalar, əməkhaqları,
müavinətlər artırılıb: "Bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib
və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu. Buna baxmayaraq,
inflyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin
gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir”.
Müşavirədə səsləndirilən
faktlarla bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Tahir Mirkişili hazırda ölkəmizdə mühüm sosial-iqtisadi islahatlar həyata
keçirildiyini və uğurlu nəticələrin göz qabağında olduğunu söyləyib. Deputat
qeyd edib ki, oktyabrın 15-də Azərbaycan Prezidentinin yanında keçirilən
iqtisadi müşavirəni üç mühüm hissəyə bölmək olar: "Birincisi ölkədə yaradılan
iqtisadi və sosial şəraitdir ki, bu da beynəlxalq reytinqlərdə kifayət qədər
yüksək qiymətləndirilir. Həmçinin biznesin uğurla aparılması, ölkənin
potensialı, dövlət orqanlarının gələcəyə baxışları da bu sıraya aiddir. Azərbaycan
Qlobal Rəqabətlilik Hesabatında mühüm irəliləyiş əldə edib və dünyada ən çox -
11 pillə irəliləyən ölkə olub. Azərbaycanın "Doing Business"də
dünyanın ən çox islahat aparan 20-ci ölkəsi olması əslində o deməkdir ki,
Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı üçün kifayət qədər yetərli zəmin
yaradılıb. İkinci istiqamət yaradılan bu zəmindən sonra ölkədəki müvafiq
iqtisadi artım, bununla bağlı Prezidentin qeydləri idi. Burada diqqəti cəlb
edən mühüm məqamlardan biri ondan ibarətdir ki, bir çox sahələr üzrə
Azərbaycanda rekord artım müşahidə olunur. Məsələn, qeyri-neft sənayesinin 15
faiz, kənd təsərrüfatı sektorunun 7 faiz artmasını göstərmək olar. Bunlar
Azərbaycanda aparılan iqtisadi islahatların real nəticələrini özündə əks
etdirir”.
Millət vəkili deyib ki,
Azərbaycanın ehtiyatları kifayət qədərdir, iqtisadiyyatımız daha çox böyüyə
bilər. Onun fikrincə, əslində aparılan iqtisadi islahatlar və yaranmış biznes
mühiti iqtisadiyyatımızın bütün sektorlarının daha sürətli inkişafına imkan
yaradır: "Buna nail olmaq üçün ortada olan əngəlləri aradan qaldırmaq lazımdır.
Bununla bağlı bir daha ölkə başçısı sərt xəbərdarlığını etdi. Azərbaycan
iqtisadiyyatının daha sürətli inkişafı üçün iqtisadi ehtiyatlar mövcuddur. Bu
ehtiyatları daha səmərəli istifadə etməklə, daha aktiv, dinamik şəkildə
bir-biri ilə uzlaşdırmaqla həm ümumi daxili məhsulda, həm də qeyri-neft
sektorunun inkişafında yaxşı nəticələr əldə etmək mümkündür. Üçüncü istiqamətə
gəldikdə, iqtisadi inkişafın daha sürətli getməsinə, eyni zamanda,
iqtisadiyyatın həcminin daha çox artmasına əngəl törədən amilləri qeyd etmək
olar. Müşavirədə Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə
əlaqədar kifayət qədər sərt şəkildə xəbərdarlıq etməsi bunu deməyə əsas verir
ki, Azərbaycanda bu mənfi hallarla mübarizə daha da gücləndiriləcək. Həm yeni
mexanizmlərin yaranması, həm də yeni faktaraşdırıcı, elektronlaşma
mexanizmlərinin tətbiqi şəffaflığın artırılmasında, korrupsiya və rüşvətxorluğa
qarşı mübarizədə təsirli addımlar olacaq”.
İqtisadçı
ekspert Vüqar Bayramlı da qəzetimizə açıqlamasında bu ilin 9 ayı ərzində
Azərbaycan iqtisadiyyatında artımın daha çox qeyri-neft sektoru istehsalı ilə
formalaşdığını söyləyib. Ekspert bildirib ki, praktik olaraq qeyri-neft
sektorundakı artım ümumi iqtisadiyyatdakı artım tempinin qorunub saxlanmasına
imkan yaradır: "Qeyri-neft sənayesində 15 faiz artım qeydə alınıb və bu da
ondan xəbər verir ki, artıq mərhələli şəkildə biz iqtisadi artımın neft
sektorundan qeyri-neft sektoruna transfer olunmasını müşahidə edirik. Bu,
iqtisadi inkişafın dayanıqlığı baxımından vacibdir. Eyni zamanda, 2019-cu ilin
9 ayının yekunları Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması
ölkəmizdə gedən islahatların beynəlxalq qurumlar, o cümlədən beynəlxalq
qiymətləndiricilər və maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi
ilə yadda qaldı. Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan
dünyanın ən çox islahat aparan ölkəsi sırasına daxil olundu. Ötən il də Azərbaycan
məhz dünyanın ən islahatçı ölkələri sırasında idi. Digər iqtisadi
rəqabətqabiliyyətli indeksində də ölkəmiz öz mövqelərini yaxşılaşdıra bildi. Bu
da ondan xəbər verir ki, əslində, islahatlar bir tərəfdən makroiqtisadi
sabitliyin qorunub saxlanmasına, artım tempinin formalaşmasına, həm də
beynəlxalq səviyyədəki mövqeyimizin möhkəmlənməsinə səbəb oldu. Bu baxımdan
2019-cu ilin 9 ayının yekunları iqtisadiyyatın diversifikasiyası baxımından
müsbət qiymətləndirilməlidir. Nəticələr göstərir ki, iqtisadiyyatın mərhələli
şəkildə neft sektorundan qeyri-neft sektoruna diversifikasiyası müşahidə
olunmaqdadır”.
Rufik
İSMAYILOV