AZE | RUS | ENG |


Qeyri-neft sektorunun inkişafı üçün bütün potensial istiqamətlər təyin edilib

Qeyri-neft sektorunun inkişafı üçün bütün potensial istiqamətlər təyin edilib
Ekspertlərin fikrincə, qeyri-neft məhsullarının geniş istehsalı və ixracatı üçün dövlət tərəfindən zəruri şərait yaradılıb

Bu günlərdə Yevlax rayonunda qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsi keçirilib. Müşavirəni giriş sözləri ilə açan Prezident İlham Əliyev bu müşavirənin böyük əhəmiyyəti olduğunu qeyd edib: "Əminəm ki, müşavirədən sonra bizim qeyri-neft ixracımız artacaq. Bunu deməyə əsas var. Çünki son illər ərzində Azərbaycanda ciddi islahatlar aparılmışdır, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul edilmişdir, sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilmişdir və göstərilir. Beləliklə, biz qeyri-neft ixracının artırılmasına nail ola bilmişik”. 

Dövlət başçısı bildirib ki, əslində bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir: "Biz bu yolla gedirik. Sahibkarlarla mənim müntəzəm olaraq ildə bir neçə dəfə görüşlərim keçirilir. Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilmişdir. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca, bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar”.

Daha sonra müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək bəzi məqamları qeyd edib: "Son illər dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin, xüsusilə Azərbaycanın ənənəvi əsas ixrac məhsulu olan neftin qiymətinin kəskin enməsinin iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatların mühüm istiqamətlərindən biri də qeyri-neft məhsulları ixracının artırılması, yeni bazarlara çıxışının təmin olunmasıdır”.

Görülən bütün bu tədbirlərin fonunda qeyri-neft məhsullarının ixracı yavaş-yavaş artmağa başlayıb. Bəs görəsən bu sahənin sürətli inkişafı üçün daha hansı tədbirlər görülməlidir? 
 
 

Milli Məclsin İqtisadi siyasət, səanye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, sözügedən müşavirənin keçirilməsi bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir: "Dövlət proqramlarının ana xəttini təşkil edən maddələrdən biri də regionların tarazlı inkişafıdır. Müşavirənin  regionda keçirilməsi məhz dövlətin bu sahəyə diqqəti və siyasi dəstəyini  nümayiş etdirdi. Artıq qeyri-neft sektorunun inkişaf templəri bizi qane edir və bu sahədə müəyyən irəliləyişlər mövcuddur. Təkcə bu ilin birinci rübündə iki faiz artım əldə olunub. Hesab edirəm ki, dövlət başçısı hansı sahələrin inkişaf etdirilməsi ilə bağlı bütün istiqamətləri müəyyənləşdirib. Qeyri-neft sektorunun inkişafı üçün bütün potensial istiqamətlər təyin edilib. Kənd təsərrüfatında şərabçılıq, pambıqçılıq, fındıqçılıq, üzümçülük, baramaçılıq, eləcə də ənənəvi sahələrdən toxuculuq və digər məhsullarımız dünya bazarına çıxarılıb. O, cümlədən, gümüş, dəmir və filiz yataqları ilə əlaqədar çox böyük perspektivlərin olduğu müəyən edilib. Azərbaycan kosmik ölkələr sırasına daxildir. Bizim artıq üçüncü peykimiz orbitə çıxarılacaq. Həm kənd təsərrüfatı, həm sənaye sahələri, eyni zamanda, informasiya  texnologiyaları  sahəsində Azərbaycanın geniş potensialı var. Bütün bu imkanlardan maksimal şəkildə istifadə edilməsi üçün göstəriş verilib. Bu sahələrin müəyyənləşdirilməsi ilə yanaşı, onların hərəkətə gətirilməsi üçün qanunvericilik bazasına müəyyən dəyişikliklər də edilib. Siyasi və maddi dəstək var. Mühüm dəyişikliklərin aparılması ölkənin ixracyönümlü, rəqabətədavamlı məhsullarının dünya bazarına çıxarılmasını təmin edir”.
 
 

İqtisadçı-ekpsert Rəşad Həsənov mövzu ilə bağlı fikirlərini bölüşərək  qeyd etdi ki, qeyri-neft sektorunun inkişafından danışarkən iqtisadi idarənin tam liberallaşdırılması mütləqdir: "Hazırda bu istiqamətdə müəyyən addımlar atılır. Görülən tədbirlər, məmur müdaxilələrinin qarşısının alınması, müəyyən sahələrdə lisenziyaların ləğv edilməsi bu sahəyə öz müsbət təsirini göstərir. Amma ilk növbədə rəqabətə davamlı yerli istehsal olmalıdır. Təəssüflər olsun ki, yerli istehsalın təmin edilməsi üçün atılan addımlar hələlik qənaətbəxş səviyyədə deyil. Düzdür, bununla bağlı strateji yol xəritələri imzalanıb. Lakin  bunun üçün müəyyən zaman lazımdır. Qeyri-neft ixracının şaxələndirilməsindən danışırıqsa, xarici kapital axınını təmin etməliyik. Xarici investisiyaların yatırılmasına və xarici təcrübənin öyrənilməsinə ehtiyac var. Yerli istehsalı təmin etmək üçün ölkənin investisiya reputasiyasını qaldırmalıyıq. Bu isə son nəticədə Azərbaycan məhsullarının və «Made in Azerbaijan» brendinin dünyaya çıxışını asanlışdıran və genişləndirən məqamlardan biridir”.

İqtisadçı bəzi məqamları da qeyd etdi: "İxracat subsidiyalarının tətbiq edilməsi prosesinə start verilib. Qeyri-neft məhsullarının ixracı prosesinə  dəstək üçün ölkə başçısı tərəfindən imzalanan sərəncam məhz bu məqsədi daşıyır. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalı prosesinin subsidiyalaşdırılması mexanizminin təkmilləşdirilməsi istiqamətində işlər görülür. Ard-arda bir sıra məhsullar bu siyahıya daxil olur. Əvvəlki dövrlərdə sahəyə verilən subsidiyalar hazırda məhsula verilən subsidiyalarla əvəz edilir ki, bu da intensiv təsərrüfatın inkişafını dəstəkləyir. "Azeksport” saytı azərbaycanlı sahibkarların məhsullarının dünya bazarına çıxışını təmin edilməsində və tanıdılmasında əhəmiyyətli rol oynayır. Yerli sahibkarların məhsullarının dövlət tərəfindən maliyyələşmə yolu ilə beynəlxalq sərgilərə çıxarılması da bu prosesə öz təsirini göstərir. Düşünürəm ki, kiçik və orta sahibkarlıq istiqamətində səylər artırılmalı və onlar üçün maliyyə əlçatanlığı təmin edilməldir. Hesab edirəm ki, hökumətin liberal iqtisadi mühitin formalaşması istiqamətində səmimi siyasi iradə ortaya qoyması nəticəsində orta və uzunmüddətli dövr ərzində bu sahədə uğurlu nəticələr əldə edə bilərik”. 

Şəbnəm Mehdizadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6942
GBP 1 İngilis funt sterlinqi 2.1858
TRY 1 Türk lirəsi 0.4759
KWD 1 Küveyt dinarı 5.5856
SEK 1 İsveç kronu 0.1942
EUR 1 Avro 1.8627
CHF 1 İsveçrə frankı 1.7155
USD 1 ABŞ dolları 1.7025