• cümə, 26 Aprel, 02:18
  • Baku Bakı 16°C

"Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq" mövzusunda keçirilən ikigünlük seminar başa çatıb

11.10.16 19:40 972
"Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq" mövzusunda keçirilən ikigünlük seminar başa çatıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə "Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq" mövzusunda keçirilən ikigünlük seminar işini oktyabrın 11-də müzakirələrlə davam etdirib.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixail Georq Link, Avropa kilsələri şurasının icraçı katibi Elizabet Kitanoviç, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, ilahiyyatçı-alim Aqil Şirinov, dini konfessiyaların nümayəndələri və gənclər iştirak ediblər.

Seminar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Din və etiqad azadlığı üzrə baş məsləhətçisi Kişan Manocanın moderatorluğu ilə effektiv dinlərarası dialoqun asanlaşdırılması mövzusunda müzakirələrlə başlayıb.

Avropa Kilsələri Konfransının icraçı direktoru Elizabet Kitanoviç çıxış edərək bu cür müzakirələrin təşkil edilməsinin digər dinlərə və mədəniyyətlərə hörmətlə və dözümlü yanaşmaq üçün geniş imkanlar yaratdığını deyib.O bildirib ki, dini dözümsüzlüyün aradan qaldırılması çox mühüm problemdir.

DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycanda dinlərarası dialoqun vəziyyəti barədə məlumat verərək bildirib ki, ölkəmizdə bütün dini konfessiyaların nümayəndələri arasında bərabərlik mövcuddur. Dini müxtəlifliyə hörmətin və tolerantlıq ənənələrinin yüksək səviyyədə olduğunu deyən N.Məmmədli Azərbaycanda bu mühitin tarixinin qədim olduğunu bildirib. O qeyd edib ki, müxtəlif dinlərə, mədəniyyətlərə qarşı dözümlülük Azərbaycan müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev tərəfindən dövlət siyasətinin əsaslarından birinə çevrilib. N.Məmmədli bildirib ki, ölkəmizdə məzhəblərarası ayrı-seçkilik müşahidə edilməyib, mütəmadi olaraq dövlət tərəfindən İslam və qeyri-İslam dini icmalarına maliyyə vəsaiti ayrılır. Ölkəmizdə 27 qeyri-islam, 700-dən artıq İslam dini icması fəaliyyət göstərir və Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq, onlar hamısı dövlətin qayğısını hiss edirlər.

Daha sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixail Georq Link çıxış edib. O bildirib ki, dinlərarası dialoqun asanlaşdırılması üçün Azərbaycanın təcrübəsindən yararlanmaq olduqca vacibdir. Seminarın məlumat və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu deyən Mixail Link Azərbaycanda dəfələrlə səfərdə olduğunu bildirib. O deyib ki, Azərbaycanda müşahidə etdiyi dini dözümlülük mühiti, insanların digər dinlərin, xalqların nümayəndələrinə humanist münasibəti, müxtəlif dinlərin nümayəndələrinin sərbəst şəkildə dini abidələri ziyarət etməsi, rahat şəraitdə ibadət etmələri onu heyrətləndirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək Azərbaycanın din tarixi barədə seminar iştirakçılarına geniş məlumat verib. O bildirib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri sülh və qardaşlıq mühitində yaşayırlar. Azərbaycanın dinlərarası dialoq fəaliyyətləri üçün tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan ölkə olduğunu deyən Səyyad Salahlı bugün bu sahədə dünyanın dialoqa böyük ehtiyacı olduğunu vurğulayıb. O bildirib ki, dinlərarası dialoqun və əməkdaşlığın reallaşmasında din xadimlərinin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Bəşəriyyətin gələcək taleyi və sabitliyi müəyyən mənada dinlər və mədəniyyətlərarası dialoqun baş tutmasından, eləcə də birgə əməkdaşlığın genişlənməsindən asılıdır.

Səyyad Salahlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə baş tutan ikigünlük seminarın bu sahədə uğurlu olacağına əmin olduğunu bildirib.

Seminar işini müzakirələrlə və çıxışlarla yekunlaşdırıb.




banner

Oxşar Xəbərlər