• çərşənbə axşamı, 19 mart, 10:58
  • Baku Bakı 8°C

Qətərə qarşı baş verənlərdə ərəb rəqabəti, ənənəvi İran faktoru və İsrail amili ciddi önəm daşıyır

07.06.17 11:00 4672
Qətərə qarşı baş verənlərdə ərəb rəqabəti, ənənəvi İran faktoru və İsrail amili ciddi önəm daşıyır
Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Afrika ölkəsi Mavrikiy də qoşulub. Hətta bəzi ölkələr bu bəyanatın ardınca Qətərlə sərhədlərini də bağlayıblar. Bununla yanaşı, Səudiyyə Ərəbistanının informasiya və mədəniyyət nazirliyi Qətərin "Əl-Cəzirə” telekanalının ölkədəki ofisinin bağlanması və telekanalın Səudiyyədə yayımı ilə bağlı lisenziyanın ləğvi haqqında qərar verib. Sözügedən qərar Əl-Cəzirənin terror təşkilatlarının planlarını təşviq etməsi, Yəməndəki Husi silahlılarını dəstəkləməsi, Səudiyyə Ərəbistanının daxili işlərinə qarışması və qarşıdurma yaratması səbəbi ilə əlaqələndirilib. Qətər Xarici İşlər Nazirliyi baş verənlər barədə bəyanat yayaraq, 4 ərəb ölkəsinin rəsmi Doha ilə diplomatik münasibətləri kəsmək barədə qərarını əsassız sayıb. Yaxın Şərqdə baş verən bu proseslərlə bağlı "Kaspi”nin suallarını siyasi şərhçi Vüqar Zifəroğlu cavablandırır.
- Vüqar müəllim, bu günlərdə 8 ölkə Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək, rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Qətər ünvanına səsləndirilən bu ittihamlar nə dərəcədə əsaslıdır?
- Təbii ki, ciddi səbəblər var. Son 5 ildə ciddi rəqabət içində olan Səudiyyə Ərərbistanı ilə Qətər arasındakı münasibətlərin açıq müstəvidə kəskinləşməsi diqqət çəkicidir. Rəsmi Dohanın ünvanına səslənən ittihamlar kifayət qədər ciddidir. Qətər terrora dəstək verməkdə günahlandırılır. Səbəb bu kiçik, lakin strateji əhəmiyyətə malik olan ərəb ölkəsi rəsmilərinin "Hizbullah” və "Hamas”a yönəlik açıqlamalarda onları terror deyil, "dirəniş” təşkilatları kimi qəbul etməyin lazım olduğunu açıqlamalarıdır."İxvan-ül Müslimin” hərəkatına kifayət qədər ciddi siyasi və ideoloji dəstək saxlayan bu sünni ərəb ölkəsinin birdən-birə İrana bağlı olan təşkilatlara belə isti münasibət sərgiləməsi, hələ bunun ABŞ prezidentinin kifayət qədər ciddi müzakirə predmeti olan Yaxın Şərq səfərindən çox az müddət sonra baş verməsi, təbii ki, ciddi səbəblərlə əlaqədardır.Burada ərəb rəqabəti, ənənəvi İran faktoru, İsrail amili də ciddi önəm daşımaqdadır. Bu sadalananların hər biri münasibətlərdəki gərginliyi açan kilid məqamlardır. Ərəb ölkələri arasında siyasi rəqabət içində daha çox olan iki ölkə məhz Qətər və Səudiyyə Ərəbistanıdır. Bu isə son dərəcə mürəkkəb və rəngarəng olan İslami siyasi-ideoloji hərəkatda özünəməxsus yeri olan mühafizəkar-sələfi cərəyanda liderliyi üstlənmə çabasıdır. Qətər, Misirdə yaranmasına rəğmən, mühafizəkar cərəyanlar arasında kifayət qədər ciddi mövqeyə malik olan "İxvan” – "Müsəlman qardaşlar” hərəkatına dəstək verərək, Səudların 20-ci əsrin əvvəllərindən etibarən öz nəzarətləri altında saxladıqları sələfi-mühafizəkar hərəkata müdaxilə imkanları əldə etməkdə idi. "Ərəb baharı”ndan sonra ard-arda Tunis, Əlcəzair və Misirdə "əxi”lərin əldə etdikləri siyasi qələbələr, heç şübhəsiz ki, həm də Qətərin qələbələri idi. Və sonrakı proseslərdə bu hərəkatın öz mövqelərini itirməsi, hətta bir çox ölkələrdə qadağalara məruz qalmaları da, şübhəsiz ki, Qətərin mövqelərinə vurulmuş zərbələr idi. Bu qarşıdurmanın pik həddi isə 2013-cü ilin iyulunda Misirdə yaşandı. Qətər "İhvana” tam mənası ilə dəstək verən ən başlıca dövlətdir. Vurğulamaq lazımdır ki, "İxvan”-Sələfi qarşıdurmasının nəticəsidir ki, Misirdə Mursi iqtidarı hərbçilər tərəfindən hakimiyyətdən salınarkən yerli sələfilər orduya dəstək verdiklərini gizlətmədilər.Təkcə Misirdə deyil, son 2 ildə Liviya və Suriyada da bu iki ərəb ölkəsinin maraqları ciddi şəkildə kəsişməkdədir və onların dəstəklədikləri qüvvələr kəskin şəkildə fərqli yönlərdə təmsil olunmaqdadırlar. Hətta bu iki ölkə Liviyada iki fərqli hökuməti də dəstəkəməkdə idilər. Suriyadakı müxalifət içində parçalanmalar da biri-biri ilə rəqabət içində olan bu iki ölkənin fərqli qruplaşmaları dəstəkləmələrinə yol açmaqdadır. Qətər əgər, yerli sünni-ərəb əşirətlərinə yardım və dəstək verirsə, Səudiyyə daha çox üçüncü ölkələrdən gələn və müxalifət tərəfində döyüşən qüvvələri dəstəkləyir. Hər iki ölkə Əsədin devrilməsində həmfikir olsalar da, müxalifət içində öz güclərini artırmaq niyyətindədirlər və post-Əsəd dövrünə maraqlarına uyğun alternativləri formalaşdırmaq niyyətindədirlər. Bu zaman diqqət çəkən məqam odur ki, müxalifətin siyasi qanadında Səudiyyə Ərəbistanı, hərbi qanadında isə Qətər nüfuzludur.
- Qətərlə diplomatik münasibətlərin kəsilməsi Yaxın Şərqdə böhran vəziyyətini aradan qaldıracaqmı?
- Əlbəttə ki, yox. Əksinə, bu qarşıdurmanı daha da dərinləşdirə bilər. Lakin əks tərəfin verdiyi mesajlardan da göründüyü kimi, tərəflər böhranın daha da dərinləşməsinə yol verməyəcəklər. Qətər ərəb ölkələri ilə münasibətlərinə son dərəcə həssas yanaşır və durumun daha da kəskinləşməsində maraqlı deyil. Səudiyyə Ərəbistanı isə İran faktoruna görə Qətəri öz sıralarında görməyi hədəfləyir. Bu səbəbdən münasibətlərin normal məcraya düşməsi və gərginliyin azaldılması məqsədi ilə bir yol xəritəsinin ortaya atılacağı mümkündür. Zatən bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət katibi Ənvər Qarqaş müvafiq açıqlama ilə çıxış edib.
- Siz əvvəlki suallara cavabınızda baş verən hadisələrdə İran faktorunu vurğuladınız. Bəs Rusiyanın hadisələrdə rolu nə dərəcədədir?
- Rusiya baş verən proseslərdə kilid isim deyil. Buna baxmayaraq Moskva bölgədə ciddi maraqları olan bir güc olaraq baş verənlərdən maksimum dərəcədə yararlanmağa çalışacaq və öz vasitəçilik missiyasını təklif edəcək. Lakin İran faktoru əhəmiyyətlidir. Hələ iki il əvvəl Qətərli diplomatların Livanda "Hizbullah” rəhbərliyi ilə görüşmələri və ardınca da bu ölkənin xarici işlər nazirinin Suriya problemində İranın rolunun "həyati əhəmiyyət” daşımasını açıqlamasına diqqət çəkmək istərdim. Ümumiyyətlə, bölgədə İranı ciddi təhdid olaraq görən Səudiyyədən fərqli olaraq, Qətər "bölgədə güclü bir İran istəyirmiş” kimi görünür. Yəni burada biz daha loyal münasibətin şahidi olmaqdayıq. Xüsusi vurğulamaq istərdik ki, Qətərin təcridi siyasətində önəmli məqam məhz İrana olan bu loyal münasibətdir. Trampın iqtidara gəlişi ilə İranla münasibətlərdə yaşanan gərginliklər fonunda, amerikalıların dövlət başçısının Yaxın Şərq səfəri zamanı bu ölkəyə münasibətlə bağlı Səudiyyə Ərəbistanı ilə aparılan məsləhətləşmələr, ABŞ-ın İrana münasibətində izləyəcəyi siyasətin konturlarını dəqiqləşdirməyə xidmət edirdi. Səudiyyə Ərəbistanı İranın təcridində önəmli mərkəz halını aldı. Yüz milyardlarla dollarlıq silah razılaşması, əslində bunun bir əlaməti idi. Burada diqqət çəkən başqa bir məqam odur ki, İran ilə birlikdə dünyanın ən böyük təbii qaz qaynaqlarına sahib olan, 15 milyard təsdiqlənmiş neft ehtiyatı olan Qətər, geosiyasi durumu səbəbi ilə İran ilə birlikdə hərəkət etdiyində körfəzdəki güc balansına ciddi təsir edə biləcək gücdədir. Bu səbəbdən Səudiyyə Ərəbistanı zorla da olsa Qətəri İrana qarşı koalisiyanın içinə çəkmək məcburiyyətindədir. Ər-Riyad bunu edə bilməsə, Dohanı təsir imkanlarını minimuma endirməklə təcrid etməyə çalışacaq.
- İsrail faktoru, necə, burada rol oynayırmı?
- Bəli, bu da ciddi amildir. Obama dönəmindən fərqli olaraq, ABŞ-ın hazırkı Yaxın Şərq siyasətində maraqlı və diqqət çəkən məqam İsrailə münasibətdir. Trampın ağlama divarı önündə dua edən ilk prezident olaraq tarixə keçməsi, yalnız yəhudi mədəniyyətinə və inancına göstərilən bir sayğı olmaqla yanaşı, həm də okeanın o tayının yenidən İsrailə Yaxın Şərq siyasətində ciddi önəm verməsinin bir nümunəsi kimi də qiymətləndirilməlidir. İsrailin "İxvan”a münasibəti son dərəcə mənfidir və Misirdə baş vermiş hərbi çevriliş zamanı bunu dəstəkləyən ilk tərəflərdən biri məhz onlar oldu. Bu siyasi hərəkat dəfələrlə İsrailə münasibətdə radikal yanaşması ilə seçilib və dəngələrin dəyişdiyi bir dönəmdə Amerikanın bu kimi hərəkatlara siyasi və maddi dəstək verməsi səbəbi ilə Qətəri ərəblərin əli ilə sıxışdırmasından təbii heç nə ola bilməz. Bu gün regionda İsrailin rolu yenidən artmaqdadır və bununla hətta ərəblər də razılaşır.
- Qətər ətrafında diplomatik gərginliyin yaranması neft qiymətlərinə hər hansı formada təsir edə bilərmi?
- Təkcə neftin qiymətlərinə deyil, fond birjalarına da öz təsirini göstərmiş olacaq. 7 ölkənin rəsmi Doha ilə diplomatik münasibətlərini kəsməsindən ən çox zərbə alan da Qətər Milli Bankı olub. Belə ki, onun aksiyaları 10 faiz ucuzlaşıb. Qətər kiçik ölkə olsa da, ciddi iqtisadi gücü var. Böhranla əlaqədar olaraq neftin qiymətində də qeyri-stabil durum yaşanacaq. Məsələn, hazırda bir sıra proqnozların əksinə olaraq neftin qiymətində azalmalar müşahidə edilir. Faktiki olaraq, "Qətər məsələsi” OPEC üzvlərini iki fərqli cəbhəyə ayırıb. İordaniya, Oman və Küveyt Qətərlə münasibətləri davam etdirəcəklərini açıqlayıblar. Böhranla əlaqədar olaraq OPEC-in hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi riski dünya bazarına təsir göstərməkdədir.
- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışığı olub. Hər iki ölkə lideri Qətər ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Sizcə Türkiyənin vasitəçiliyi Qətər ətrafında yaranan gərginliyi aradan qaldıra bilərmi?
- Təkcə Rusiya ilə deyil, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudla da telefon danışığı olub. Hər halda, Türkiyə aktiv şəkildə böhranın həlli üçün dövriyyəyə girib. Əminliklə vurğulamaq olar ki, rəsmi Ankara böhranın daha da dərinləşməsinin qarşını almaq üçün bütün diplomatik səylərdən istifadə edəcək. Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən açıqlamadan da bəlli olur ki, Ankara strateji əməkdaşlıq qurduğu və regional sülh, təhlükəsizlik və sabitlik baxımından mühüm rola malik olan Körfəz Əməkdaşlıq Şurası üzvlərinin öz aralarındakı fikir ayrılıqlarını danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həll etmələrində maraqlıdır.
- Azərbaycanın həm Səudiyyə Ərəbistanı, həm də Qətərlə diplomatik münasibətləri, hər iki ölkə ilə yaxşı əlaqələri var. Belə olan halda rəsmi Bakı necə davranmalı, necə mövqe nümayiş etdirməlidir?
- Doğru qeyd edirsiniz ki, bizim hər iki ölkə ilə xoş münasibətlərimiz var. Azərbaycan bir neçə gün əvvəl İslam Həmrəyliyinə çağırış edən idman oyunlarına ev sahibliyi etdi. Bu il ölkəmizdə "İslam Həmrəyliyi” ili elan edilib. Biz İslam sivilizasiyasının həmrəylik və sülh içində olmasına çağırış edirik. Azərbaycan iki ölkə arasında münasibətlərin tezliklə yoluna qoyulmasında maraqlıdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər