AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qəssab ürəkli olmalıdır – Sadə peşə adamı - Fotolar

Qəssab ürəkli olmalıdır – Sadə peşə adamı - Fotolar

Gənclik qəzeti
03 Mart 2014, 08:24 3490
Adətən qəssab deyəndə insanın təsəvvüründə cüssəli, qəddar görünüşlü, əlində balta olan vahiməli insan canlanır. Müsahibimiz Bayram Zəkiyev isə düşündüklərimizin tam əksinə, gülərüz, zarafatcıl, öz peşəsini sevən gəncdir. 22 yaşlı bu gənc Şirvan şəhərində anadan olub elə Şirvanda da qəssab kimi fəaliyyət göstərir. Yaşının az olmasına baxmayaraq Bayram peşəkar qəssab kimi çalışır. O, hər gün erkən saatlarda oyanır, kəsim üçün seçdiyi heyvanını hazırlayır. Hava işıqlanana qədər heyvanı kəsib doğrayır və satmaq üçün mağazaya gətirir. Biz də Bayramın iş gününü izləmək və müsahibə almaq üçün səhər saat 6-da ət kəsilən məkana yollandıq.

İlk həyəcan

Qəssablıq sənətinin sirlərini atasından öyrənən Bayram 17 yaşından bu sənətin bilicisi kimi peşəsini icra edir: “Bu peşə bizə ata babalarımızdan qalıb. Atama öz atasından, mənə isə atamdan keçib. Atam 30 ildir peşəkar qəssabdır. Mən də uşaq yaşlarından onun qəssabxanasına gedir, atama kömək etməyə çalışırdım. Yavaş-yavaş atamın əlinə baxaraq sənəti öyrənməyə çalışırdım. Atam da mənim marağım olduğumu görüb qəssablıq sənətinin bütün incəliklərini mənə öyrətdi”. Uşaqlıqdan bu sənəti sevdiyini deyən müsahibimiz bizimlə söhbətində ilk kəsdiyi heyvandan danışdı: “Qəssablıq sənətini tam qavrayandan sonra bildiklərimi tətbiq etməyə qərar verdim. Atam da razılaşdı. Çox həyəcanlanmışdım. Həmişə toyuq kəsmişdim, amma indi ilk dəfə böyük bir heyvan kəsəcəkdim. İlk kəsdiyim heyvan isə qoyun idi. Həyəcanlı olmağıma baxmayaraq, həm də sevincli idim. Çünki babamın, atamın peşəni icra edirdim. Həyəcanımın öhdəsindən gəldim, ürəkləndim və qoyunu kəsdim. İlk işim çox yaxşı alındığından sevincli idim. Lakin o zaman dərk etdim ki, qəssablıq çox çətin işdir”.

Qəssab ürəkli olmalıdır

Həmsöhbətimizin sözlərinə görə, sənətə təzə başlayarkən heyvan kəsəndə ona yazığı gəlirmiş: “Hətta bıçağı yerə atdığım hallar belə olub. Sonra isə düşünmüşəm ki, bu, mənim işimdir. Heyvan isə Allah tərəfindən bizə göndərilən ruzidir. Buna görə də qəssab olmaq üçün qəddar olmaq deyil, ürəkli olmaq lazımdır. Yaxşı qəssab olmaq nə kitab oxumaq, nə də güc tələb edir. Əsl qəssab ürəkli olmalıdır. Bu gün əlinə balta alan çox insan özünü qəssab adlandırır. Lakin qəssabın işi sadəcə ət doğramaqla bitmir. Qəssab kəsəcəyi heyvana baxan kimi, onun ətinin necə olduğunu bilməlidir. Bundan sonra heyvanı kəsərkən onunla zərif davranmaq lazımdır. Heyvanı incitmək olmaz. Alətlərin iti olamlıdır ki, kəsiləcək heyvan əziyyət çəkməsin, boğulmasın. Əti doğrayan zaman elə etmək lazımdır ki, sümükləri dağılmasın. Bəzi qəssablar əti çox döyürlər. Bu zaman ətin suyu getdiyinə görə dadı da itir. Bunu insanlar bişirərkən hiss edirlər. Bundan əlavə, qorxudularaq kəsilən heyvanın qanı daxilində qalır və rəngi qaralır. Bu, həm çəkiyə, həm də ətin dadına təsir edir”.

Köhnə əti təzədən necə fərqləndirməli

Adi alıcının təzə əti köhnədən necə fərqləndirəcəyinə gəlincə, həmsöhbətimiz bildirdi ki, təzə ət isti olur və rəngi olduğu kimi qalır. Əgər ətin rəngi qaralıbsa, deməli, bu, köhnə ətdir: “Təzə ətin rəngi solğun qırmızıya çalır, səthi yapışmır. Ətin iyini kəsim yerində, sümüyə söykənən hissədə yoxlamaq lazımdır. Çünki ətin xarab olması, adətən, həmin hissədən başlayır. Piyin iyi turşumuş və acımış olmamalıdır. Vətərlər hamar, möhkəm, parlaq olur. Əgər ət təzədirsə, oynaqların mayesi parlaq olur. Köhnə ət həmçinin nəmli və az yapışan olur. Əgər ət köhnədirsə, şirəsi bulanıqtəhər olur. Ət alarkən bir məqama da diqqət etmək lazımdır. Köhnə ətdən nisbətən azca turşumuş, yaxud üfunətə uyğun iy gəlir. Yağı isə tutqun boza çalır”.
Heyvanı niyə hava işıqlanmamış kəsdiklərini soruşduqda isə, həmsöhbətimiz bildirdi ki, bunun əsas səbəbi uşaqları qorumaqdır: “Səhər saatlarında uşaqlar məktəbə getdikdə qan, balta, kəsilmiş heyvan görməsini istəmirik. Çünki, bu, onların psixologiyasına pis təsir edir. Buna görə də hava işıqlanana qədər işimizi bitirir və əti satmaq üçün öz qəssabxanamıza gətiririk”.
Müsahibimiz deyir ki, təzə, keyfiyyətli ət satdıqlarına görə saat 11-12-yə qədər ətlər satılmış olur.

Bismillah deyib kəsirik

Bayramın sözlərinə görə, heyvan kəsməyin ən çətin tərəfi onu yerə yıxmaqdır: “Heyvanı yıxdıqdan sonra kəsmək asanddır. Təbii olaraq, kəsəndə kəsəcəyin yeri bilməlisən və onunla zərif davranmalısan. Daha sonra, heyvanı üzü qibləyə uzadaraq “Bismillah” deyib kəsirik”.
Bu peşəni icra etməklə nə qədər pul qazandığına gəldikdə isə, Bayram deyir ki, işini yaxşı bilən qəssab 1 ay ərzində 800-1000 manat qazana bilər: “Ümumiyyətlə, düşünürəm ki, işini, peşəsini yaxşı bilən, onu sevə-sevə icra edən hər bir peşəkar yaxşı pul qazana bilər. Qəssablıq da belədir. Ətimiz dadlı olduğu üçün müştərilərimiz hər dəfə artır və hər dəfə də tanıdıqları insanlardan alver etməyə üstünlük verirlər”.

Aygün ƏzizSadə peşə adamı - Fotolar"> Sadə peşə adamı - Fotolar"> Sadə peşə adamı - Fotolar"> Sadə peşə adamı - Fotolar">