AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qərəzli hesabatı kimlər hazırlayıb?

Qərəzli hesabatı kimlər hazırlayıb?

Təfsilat
04 Sentyabr 2013, 11:11 1001
Hesabatda əks olunan məqamlarla bağlı “Kaspi” qəzetinin suallarını cavablandıran Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət dedi ki, materialla tanış olan zaman hesabatın birtərəfli hazırlandığı dərhal başa düşülür. Çünki orada vurğulanır ki, hesabatı hazırlayanların təhlükəsizliyi baxımından adları açıqlanmır.

Qəribə bir haldır ki, beynəlxalq təşkilat olan “Human Rights Watch” belə kəskin ittihamlı hesabat hazırlayır və bunu hazırlayanların adlarını qeyd etmir. Bunun özü artıq yanaşmanın qərəzli olduğunu təsdiq edir: “Orada təkrar-təkrar ərəb ölkələrində baş verən «Ərəb baharı» xatırlanır və Azərbaycanda da buna bənzər hadisələrin baş verəcəyinin mümkünlüyü vurğulanır. Azərbaycan hökuməti də bunu etmək istəyənlərin qarşısını almaqda ittiham olunur. Dərk etmədiyim bir şey var ki, Azərbaycan rəhbərliyi bəs nə etməlidir? Ölkədə ictimai asayişi, sabitliyi pozanların başını sığallamalıdır? Əlbəttə ki, qanunsuz hərəkətlər edən adamlar həbs olunmalı, məhkəmə yolu ilə cəzasını almalıdır. Belə çıxır ki, hesabatı hazırlayanlar Azərbaycanda qarışıqlıq salmaq istəyənlərə qarşı hökumətin hansısa addım atmağını istəmir. Guya həmin şəxslərə toxunmaqla Azərbaycan hökuməti qanunları pozur. Amma söhbətin hansı qanunlardan getdiyi bizə bəlli deyil. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Amerikada da, Avropada da kimsə ictimai asayişi pozanda ona «çox sağ ol» demirlər”.

CASCFEN sədrinin fikrincə, bəzi media orqanları hesabatın müəyyən hissələrini götürüb yaymaqla elə bir görüntü yaymağa çalışırlar ki, guya Azərbaycanda doğrudan da bərbad durum var. Hətta vəziyyət o dərəcəyə gəlib çatıb ki, “Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatı da bunu təsdiqləyib: “Bu hesabatda diqqətimizi çəkən digər məqam odur ki, guya ölkəmizdə Qeyri Hökumət Təşkilatlarının (QHT) fəaliyyətinə ciddi əngəllər törədilir. Mən özüm QHT rəhbəri kimi son illərdə ölkənin regionlarını kifayət qədər gəzmişəm və müxtəlif səviyyələrdə görüşlər, tədbirlər, konfranslar, seminarlar təşkil etmişəm. İstər Bakıda, istərsə də, regionlarda baş tutan yığıncaqlarımızda əvvəlki illərdə olmayan hallarla qarşılaşmışıq.”

Hesabatın 2012-ci ilin fevral ayından, 2013-cü ilin avqust ayına kimi olan müddəti əhatə etməsini də qərəzin bir parçası hesab edən Azər Həsrət söylədi ki, dünyada hesabatların hazırlanmasının konkret qaydası var. Belə ki, hesabatlar ya rüblük, ya yarım illik, ya da illik olur. Burada qəribə sxemdən istifadə ediblər ki, bu da hesabatda son 18 ayın əks olunmasıdır.

Müsahibimiz onu da qeyd etdi ki, hesabatı hazırlayan şəxslər adlarını açıqlasalar yaxşı olar. Çünki gizlənməklə yalan və qərəzlərini bir daha təsdiq etmiş olurlar: “Onlar Azərbaycana gizli şəkildə gəlib-getməməlidirlər. Bu cür hesabat hazırlamaq üçün Azərbaycana gələnlər geniş ictimaiyyətlə görüşməli, hazırda Azərbaycanda mövcud olan ictimai rəyi öyrənməli idilər. Onlar media ilə bağlı problemlərin olduğunu da qeyd ediblər. İnsan haqları təşkilatları ilə, jurnalistlərlə geniş söhbətlər olmadan bunun yazılması doğru deyil. Azərbaycanın dünyada tanınan yüksək səviyyəli QHT-ləri var. Bu adamlar həmin təşkilatların heç biri ilə görüşməyiblər. Təəssüf ki, hesabatlarında yalnız bir qrup adamın onlara ötürdüyü informasiyanı fakt kimi təqdim ediblər”.

Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, “Human Rights Watch”, “Fredom House” və digər beynəlxalq təşkilatlar hər zaman yerləşdiyi və ya təsir dairəsində olduğu ölkənin maraqlarına xidmət edən açıqlamalarla çıxış edirlər: ““Human Rights Watch”un Azərbaycanla bağlı yaydığı son bəyanatın müəyyən təsirlər altında verildiyini hesab edirəm. Bəzi ölkələr var ki, Azərbaycanın müstəqilliyini hələ də qəbul edə bilmirlər. Bu baxımdan da onlar hər zaman Azərbaycana təzyiq etməklə təsir altında saxlamağa cəhd edirlər. Bu açıqlamada QHT-lərə qarşı yaradılan məhdudiyyətlərlə bağlı bir məsələni xüsusi qeyd etmək istərdim. QHT-lərlə bağlı qanun layihəsini parlamentə çıxaran, müəyyən dəyişikliklər edilməsini təklif edən mən olmuşam. Mən özüm də QHT sədri və hüquq müdafiəçisiyəm. Onların ölkəmizdəki hansı məhdudiyyətdən danışdıqlarını anlamıram. Əvvəlcə onu xatırladım ki, biz çirkli pulların yuyulması, terrorizmə qarşı mübarizə ilə bağlı beynəlxalq konvensiyalara qoşulan dövlətik. İkincisi, onlar seçkiöncəsi ölkədəki vəziyyətlə bağlı həqiqətə uyğun olmayan açıqlamalar verib qarışıqlıq yaratmağa heç cəhd etməsinlər. Qeyd edim ki, qarşıdan gələn prezident seçkilərində 20-dən artıq namizəd qeydiyyatdan keçib. Yəni bu proses öz axarı ilə gedir. Yazılanların hamısı həmişə olduğu kimi Azərbaycana qarşı olan mövqelərinin tərkib hissəsidir. Düşünürəm ki, ümumiyyətlə, bu cür hesabatlara əhəmiyyət vermək lazım deyil”.

Şəfa Tapdıq