• cümə axşamı, 28 mart, 17:48
  • Baku Bakı 16°C

Qərəzdən doğan qısqanclıq

23.06.17 09:30 1497
Qərəzdən doğan qısqanclıq
Baş redaktorlar hesab edirlər ki, jurnalistlərin mənzillə təmin olunması kimi mütərəqqi addımı şübhə altına almaq istəyənlər tamamilə şəffaf aparılan prosesə xələl gətirməyə, süni ajiotaj yaratmağa çalışırlar
Azərbaycanda medianın inkişafı daim dövlətin diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyevin zamanında - 1998-ci ildə MDB məkanında ilk dəfə olaraq məhz Azərbaycanda senzura ləğv edilib, ardınca qəzet redaksiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, media haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi, hər bir azərbaycanlı kimi jurnalistika sahəsində çalışanların hüquqlarının müdafiəsi üçün mühüm tədbirlər həyata keçirilib, çoxsaylı fərman və sərəncamlar imzalanıb. Prezident İlham Əliyev tərəfindən də bu istiqamətdə bir çox tədbirlər görülüb. Təsadüfi deyil ki, 2003-cü ildən indiyə qədər peşəkar jurnalistika ilə məşğul olanlar daim dövlətin diqqət və qayğısını öz üzərilərində hiss edib və etməkdədirlər.

2010-cu il Milli Mətbuat günündə Mətbuat Şurasının yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev jurnalistlərin məişət şəraiti ilə bağlı məsələlərə həssaslıq nümayiş etdirib, onlara mənzil tikintisini nəzərdə tutan Sərəncam imzalayıb. 2013-cü il Milli Mətbuat günündə dövlət başçısının iştirakı ilə jurnalistlər üçün tikilmiş binanın açılış mərasimi olub. Beləliklə də tam əksəriyyəti kirayələrdə, yataqxanalarda yaşayan 156 jurnalist onlar üçün tikilən yeni binada mənzillə təmin olunub. Elə həmin gün ölkə rəhbəri İlham Əliyev "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” daha bir sərəncam imzalayıb.
Bu sərəncamdan irəli gələrək Səbail rayonu ərazisində 17 mərtəbəli, 3 girişli, 255 mənzilli sayca ikinci yaşayış binasının tikilib. Qarşıdan gələn Milli Mətbuat Günündə həmin mənzillərin də jurnalistlərə təqdim ediləcəyi gözlənilir. Bu məqsədlər yaradılmış komissuya tərəfindən "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri” açıqlanıb və hazırda bu yöndə tam şəffaf, obyektiv fəaliyyət həyata keçirilməkdədir. Lakin təəssüflər olsun ki, bəzi adamlar kənardan bu prosesə müdaxilə etməyə, humanizm dəyərlərini özündə ehtiva edən xoşməramlı bir addıma ləkə yaxmağa çalışırlar.

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov deyib ki, jurnalistlərə mənzillərin verilməsi, onların məişət problemlərinin həll olunması Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata növbəti qayğısı kimi qiymətləndirilməlidir. O, bunun bir lütf olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan mediasında əli qələm tutan, yazmağı bacaran, peşəkar jurnalistika ilə məşğul olan, imzasını ictimailəşdirən hər bir jurnalist üçün ev verilir: "Davamlı şəkildə 2013-cü ildən başlayaraq bir qrup jurnalistə ev verilib və veriləcəkdir. Belə bir müsbət addımın, təşəbbüsün ətrafında süni ajiotaj yaratmaq, mənzil almaq üçün elan edilmiş kriteriyaların obyektivliyinə şübhə ilə yanaşmaq qətiyyən doğru deyil. Cəmiyyətin lokomotivi olan aparıcı media nümayəndələri informasiya yayımında vicdanlılıq nümayiş etdirdiyi kimi, belə məsələlərdə də vicdanlı mövqe sərgiləməlidir. Azərbaycanda mənzil almağı haqq edən çoxsaylı jurnalistlər var. Bunun bir də rəsmi və hüquqi tərəfləri var. Fikrimcə, bu məqsədlə elan edilən kriteriyalar tamamilə ədalətli və obyektivdir. Bu şərtlərə cavab verən hər bir jurnalistin ev almaq hüququ var. Ümid edirəm ki, onların hər biri zamanla bu hüququnu təmin edəcəklər. Ona görə də bu addımı müsbət hadisə kimi qiymətləndirmək gərəkdir. Təəssüf ki, bəzi şəxslər bu cür böyük humanizm hadisəsinə xələl gətirməyə, süni ajiotaj yaratmağa da çalışırlar. Təbii ki, bu, yolverilməzdir. Əminəm ki, budəfəki proses də tam ədalətli şəkildə yekunlaşacaqdır”.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesab edir ki, Prezident İlham Əliyevin jurnalistlərin mənzillə təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərə kölgə salmağa cəhd edən insanlar ölkə mətbuatında zəif mövqeyə malik olan, mənzilə iddia etmək üçün müəyyənləşdirilən prinsiplərə uyğun gəlməyən, davamlı və sistemli şəkildə peşə davranış qaydalarını pozan, bir sıra hallarda isə ümumiyyətlə jurnalistikaya aidiyyəti olmayan şəxslərdir. Baş redaktor qəzetimizə açıqlamasında deyib ki, belə adamların mənzil almaq şansı sıfıra bərabərdir: "Çünki, belələri jurnalistlik fəaliyyətinə, təcrübəsinə, xidmətlərinə görə heç bir kriteriyalara uyğun gəlmirlər. Belə olan halda onlar canfəşanlıq edir, gündəmdə qalmaq niyyəti güdür, ümumilikdə xoşməramlı bir təşəbbüsü qaralamağa çalışırlar. Halbuki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mətbuatında xidmətləri, böyük iş təcrübəsi olan, peşəkar jurnalistika ilə məşğul olan insanların mənzillə təmin olunması xoşməramlı addımdır. Bu təşəbbüs dövlətin, ölkə başçısının jurnalistlərə olan diqqətinin əyani göstəricisidir. Bu, dünyada analoqu olmayan, müsbət hadisədir. Hər bir media qurumunda çalışan, peşəkar jurnalistika ilə məşğul olan istənilən media mənsubu bu addımı alqışlayır, dəstəkləyir. Sağlam düşüncəsi olan, hadisələrə qara yaxmaq niyyəti olmayan istənilən insan sözügedən təşəbbüsə məhz bu cür yanaşır. Bundan əvvəlki dövrdə, yəni 2013-cü ildə 156 jurnalist 2, 3 və 4 otaqlı mənzillərlə təmin olundu. Milli Mətbuat günü istifadəyə veriləcək ikinci yeni binada isə 255 jurnalistin mənzillə təmin olunacağı gözlənilir. Bu, son 4 ildə 400-dən artıq jurnalistin mənzillə təmin olunması deməkdir. Belə bir təşəbbüsü kölgə altına salmağa çalışanların məqsədi heç bir halda yaxşı ola bilməz”.

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli jurnalistlərə mənzillərin verilməsi barədə kriteriyalar açıqlanandan başlayaraq həm mediada, həm də sosial şəbəkələrdə bununla bağlı aparılan müzakirələri diqqətlə izlədiyini vurğulayıb. O bildirib ki, bu müzakirələrdə aktiv şəkildə iştirak edənlərin əksəriyyətinin ümumiyyətlə mediaya aidiyyətləri yoxdur. Baş redaktorun fikrincə, həmin adamları heç bir halda peşəkar jurnalist hesab etmək olmaz: "Media cameəsinə kənardan müdaxilə edən bir qrup aqressiv insan, yaxud "reketçiliklə”, daha sərt şəkildə ifadə etsək, dilənçiliklə məşğul olan bəzi şəxslər jurnalistlərin mənzillə təmin olunması prosesini gözdən salmağa çalışırlar. Bu, sırf qərəzdən, qısqanclıqdan irəli gəlir. Adları Mətbuat Şurasının "Qara siyahısı”nda yer alan belə şəxslər yaxşı başa düşürlər ki, heç bir halda onlar peşəkar, obyektiv jurnalistika ilə məşğul olanlarla eyni cərgədə dayana və mənzil ala bilməyəcəklər. Çünki, özləri də öz fəaliyyətlərinin jurnalistikaya dəxli olmadığını yaxşı başa düşürlər. Məhz buna görə də bütövlükdə prosesi gözdən salmağa çalışırlar. Biz ala bilmiriksə, heç kim ala bilməsin prinsipi, əxlaqı, daha doğrusu, əxlaqsızlığı ilə məsələyə yanaşırlar. Ancaq reallıq ortadadır. Hər bir media qurumunda iclasların keçirilməsi, müzakirələrin aparılması, namizədlərin müəyyən edilməsi, təqdimatların hazırlanması və Fonda təqdim edilməsi hamının gözü qarşısında baş verir. Bundan əvvəlki proses də eyni qayda ilə, tamamilə ədalətli şəkildə baş tutub. Şübhə etmirik ki, bu dəfə də proses ədalətli olacaq”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər