• cümə axşamı, 18 aprel, 19:14
  • Baku Bakı 21°C

Qərbin separatizmə ikili yanaşması - Fotolar

15.10.19 19:49 5391
Qərbin separatizmə ikili yanaşması - Fotolar
2017-ci il oktyabrın 1-i Kataloniya vilayətində keçirilmiş qanunsuz referenduma qatılanların 90 faizindən çoxu bölgənin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb. Bu nəticələri əsas tutan Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik qətnaməsi qəbul edib. Oktyabrın 28-də rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb. Vəzifədən götürülən Kataloniya prezidenti Karles Puçdemont Belçikanın paytaxtı Brüsselə sığınıb. K.Puçdemonta, eləcə də onun hökumətində yer almış bəzi şəxslərə üsyan və qiyam təşkili, vəzifə səlahiyyətlərindən sui-istifadə, hakimiyyət orqanlarına tabe olmamaq, dövlət vəsaitini mənimsəmə ittihamları irəli sürülüb.
2019-cu il oktyabrın 14-də İspaniya Ali Məhkəməsi Kataloniya hökumətində prezidentin müavini olmuş Oriol Junkerasa 13 il azadlıqdan məhrumetmə cəzası çıxarıb. Kataloniya parlamentinin keçmiş sədri Karme Forkadel 11 il 6 ay həbs cəzası alıb. Vilayət hökumətinin 5 sabiq müşaviri və 2 ictimai fəal 9-12 il arası həbsə məhkum ediliblər. Hökumətin 3 sabiq üzvü də cərimələniblər. Beləliklə, İspaniya Ali Məhkəməsi Kataloniya bölgəsini ölkədən ayırmağa cəhd göstərmiş 12 nəfərə - separatçılara hökm oxumaqla onları cəzalandırıb. Bundan başqa, İspaniyaAli Məhkəməsinin hakimi Pablo Lyarena Kataloniya hökumətinin keçmiş başçısı Karles Puçdemonla bağlı yeni beynəlxalq və Avropa həbs qərarı verib.

Təbii ki, separatçılara və separatizmə qarşı sərt tədbirlərin görülməsi, ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi beynəlxalq hüquq baxımından vacib şərtdir. Məhz bu prinsiplər əsas götürülərək, Gürcüstanın Abxaziya və Osetiya, Ukraynanın Luqansk və Donetsk, Moldovanın Dnestryanı ərazilərindəki separatçılara da ABŞ, Avropa ölkələri tərəfindən sanksiyalar tətbiq edilir, separatçı qurumlarla hər hansı əlaqələr qurulmur, onların nümayəndələrinin Qərb dövlətlərinə səfərlərinə qadağalar qoyulur. Amma nədənsə eyni münasibət Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində - Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma quruma qarşı tətbiq edilmir. Həmin qondarma qurumun "təmsilçiləri” ABŞ, Avropa ölkələrinə nəinki səfərlər edir, görüşlər keçirirlər, hətta ianələr toplayaraq separatçılığı davam etdirirlər. Əlbəttə ki, Qərbin bu yanaşması, ikili standartlardan çıxış etməsi təəssüf doğurur.

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan siyasi şərhçi Sahib Alıyev deyib ki, İspaniyanın Ali Məhkəməsinin Kataloniya separatçılarının liderlərinə 9 ildən 13 ilədək həbs cəzası verməsi Azərbaycanın Dağlıq Qarabağ regionunda yaradılan qanunsuz rejimin təmsilçilərinin də gələcəkdə hansı aqibətlə üzləşəcəklərindən xəbər verir: "Bu hadisəyə münasibət bildirmək üçün, dünyada, o cümlədən Suriyada baş verən proseslərə diqqət yetirmək zəruridir. Heç kimə sirr deyil ki, Suriyada ABŞ, İran, Rusiya və bəzi Avropa ölkələri öz maraqlarını güdürlər, burada özlərinin hərbi bazalarını yaradıblar. Həmin dövlətlərin sərhədindən yüzlərlə, minlərlə kilometr uzaqda yerləşən Suriyada adlarını çəkdiyim ölkələr tərəfindən çoxsaylı hərbi əməliyyatlar aparılıb, havadan, qurudan, sudan zərbələr endirilib. Son statistikaya görə, Suriyada yalnız səhiyyə obyektlərinə, tibb işçilərinin çalışdığı ərazilərə 583 dəfə hava zərbəsi endirilib və ümumilikdə 916 tibb işçisi həlak olub. Bu zərbələr nəticəsində yüzlərlə, minlərlə sivil insanın, xəstənin və digərlərinin də həyatına son qoyulub. Qərb dövlətləri bu itkilər ətrafında geniş müzakirə açmayıblar, məlumatın ictimailəşməsində o qədər də maraqlı olmayıblar. Lakin Suriya ilə böyük sərhədi olan Türkiyə sırf öz təhlükəsizliyi, ərazi bütövlüyü naminə bu dövlət ərazisində hərbi əməliyyatlara, daha doğrusu terrorçuların təmizlənməsinə başlayan kimi həmin o Qərb dövlətləri buna qarşı mövqe nümayiş etdirməyə başlayıblar. Bu ikili yanaşma Dağlıq Qarabağ separatçılarına münasibətdə də özünü göstərməkdədir”.

Millət vəkili S.Alıyev deyib ki, separatizmə məruz qalan digər ölkələrdən fərqli olaraq, Azərbaycan dövlətinin apardığı düzgün və ən əsası müstəqil xarici siyasət nəticəsində Dağlıq Qarabağdakı qondarma qurum beynəlxalq birliyin heç bir üzvü tərəfindən tanınmayıb. Onun sözlərinə görə, bu, Azərbaycan diplomatiyasının uğurudur: "Gürcüstanın Abxaziya və Osetiya bölgəsində alovlanan müharibədən sonra hər iki bölgədə qondarma qurum yaradıldı və onların "müstəqilliyi” Rusiya və daha iki dövlət tərəfindən tanındı. Ukraynanın Krım Muxtar Respublikası bu gün Rusiyanın tərkib hissəsi kimi fəaliyyət göstərməkdədir. Ukraynanın Luqansk və Donetsk ərazilərində baş verənlər Qərb tərəfindən yaddan çıxarılmaqdadır. Moldovanın Dnestryanı problemi ilə bağlı rəsmi Kişinyov əvvəlki ilə müqayisədə indi daha yumşaq münasibət sərgilməkdə, xeyli güzəştlərə getməyə meylli görünür. Baxmayaraq ki, dünyanın bəzi hegemon dövlətləri Ermənistanın və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçıların himayəçisi qismində çıxış edirlər, buna rəğmən onlar qondarma qurumun "müstəqilliyini” tanımayıblar. Hətta işğalçı Ermənistan da Dağlıq Qarabağdakı qondarma qurumun "müstəqilliyini” tanımayıb. Beləliklə də Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılması yolunda ölkəmizin atdığı addımlar, gördüyü tədbirlər digərlərindən daha çoxdur. Bütün bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyü məsələsində heç kimə güzəştə getməyib, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyindən bir addım da olsa geri çəkilməyib. Azərbaycanın ərazi bütövlüyünü heç bir dünya dövləti şübhə altına almır. Bununla yanaşı, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt zəfəri nümayiş etdirib ki, Azərbaycan güc tətbiq etmək yolu ilə öz ərazi bütövlüyünü təmin etməyə qadirdir”.


Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə hesab edir ki, ABŞ və Avropa ölkələrinin bəzi hallarda hadisələrə münasibətdə ikili standartlardan çıxış etməsinin arxasında dünyadakı erməni diasporunun təsir gücü dayanır. Onun sözlərinə görə, erməni diaspor təşkilatları mövcud olduqları ərazidə, ölkədə siyasətçilərə yol tapır, onları müxtəlif vasitələrlə təsir altına salır, ardınca öz təbliğatçılarına çevirirlər: "ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətləridir. Bu dövlətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında bilavasitə məsuliyyət daşıyırlar. Acı reallıq bundan ibarətdir ki, hər üç dövlətin ərazisində güclü təşkilatçılıq səviyyəsinə sahib olan erməni diasporu mövcuddur. Onlar hər üç dövlətin qərar qəbul edən qurumlarına təsir etməyə qadirdirlər. Ümumən götürdükdə isə sadəcə Dağlıq Qarabağ məsələsi ilə bağlı ikili yanaşma ortaya qoyulmur. Gürcüstan və Ukraynanın müdafiəsi ilə əlaqədar da zəruri addımlar atılmayıb. Vaxtilə Avropa Parlamentində hər iki dövlətin ərazisinin işğalına, orada separatçı qurumların yaradılmasına dair müvafiq qərarlar çıxarılmışdı, bu mənzərənin qəbul edilməzliyi diqqətə çatdırılmışdı. Lakin sonradan bu istiqamətdə heç bir ciddi addım atılmadı. Faktiki olaraq Ukraynanın Krım yarımadasının, Luqansk və Donetskin işğalı unudulur. İspaniyaya münasibətdə də birmənalı mövqe ortaya qoyulmayıb. Separatçıların lideri Brüsseldə yerləşib, bir neçə Avropa parlamentarisi Barselonaya səfər edərək İspaniyanın ərazi bütövlüyünü şübhə altına salıblar. Hesab edirəm ki, beynəlxalq hüququn prinsiplərinə, beynəlxalq təşkilatların çıxardığı qərarlara ciddi riayət edilməli, təməl prinsiplər pozulmamalıdır. Azərbaycan da bu istiqamətdə işlərini bir qədər gücləndirməlidir. Düşünürəm ki, separatizmin qurbanı olan ölkələr öz səylərini birləşdirməli, beynəlxalq təşkilatlarda ölkələrin ərazi bütövlüyünün qorunması istiqamətində ciddi fəaliyyət ortaya qoymalıdırlar”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər