• çərşənbə, 24 Aprel, 01:52
  • Baku Bakı 14°C

Qərbin PKK “sevgisi”

19.02.21 16:45 915
Qərbin PKK “sevgisi”
Türkiyəyə qarşı ikili mövqe səngimir

Bu gün tam əminliklə demək olar ki, qardaş Türkiyə tək regionda deyil, dünyada da söz sahibi olan dövlətlər sırasında yer alır. Onun iştirakı olmadan nəinki regionda, digər ətraf ölkələrdə də, hər hansı bir münaqişə, problemli məsələləri həll etmək mümkünsüz görünür. Onunla hesablaşır, fikirləri nəzərə alınır. Bu gün türk əsgəri Suriya, Azərbaycan, İraq, Liviya, Aralıq dənizi və s. yerlərdə sülh və əmin-amanlığın keşiyində durur. Türkiyə bütün sahələrdə əldə etdiyi uğurlarla ciddi nailiyyətlərə imza atmaqda davam edir. Təəssüf doğuracaq hal odur ki, onun bu uğurları beynəlxalq güc və qüvvələr tərəfindən qısqanclıqla qarşılanır və hər vəchlə onun qarşısını ən alçaq vasitələrlə almağa çalışırlar. Məhz onlar, hərbi, maddi və mənəvi dəstəkləri ilə illər uzunu Türkiyənin daxilində separatizm alovunu gücləndirməyə çalışıblar. Qərbin müəyyən dairələrinin ciddi dəstək verdiyi PKK terror təşkilatı illərdir ki, Türkiyədə terror aktları həyata keçirir, minlərlə dinc insanın həyatına son qoyur. Sual ortaya çıxır – 40 ilə yaxındır ki, türk insanı hədəfə alan bu terror təşkilatı ən müasir silahları haradan alır? Kimdir ona dəstək verən? Təbii ki, bu sualların cavabını hər kəs bilir - lakin bu yardımları reallaşdıran qüvvələr, dövlətlər açıq şəkildə bunu etiraf etməyə cəsarət etmirlər. Maraqlıdır ki, iş PKK-ya gələndə Qərb göz yumur, məsələn, söhbət İŞİD-dən gedəndə isə tamamilə əks mövqe tuturlar. Anlamaq istəmirlər ki, Avropanın təhlükəsizliyi Türkiyədən başlayır. Əgər Türkiyənin təhlükəsizliyi təmin olunsa, Avropa üçün də təhlükə qalmaz.

Bayden administrasiyası ikili mövqeyə son qoyacaqmı?

Proqnoz edilirdi ki, Co Baydenin Birləşmiş Ştatlar prezidenti seçilməsi ilə Türkiyə-ABŞ arasında münasibətlərdə gərginlik yaşanacaq. Belə də oldu. Yenə də gərginliyə səbəb ABŞ-ın ikili mövqeyi və PKK terror təşkilatına olan münasibətdir. İllər uzunu Türkiyədə terror aksiyaları keçirməsinə göz yuman, hətta onlara hərtərəfli yardım edən Birləşmiş Ştatlar yenə köhnə ampluasındadır. Bəlli olduğu kimi, Türkiyə hərbiyyəsinin PKK-ya qarşı keçirdiyi əməliyyatdan sonra İraqın şimalındakı Qara bölgəsində 13 türk vətəndaşı qətlə yetirilib. Ardınca da, prezident Rəcəb Tayyib Ərdoğan Qərb, xüsusən də, Birləşmiş Ştatları sərt tənqid edib. Sərt formada bildirib ki, ABŞ həmişə PKK-nın yanında yer alıb. "Onlar bununla bağlı açıqlama da verib. Bəs siz terrorçuların yanında deyildiniz? Bəs siz PKK-nın, YPG-nin, PYD-nin yanında deyildiniz? Onların yanında yer alırsınız. Bu, açıq şəkildə görünür”, - Ərdoğan bildirib. Türkiyə lideri təəssüflə qeyd edib ki, bunun hər dəfə şahidi oluruq: "Şimali İraqa minlərlə TIR, tank və döyüş sursatını gətirib terrorçulara verdilər. Artıq məsələdən çıxış yolu yoxdur. Onlar tərəfini seçməlidir. Əgər Türkiyə və ABŞ NATO-da bir yerdədirsə, Vaşinqton terrorçularla əməkdaşlıq edə bilməz. Yox, əgər terrorçuların yanındadırlarsa, Türkiyə ilə bir yerdə ola bilməzlər. Tərəf seçəcəksinizsə, bizim yanımızda olmalısınız”. Prezidentin ardınca XİN rəhbəri Mövlud Çavuşoğlu da daha sərt çıxış edərək "terrorla mübarizə apardığını iddia edən ölkələr bölücü terror təşkilatı PKK-nın qətliamı qarşısında səssiz qalırlar” deyib. Türkiyə Baş Qərargahı Kəşfiyyat İdarəsinin sabiq rəisi, general İsmayıl Hakkı Pekin isə sərt açıqlama verib və deyib ki, Türkiyə ABŞ tərəfindən PKK/PYD-yə yardım üçün göndərilən TIR-ları vura bilər.İsrailin İran, İraq, Livana hücum etdiyini, həmçinin bu ölkənin İranın yük daşıyan maşınlarını, anbarlarını vurduğunu qeyd edən general, terrorla mübarizə aparan Türkiyənin də eyni şəkildə hərəkət edə biləcəyini qeyd edib: "PKK/YPG-dən Türkiyəyə hücumların edildiyini bütün dünya bilir. İsrail, terror təhdidi haradan gəlirsə, vurur. Terror TIR-ları da vurula bilər".

ABŞ-dan qəribə açıqlama

Terrora Birləşmiş Ştatların münasibəti isə ilk gündən təəccüb doğuracaq idi. Bəlli olduğu kimi, ABŞ-ın Türkiyə üzrə səfiri Devid Satterfild Türkiyə XİN-ə çağırılıb və ona ABŞ-ın Qarada bölücü terror təşkilatı PKK-nın qətlə yetirdiyi 13 Türkiyə vətəndaşı ilə bağlı şərhinə ölkənin reaksiyası çatdırılıb. Türkiyə Xarici İşlər Nazirliyi mövzu haqqında verdiyi məlumatda bildirib: "Səfir D.Satterfild nazirliyə çağırılıb, ona ABŞ-ın şərhilə bağlı Türkiyənin kəskin reaksiyası bildirilib. Belə ki, ABŞ Dövlət Departamenti İraqın Qara bölgəsində bölücü terror təşkilatı PKK tərəfindən 13 Türkiyə vətəndaşının qətlə yetirilməsi ilə bağlı "Türkiyə vətəndaşlarının PKK tərəfindən öldürüldüyü xəbərləri doğrudursa, bu hərəkəti kəskin şəkildə qınayırıq” sözlərini işlədib”. Yeri gəlmişkən, Birləşmiş Ştatlar və Avropa İttifaqı PKK-nı terrorçu təşkilat hesab etsələr də, ABŞ Suriyada ekstremist İslam Dövlətinə qarşı döyüşən kürd YPG qruplaşmasına dəstək verib. Ankara YPG-nin PKK-nın bir qolu olduğunu bildirir.
Sözsüz ki, terrorçuları özündən çıxaran Türkiyə Ordusunun antiterror əməliyyatlarıdır. Bu əməliyyatlar terrorçulara və onların havadarlarına xoş gəlmədiyindən dinc insanlara qarşı belə bir iyrənc hərəkətə yol verib. Belə ki, Türkiyə ordusu son vaxtlarda terrorçulara qarşı əməliyyatları artırıb. Məlumata görə, 2016-cı ildən başlayaraq, Türkiyənin antiterror əməliyyatları aktiv hal almağa başlayıb. Bildirilib ki, Türkiyənin Suriyada keçirdiyi 4 genişmiqyaslı əməliyyatla cənub sərhədində yaradılması planlaşdırılan terror dəhlizi məhv edilib. Türkiyə bölgədə həm terrorla, həm də böyük köç axını ilə mübarizə edib. Əməliyyatlar çərçivəsində minlərlə terrorçu zərərsizləşdirilib, yüzlərlə türk hərbçisi isə şəhid oldu. Hazırda PKK çökmüş vəziyyətdədir. Xalq bölgədə PKK-nın tələblərini yerinə yetirmir. Bəs PKK Türkiyəyə nə qədər ziyan vurub? Mütəxəssislərin fikrincə, PKK Türkiyəyə ildə ən azı 2 milyard dollar ziyan vurur. 35-40 ili nəzərə alsaq, bu rəqəm 80 milyard dollara çatır. Prezidentin bununla bağlı səsləndirdiyi rəqəmlər də bunu sübut edir: "Xalqımız Türkiyәni diz çökdürmәyә çalışanlara tarixi dәrs verdi. 2015-ci ilin iyul ayından bu günәdәk sәrhәdlәrimiz daxilindә vә sәrhәddәn kәnarda hәyata keçirilәn әmәliyyatlar zamanı 401-i әsgәr, 443-ü jandarm, 299-u polis vә 116-sı kәnd mühafizәçisi olmaqla 1259 tәhlükәsizlik xidmәti әmәkdaşımız şәhid olub. Ölkә daxilindә 6 min, sәrhәddәn kәnarda 6 min 900 olmaqla, ümumilikdә 12 min 900-dәn çox terrorçu mәhv edilib. Zәrәrsizlәşdirilәn terrorçuların sayı da 17 min 750-yә çatıb. Ölkәmizә haqq, әdalәt, azadlıq vә demokratiya ilә bağlı dәrs vermәk istәyәnlәrә, әvvәlcә güzgüyә baxın vә öz hәqiqәtlәrinizlә üzlәşin deyirәm’’. Türkiyә prezidenti bildirib ki, terrorla mübarizә mәsәlәsi hәr növ siyasi mübahisә vә gündәlik polemikalardan daha әhәmiyyәtli mәsәlәdir.

"ABŞ və Aİ Türkiyəyə qarşı kürd kartını işə salır”

Türkiyə mediasında dərc olunan məqalələrdə isə baş verənlər müxtəlif prizmadan analiz edilir. Məsələn, "Takvim” qəzeti yazır ki, ABŞ verdiyi silahlarla PKK-YPG-nin yanında olduğunu onsuz da göstərib. "İndi Bayden administrasiyası bu dəstəyin səviyyəsini daha yuxarı qaldıracaq. Orta Şərq ABŞ-la İngiltərə arasında savaş meydanı olduğu bir vaxtda öz bölgəsini təmizləmək istəyən Türkiyənin maraqları burada ABŞ-la toqquşur. PKK-YPG-nin arxasında həm Avropa, həm də ABŞ dayanır. Bu, sirr də deyil. Sadəcə adını çəkərək danışmırlar. Halbuki Almaniya da, İtaliya da, Fransa da, ABŞ da işin içindədir. Türkiyə PKK-nı vurduğu zaman bu ittifaqla savaşır, vurmadığı zaman isə İngiltərə-Çin vektorunu, dolayısı ilə olsa da, qarşısına almış olur. Görünən mənzərə, təqribən belədir. "Matruşka” kimi, bir-birinin içinə keçən çox sayda halqa var. 13 şəhidlə bağlı hadisə çox təzədir. Bəllidir ki, yaxında çox böyük hadisələr baş verəcək. İşin haradək gedəcəyi bəlli olmasa da, ingilislərin 100 il öncə etdiyini indi amerikanların etdiyi və bizə hücum etməsi üçün Yunanıstanı böyütdüyü bəllidir. PKK-ya da, Orta Şərq məsələlərinə də bu prizmadan baxmaqda fayda vardır. Açıq deyilməsə də, aydındır ki, biz S-400-ləri NATO-ya qarşı aldığımız kimi, onlar da "Rafale” və F-35-ləri bizə qarşı aldılar.
13 şəhid böyük qırılmadır… Sanki NATO bütün kəşfiyyatını bizə qarşı istifadə edir. Çox yaxşı izlənməli olan bir dövrün səhifələri açıldı. Unutmayın, son günlərdə yaşanan hər şey bir-birinin davamıdır”.
"Sabah” qəzetinin yazarı Həsən Bəşri Yalçın isə yazır ki, PKK terror təşkilatının nə qədər xain və yalançı bir təşkilat olduğunu görməyənlər Qaradakı hadisəyə baxsınlar. Müəllif yazır ki, 13 mülki şəxsi başlarına güllə vuraraq şəhid edən bir qatil sürüsündən söhbət gedir. "PKK 40 ildir Türkiyənin ayağına vurulmuş bir buxovdur. Sahibləri bəllidir. Hədəfləri ortadadır. Ən çox da kürdlərə zərər verib. Zəiflədikcə də daha alçaq davranırlar.
Son dörd ildir nəfəs ala bilməyən təşkilat meydanda məğlub olduğunu görür. Sərhədlərimiz daxilində hücum təşkil edə bilmir. İllərdir xəyal etdiyimiz bir strategiya dövrəyə girdi. Və təşkilat mənsubları sərhədlərimizin o biri tərəfində belə, qovalanır. Suriyada keçirdiyimiz 3 əməliyyatla sərhədlərimizi təmizlədik. Uzun müddətdir Şimali İraqda davam edən "Qartal-Pəncə” əməliyyatları sayəsində də təhlükəsizlik qüvvələrimiz artıq 40-50 km dərinliyi olan sahəyə nəzarət edirlər. Qara bölgəsi daha irəlidə yerləşmə strategiyasının önəmli bir halqasıdır”.

Türk ordusunun hədəfi nədir?

Yeri gəlmişkən, Türkiyənin ehtiyatda olan generalı Ərdoğan Qaraquşun bu məsələ ilə bağlı fikirləri də maraq doğurur. Türkiyə mediasına müsahibəsində qeyd edir ki, Qarada xidmət edib. "Səddamın Qara dağında bir sarayı var idi. Onun 1991-ci ildə başlatdığı əməliyyat zamanı 650 min insan Türkiyəyə qaçdı. İçərisində bəzi terrorçu qruplar da var idi. 4 min terrorçu ABŞ-a aparıldı, təlim keçirildi. Onlar daha sonra Türkiyənin dağlarında yerləşib güc əldə etdilər. 2016-cı ildə təhlükəsizlik qüvvələrimizin Diyarbəkirin Sur rayonunda apardığı əməliyyat zamanı PKK-ya böyük zərbə vuruldu və Şimali İraqa qaçdılar. Qarada PKK-nın güc mərkəzinə çevrilməsi də o dövrə təsadüf edir”, - deyə xatırladıb. "Baxın, bölgəni tanıyan biri kimi deyirəm. 9 otaqdan ibarət mağaranın görüntülərini izlədim. O mağaraların əksəriyyəti təbii şəkildə yaranıb və orada çoxlu elə mağara var. PKK bu mağaraların içərisində çalışaraq otaqlar yaradır və yaşamaq üçün şərait qurur. 5 min il öncə yeraltı şəhərlər inşa edilib. Kapadokyada neçə mərtəbəli evlər ovularaq düzəldilib. Günümüzdə də təbii mağaralar tənzimlənə bilər. Əslində, PKK-nın Şimali İraq bölgəsində gizlənəcəyi, əsirləri saxlaya biləcəyi çox yer yoxdur. Bu səbəbdən əksəriyyəti kəndlərdə gizlənməyi üstün tutur. Bəlkə də ən uyğun yer Qara dağıdır. Qarada da 50 hədəf vuruldu, ancaq həmin mövqelərdə nə qədər terrorçu var idi, bilmirik. Sadəcə, həmin əməliyyatda 53 terrorçu məhv edildi", - Qaraquş vurğulayıb. Qaranın terrorçulardan təmizlənməsindən sonra Qəndil və Sincarda olan terrorçular arasında koordinasiyanın qırılacağını deyən general, bölgədə onların tükənmə mərhələsində olduğunu bildirib: "Sincar əməliyyatı çox vacibdir. Burda belə bir detal var. Bu bölgədə İranın dəstəklədiyi Haşdi Şabi təşkilatı yerləşib. Sincarda yalnız PKK deyil, İranın dəstəklədiyi təşkilatlar da var. PKK bu təşkilatlarla o qədər də üz-üzə gəlmir. Sincarda əməliyyat olarsa, İranla razılaşmaq lazımdır. Artıq İraq hökuməti ilə bir razılaşma əldə etmişik. Yalnız PKK-nı vurmaq üçün bir əməliyyat olacaq".

Azər NURİYEV

banner

Oxşar Xəbərlər