Qərbin ənənəvi taktikası
Müstəqil
Azərbaycanın davamlı inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə
təhlükəsizlik və sabitlik olması, Prezident İlham Əliyev tərəfindən yalnız
xalqın mənafeyinə, milli və dövlətçilik maraqlarına uyğun uzaqgörən siyasətin
yürüdülməsi heç də bütün dünya dövlətlərini, bəlli güc mərkəzlərini
sevindirmir. Bir sıra ermənipərəst, islamofob dairələr bundan açıq-aşkar
narahatçılıq keçirir, ən müxtəlif yollarla Azərbaycanın beynəlxalq imicinə
gətirilməsinə çalışırlar. Təəssüf doğuran məqamdır ki, son vaxtlar Qərb,
xüsusən ABŞ da ölkəmizə qarşı sərgilədiyi qeyri-obyektiv, qərəzli mövqeyə görə
ermənipərəst və islamofob dairələrdən geri qalmır. Özünü demokratiyanın beşiyi
hesab edən Amerika yaxın münasibətlərdə olduğu ölkələrdə baş verən neqativ
halları "görmür”, mənfi faktlara susqunluqla yanaşır, amma Azərbaycanda baş
verən elə məsələlərə siyasi motiv qatır ki, təəccüblənməmək mümkün olmur.
Mövzu ilə bağlı
fikirlərini "Kaspi”yə bölüşən Yeni
Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi
elmlər doktoru, millət vəkili Elman Nəsirov fövqəldövlət sayılan Amerikanın
bu dünyada həyati və ümumi maraqlarının olduğunu diqqətə çatdırıb. Qeyd edib
ki, hər iki marağın reallaşması naminə ABŞ çeşid-çeşid, bir-birindən fərqli
təsir və təzyiq siyasəti müəyyən edib. Onun fikrincə, bunların içərisində geniş
yayılanı insan hüquq və azadlıqlarının, demokratiyanın guya pozulması ilə bağlı
məsələləri önə çəkməkdir. Deputat deyib ki, xüsusən XX əsrin sonu, XXI əsrin
başlanmasından sonra ən çox istifadə edilən bu metodla müxtəlif dövlətlərə
təzyiqlər göstərilir, guya orada humanitar fəlakətin yaranması barədə iddialar
ortaya qoyulur, ardınca da müxtəlif təsir və təzyiq üsullarını işə salınır: "Bununla
həmin dövlətləri idarə edən hökumətlərə siyasi təzyiq göstərilir, onları asılı
vəziyyətə salmaq niyyəti güdülür. Beləliklə də Qərb dövlətləri, o cümlədən ABŞ
bu siyasətdən yararlanmaqla öz geosiyasi məqsədlərini həyata keçirir. Bu
məqsədlərə çatmaq üçün Amerika bir çox hallarda hərbi təcavüz aktına əl
atmaqdan da çəkinməyib. İraqda, Liviyada, Yuqoslaviyada bu mənzərənin dəfələrlə
şahidi olmuşuq. Lakin hərbi təcavüzə əl atılması, bu və ya digər dövləti
bombalamaq üsulundan istifadə edilməsi çox böyük məsrəflərə səbəb olur. Bu, həm
də ABŞ-ın beynəlxalq imicinə mənfi təsir göstərir. Ona görə də Amerika bu və ya
digər dövlətdə insan hüquq və azadlıqlarının, o cümlədən söz və mətbuat azadlığının pozulması, demokratiyanın
boğulması, vətəndaş cəmiyyəti institutlarının təzyiqlərə məruz qalması kimi
məsələləri əlində bayraq edərək müxtəlif təzyiq üsullarını işə salır. Bu, onların
ənənəvi taktikasıdır”.
Millət vəkili
Amerikanın belə yanaşmasının selektiv olmasına da diqqət çəkib. Bildirib ki, ABŞ
hansısa bir dövlətdə baş verənlərə, misal üçün Ermənistanın işğalçılıq
siyasətinə, bəşəriyyətə qarşı hərbi cinayətlər törətməsinə, hərbi
cinayətkarların siyasi hakimiyyəti qəsb etməsinə, Serj Sarkisyan rejiminin öz
xalqına sözün əsl mənasında divan tutmasına, demokratiyanın, azad sözün
boğulmasına, mitinqlərin amansızlıqla yatırılmasına, polis zorakılığına, jurnalistlərin
döyülməsinə, etirazçı sadə insanların gülləboran edilməsinə, hətta
prezidentliyə digər namizədə qarşı sui-qəsd təşkil edilməsinə göz yumur. Lakin
Azərbaycana qarşı qərəzli münasibət ortaya qoyur: "ABŞ Dövlət Departamenti,
beynəlxalq təşkilatlar Ermənistandakı real vəziyyətlə bağlı hesabatlar
hazırlamır, susurlar. Amma hansısa digər dövləti hədəfə alır, olmadığı halda
belə, orada insan hüquq və azadlıqlarının pozulması barədə rəy formalaşdırmağa,
bu yolla təzyiq göstərməyə çalışır. Çox təəssüf ki, bu gün Amerikadakı bəzi
siyasi dairələr, o cümlədən onların əlində alətə çevrilmiş insan hüquqları ilə
bağlı bəzi beynəlxalq təşkilatlar Azərbaycana və Ermənistana münasibətdə bu cür
selektiv yanaşma ortaya qoyurlar. Acınacaqlı hal burasıdır ki, bir sıra
hallarda bəzi qərbyönlü beynəlxalq təşkilatların hazırladıqları hesabatlarda
heç bir inkişafın qeydə alınmadığı Ermənistan demokratik, inkişaf etməkdə olan
ölkə kimi göstərilir. Ancaq demokratik inkişaf yolunu seçən, bütün sahələrdə
islahatlar həyata keçirən, beynəlxalq sülhə və təhlükəsizliyə, beynəlxalq
terrorizmlə mübarizəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına çox
böyük töhfələr verən Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv münasibət sərgilənir.
Çox maraqlıdır ki, belə təzyiqlər adətən Azərbaycan hər hansı beynəlxalq
əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyi ərəfədə, yaxud ölkə daxili seçkilər
keçirildiyi zaman baş verir. İndi də Azərbaycan referendum öncəsi belə bir
situasiya ilə üzləşib. Hesab edirəm ki, bütün bu təzyiqlərin heç bir əhəmiyyəti
yoxdur. Müdrik Azərbaycan xalqı ölkəmiz barədə qərəzli hesabatlar
hazırlayanların əsas niyyət və məramlarını yaxşı bilir, bunun müstəqil siyasət
aparan dövlətə qarşı təzyiq və təsir mexanizmi olduğunu anlayır. Azərbaycanda
xalq ilə hakimiyyət arasında monolit birlik var”.
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalıisə hesab edir ki, son vaxtlar Qərbdən Azərbaycana qarşı sərgilənən qərəzli
münasibət ABŞ-ın uzun illərdir özü üçün hazırlayıb həyata keçirdiyi strateji
planın tərkib hissəsidir. O, qəzetimizə açıqlamasında təəssüflə qeyd edib ki,
Amerika vaxtilə sovetlər birliyinə daxil olan Baltikyanı respublikalar istisna
olmaqla, digər postsovet ölkələrində xaosa üstünlük verir, özünün maraqlarına
xidmət edəcək şəxsləri hakimiyyətə gətirmək və onlar vasitəsilə həmin dövləti
idarə etmək istəyir. Deputatın sözlərinə görə, ABŞ-ın bu planına tabe
olmayanlara qarşı təzyiq və təhdid siyasəti həyata keçirilir: "Belə bir
siyasətin tərkib hissəsi kimi Yaxın Şərqi göstərə bilərik. İndi bəlli olur ki,
ərəb ölkələri ilə yanaşı, Türkiyə də Amerikanın bəlli planının içində yer
alıbmış. Bu, ABŞ-ın dünyanı idarə etmək strategiyasının görünən tərkib
hissəsidir. Gəlin görək, hansı hallarda ABŞ bu ölkələri idarə edə bilər? O
halda ki, həmin ölkələrdə qarşıdurma olur, qeyri-sabitlik yaranır, vətəndaş
müharibəsi tüğyan edir, vətəndaşların öz dövlətinə, liderinə inamsızlığı
meydana gəlir və sair. Belə olan halda, ən müxtəlif yollarla həmin insanların
dövlətə qarşı qaldırılması, üsyan etməsi, hərbi çevrilişə getməsi kimi planlar
işə salınır. Beləliklə də "xaos, qarışıqlıq yarat və onu idarə et” prinsipi işə
düşür. Təəssüf ki, ABŞ postsovet məkanındakı ölkələrdə də bu prinsipi işə
salmaq istəyir. Hətta özünə müttəfiq saydığı ölkələrdə də daxili proseslərə
müdaxilə edərək istədiyi adamı siyasi hakimiyyətə gətirir, onun vasitəsilə
dövlətləri idarə edir. Amma bəlli bir müddət keçdikdən sonra ABŞ vaxtilə siyasi
hakimiyyətə gətirdiyi adamları, müttəfiqi saydığı dövlətləri müdafiəsiz
buraxır, ona heç bir halda dəstək göstərmir. Qonşu Gürcüstanı, eləcə də
Ukraynanı buna misal kimi göstərə bilərik”.
Rufik İSMAYILOV