• çərşənbə axşamı, 19 mart, 09:06
  • Baku Bakı 8°C

Qərb Rusiyaya qarşı təzyiqləri gücləndirir

24.06.17 11:22 2158
Qərb Rusiyaya qarşı təzyiqləri gücləndirir
Birləşmiş Ştatların prezidenti Donald Trampın Rusiyanın işğalçı siyasətinə, Ukrayna münaqişəsinə diqqət yetirməyəcəyi, yumşaq desək, işğala göz yumacağını gözləyənlər ciddi şəkildə yanıldıqlarını anlamağa başlayıblar. ABŞ administrasiyasının atdığı son addımlar da bu ehtimalı gücləndirməkdədir. Artıq Rusiya tərəfi və onun himayəsində olan media hər vəchlə iyulun 7-də "Böyük 20”liyin sammitində Tramp və Rusiya prezidenti Vladimir Putinin görüşünün baş tutacağı və bu məsələlərə aydınlıq gətiriləcəyini iddia etməyə başlayıblar. ABŞ tərəfi isə hələ ki, belə bir görüşün planlaşdırılmadığını yazır. Ola bilsin ki, bəlkə də Tramp belə görüşün baş tutmasını istərdi. Lakin bu ölkədə antirusiya mövqe o qədər güclüdür ki, Tramp bu addımı ata bilmir. Hətta belə bir xəbər yayılıb ki, D.Trampa çıxışlarında Rusiya ilə əlaqədar məsələlərə nadir hallarda münasibət bildirməsi məsləhət görülüb. Bu barədə NBC yüksək ranqlı məmurlara istinadən informasiya yayıb. ABŞ prezidentinə xüsusən Moskvanın Amerikada keçirilmiş seçkilərə mümkün müdaxiləsi ilə bağlı məsələlərdən danışmaqdan yayınması tövsiyə edilib. Bundan sonra prezidentin Ayovada çıxışı zamanı Rusiyanı tamamilə yaddan çıxardığı müşahidə olunub. Ertəsi gün isə D.Tramp dözməyərək, demokratların iddialarına Twitter hesabında cavab yazıb: "Yeri gəlmişkən, əgər Rusiya 2016-ci il prezident seçkilərinə bu qədər fəal təsir edirdisə, o zaman hakimiyyətdə olan Obama administrasiyası niyə onun qarşısını almadı?”
Vəziyyət isə həqiqətən də ürəkaçan deyil. Birləşmiş Ştatlar açıq şəkildə Ukraynaya dəstək nümayiş etdirməkdədir. Prezident Petro Poroşenkonun ABŞ səfərindən sonra Vaşinqton artıq əvvəlki tək balans siyasət yürütmür. Ötən gün Ağ ev bəyan edib ki, Ukraynanın şərqində rusiyapərəst separatçılar beynəlxalq müşahidəçilərə qarşı "zorakılıq və qısnama” kampaniyası aparır, məqsəd də onların atəşkəs pozuntuları barədə məlumat verməsini əngəlləməkdir. Öz növbəsində ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauertdeyib ki, Vaşinqton bu durumdan "dərin narahatlıq” keçirir. O, separatçıları Rusiyanın idarə etdiyini, maliyyələşdirdiyini və onlara təlim keçdiyini bildirib. Nauert söyləyib ki, iyunun 20-də separatçılar ATƏT müşahidəçilərinin olduğu maşınlara atəş açıblar. Apreldə isə müşahidəçilərin maşını partlayışla üzləşmiş, bir amerikalı həkim dünyasını dəyişmişdi. "Rusiyanı nüfuzundan istifadə edərək bu qorxutma kampaniyasına son verməyə, ATƏT müşahidəçilərinə azad, tam və təhlükəsizlik işləmək imkanı yaradılması öhdəliyinə əməl etməyə çağırırıq”, - deyə sözçü deyib.
ABŞ-ın ardınca Avropa İttifaqı da Rusiyaya dair sanksiyaların müddətinin daha altı ay uzadılması barədə qərar qəbul edib. Məlumata görə, Avropa İttifaqının liderləri də ABŞ-ın təsiri altında Rusiya üzərinə qoyulmuş sanksiyaların yanvarın 31-dək daha 6 ay müddətinə uzatmaq barədə razılığa gəliblər. Bu barədə qərar iyunun 22-də, Avropa İttifaqına üzv olan 28 ölkənin başçılarının Brüsseldə keçirilən sammitində qəbul olunub. Bundan əvvəl Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçıların fəaliyyəti və münaqişə tərəflərinin Minsk razılaşmasına əməl etməsi barədə məlumat veriblər. Minsk razılaşması 2015-ci ildə Fransa, Almaniya və Rusiya arasında qəbul edilib. Avropa İttifaqının Moskvaya qarşı iqtisadi sanksiyaları Rusiyanın Ukraynanın şərqindəki təcavüzü ilə əlaqədar qoyulub. Avropa İttifaqına daxil ölkələr Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını rəsmən iyunun sonunda və ya iyulun əvvəlində elan edəcəklər.
Rusiya tərəfinin reaksiyası da özünü çox gözlətməyib. "Yeni sanksiyalar bütünlükdə qarşılıqlı münasibətlərə "ciddi risk” yaradır” – deyə Rusiya Xarici İşlər Nazirliyinin iyunun 23-də yayılan bəyanatında vurğulanır. Daha öncə xarici işlər naziriSergey Lavrovamerikalı həmkarıReks Tillersonla telefonla danışıb. Bu həftənin əvvəlində ABŞ Ukraynada Rusiyanın hərəkətləriylə əlaqəli 38 Rusiya vətəndaşı və şirkətinə sanksiya qoyub. ABŞ-ın maliyyə naziriSteven Mnuçindeyib ki, "məqsəd Rusiyaya diplomatik həllə çalışmasından ötrü təzyiq göstərməkdir”.
İyunun 21-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun Dövlət Departamentinin rəsmisiylə danışıqlarının təxirə salındığını elan edilib. Ardınca ABŞ dövlət katibi R.Tillerson rusiyalı həmkarı S.Lavrova zəng edib. Rusiya Xarici İşlər Nazirliyi tərəflər arasında əsas müzakirə mövzusunun ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar olduğunu açıqlayıb. Lavrov bu sanksiyaların iki ölkə arasında münasibətlərin daha da riskli vəziyyətə gəlməsinə şərait yaratdığını bildirib. Tillerson və Lavrov həmçinin Suriya və Ukrayna böhranlarını da müzakirə ediblər. Müşahidələr göstərir ki, iki fövqəldövlət arasında münaqişənin miqyası getdikcə daha geniş vüsət alacaq. Siyasi şərhçilər hesab edir ki, Suriyada əsas söz sahibi getdikcə məhz Amerika olur. Belə bir ehtimal da var ki, hər iki dövlət əlindən gələni edəcək ki, Suriyada onların maraqlarına zərbə vurulmasın.

Azər
banner

Oxşar Xəbərlər