Qərb Rusiya ilə müharibə aparacaq?
Ukrayna ilə bağlı siyasi blok formalaşa bilər
Son günlər
Ukrayna və Rusiya arasındakı yaşanan gərginlik dünyanın diqqət mərkəzindədir.
Hazırda əksəriyyət, baş verən gərginlik fonunda çoxsaylı suallara cavab
axtarır. İki böyük gücün məhz indi qarşı-qarşıya gəlməsinə və münasibətlərin bu
həddə çatmasına nə səbəb oldu? Nədən Ukrayna Donbasla bağlı gedən danışıqları qəfil
dayandırdı? Getdikcə də, növbəti qarşıdurmanın baş vermə ehtimalı günbəgün güclənir.
Ən əsas məsələ - Ukraynanın şərqində atışmalar irimiqyaslı hərbi toqquşmaya gətirib
çıxardıqda, Pentaqon Kiyevin tərəfində müharibəyə qoşulacaqmı? Bu suallara
cavab tapmağa çalışaq. Ən önəmli olan fakt - Ukrayna prezidenti Vladimir
Zelenski hərbi formada Donbasda təmas xəttinə səfər edib. Zelenskinin bu addımı
müharibənin qapıdan olması kimi dəyərləndirilir.
Beləliklə, bəllidir
ki, 2021-ci il başlanandan Luqansk və Donetsk separatçıları Ukraynaya qarşı təxribatların
sayını artırıblar. Rəsmi Kiyev haqlı olaraq bu məsələni həll etmək istəyir.
Kiyevin nümayəndə heyəti, bəllidir ki, Donbasla bağlı üçtərəfli əlaqə qrupu üzrə
aparılan danışıqlardan qəfil imtina edib. Ukrayna nümayəndə heyətinin başçısı,
eks-prezident Leonid Kravçukun sözlərinə görə, Rusiyanın öz hərbi manevrlərini keçirdiyi
və Rusiyanın təsiri altında olan ölkənin paytaxtı bu məsələnin həlli üçün
meydança ola bilməz. "Bu, yalnız neytral ölkə ola bilər", - Kravçuk
"Ukrayna 24" telekanalının efirində bildirib. Ukraynanın müvəqqəti
işğal altında olan ərazilər üzrə naziri Aleksey Reznikovun sözlərinə görə,
Kiyev öz nümayəndə heyətini Minskə göndərməkdən imtina edib. Bir səbəbdən ki,
Belarus Rusiyanın təsiri altındadır – Kiyevin Minskə inamı yoxdur. Növbəti
diplomatik uğursuzluq Ukraynanın şərqində yeni eskalasiya faktının güclənməsidir.
Qeyd edildiyi kimi, Ukrayna silahlı qüvvələri işğal altındakı ərazilərdə kəşfiyyat
reydi aparmaq istəyib. Tanınmamış qurumun yaydığı məlumatda bildirilir ki, "düşmən”
Şuma yaxınlığında mina-partlayıcı sədlərin ətrafında kəşfiyyat işləri aparmağa
cəhd göstərib. "Bizim müdafiəçilərimiz də, Minsk razılaşmaları ilə qadağan
olunmayan silahların tətbiqini həyata keçirməyə məcbur olub. Qısamüddətli
döyüşlərdən sonra Ukrayna Silahlı Qüvvələrinin əsgərləri öz mövqelərinə geri çəkilməyə
məcbur olublar”, - deyə Donetsk xəbər agentliyi məlumat yayıb. İlin əvvəlindən
bəri ötən ilin iyulunda elan olunan atəşkəsdən sonra münaqişə zonasında 900-dən
artıq atəşin pozulması faktları qeydə alınıb. Son iri gərginlik faktı isə
martın 26-da Şuma yaxınlığında qeydə alınıb. Həmin yerdə dörd ukraynalı əsgər həlak
olub. Kiyev də, baş verən insidentdə tanınmamış Donetsk Xalq Respublikasını
ittiham edir. Sonuncu də iddia edir ki, ukraynalılar mina ilə üzləşiblər.
Ardınca da, Ukrayna pilotsuz uçuş aparatının atdığı mərmi beş yaşlı uşağın ölümü ilə nəticələnib. Kremlin mətbuat katibi
Dmitri Peskov xəbərdar edib ki, Ukrayna Silahlı Qüvvələrinin "təxribatları” vətəndaş
müharibəsi yaradır. Dövlət Dumasın spikeri Vyaçeslav Voodin isə bir qədər də irəli
gedərək xəbərdar edib ki, uşağın öldürülməsi qarşı tərəfə baha başa gələcək.
Ukraynanı hətta Avropa Şurası Parlament Assambleyasından çıxarmağı tələb edib.
Müharibə
olacaqmı?
Donbasda müharibənin
qaçılmaz olduğu barədə, faktiki olaraq hər kəs yazır və deyir. "İrimiqyaslı
müharibə baş versə, bu Ukraynanın şiddətli bombalanması ilə nəticələnəcək”.
Bunu isə hərbi ekspert Arkadi Babçenko Donbasdakı vəziyyətlə bağlı "Facebook” hesabındakı təhlilində
yazıb. O bildirib ki, Rusiya Ukraynaya qoşun yeritmək məcburiyyətində deyil.
Ekspert hesab edir ki, Rusiyanın məqsədi Ukraynada xaos yaratmaqdır. Hava
hücumları nəticəsində baş verən şiddətli partlayışlar Ukraynadan Avropaya
qaçqın axınına, xaosa, hökumətdə hərc-mərcliyə yol açacaq. Ekspertə görə, bu vəziyyət
Qərbi narahat edəcək və Ukraynada rusiyameyilli hakimiyyətin qurulmasına
razılıq verəcək. "Rusiya Donbasdakı qarşıdurmaya müdaxilə etməyi planlaşdırmır,
ancaq vəziyyəti yaxından izləyir”. Bunu isə Rusiya Təhlükəsizlik Şurasının
katibi Nikolay Patruşev bildirib. O deyib ki, Rusiya "bu cür planlar
hazırlamır". "Ancaq biz vəziyyəti yaxından izləyirik. Hadisələrin
inkişafına əsaslanaraq konkret tədbirlər görüləcək," - Patruşev əlavə
edib. İnnovativ İnkişaf İnstitutunun geosiyasi tədqiqatlar mərkəzinin direktoru
Dmitri Rodionov diqqəti ona yönəldir ki, Ukrayna kəşfiyyat qrupunun iştirakı ilə
əməliyyatlar tez-tez baş verir. Onun qənaətincə, müharibənin baş verib-verməyəcəyini
demək çətindir. Çünki analoji hallar tez-tez yaşanır: "Dəfələrlə müharibənin bu
gün və yaxud sabah başlayacağını deməyə əsas verən şərait olub – Ukrayna
ordusunun hücuma keçəcəyi, qoşunların və ağır texnikanın hərəkətə keçdiyi barədə
xəbərlər yayılıb. Mən öz təcrübəmdən çıxış edib deyə bilərəm ki, Donbasda səhəri
müharibə başlayacağı xəbəri ilə açmışıq”. Onun qənaətincə, hazırda müharibənin
xeyrinə və əlehyinə çoxsaylı faktlar var. "Nəzəri cəhətdən gərginlik Ukrayna
prezidenti Vladimir Zelenskiyə sərf edir. Zelenskinin oliqarxlarla münaqişəsi
yaşanır. Daxili siyasi gərginlik də hökm sürür. Xalq prezidentin verdiyi vədlərin
yerinə yetirilməsini tələb edir. Bundan əlavə, onun Vaşinqtondakı yeni
administrasiya ilə bəlli və aydın olmayan münasibətləri mövcuddur. Zelenski
üçün müharibə bu vəziyyətdən çıxış yolu ola bilər. Və başqa bir şansı praktiki
olaraq yoxdur. Birləşmiş Ştatlar üçün müharibə əlverişlidir. Belə ki, Rusiya sərhədi
yaxınlığında daimi gərginlik ocağı yaratmaq əlverişlidir. İdealda isə onu mənasız
uzanan münaqişəyə cəlb etmək yaxşıdır. Yeni ABŞ administrasiyası qarşısında
duran əsas hədəf Pekin və Moskvada hakimiyyətin dəyişməsidir. Böyük müharibə isə
bu planları poza bilər.
Rusiya Ukrayna ilə sərhədə qoşun yığır, Kyev isə...
Son günlərdə
Ukraynanın separatçı Donbas regionu ətrafında Rusiya qoşunlarının hərəkətə gəlməsinə
dair xəbərlərlə əlaqədar Kiyev öz silahlı qüvvələrini döyüş hazırlığı vəziyyətinə
gətirib. ABŞ-ın "The New York Times” nəşri adı çəkilməyən mənbəyə istinadən,
Ukrayna sərhədinin Donbas hissəsində 4000-ə yaxın Rusiya hərbçisinin cəmləşdiyini
yazıb. Sosial şəbəkələr Moskvanın Ukrayna sərhədinə yaxın bölgələrə əlavə qoşun
göndərdiyini xəbər verir. "Rusiya öz silahlı qüvvələrini öz ərazisi
daxilində istədiyi yerə göndərir," - həmin xəbərlərə reaksiya verən Rusiya
prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Ötən ay Rusiya işğal olunmuş
Krımda hərbi təlimlər keçirib. Ukraynanın şərqindəki silahlı separatçılar isə
Rusiyanın köməyinə güvənirlər.
Qərb hökumətlərinin
bildirdiyinə görə, separatçıların nəzarətində olan Ukraynanın rayonlarında
Rusiya öz qoşunlarını yerləşdirib. Kreml bu iddiaları rədd edir, lakin Donetsk
və Luqansk vilayətlərini zəbt etmiş qiyamçılara 2014-cü ilin aprelindən yardım
göstərməkdədir. Ukrayna ordusunun komandanı general Ruslan Homçak Rusiyanın
Ukraynanın şərq sərhədi boyu təxminən 20-25 minlik hərbi qüvvə cəmləşdirdiyini
bildirib. Yaranmış vəziyyətdə rəsmi Kiyev çıxış yolunu Qərblə əlaqələrin möhkəmləndirilməsində
və Ukraynanın NATO-ya üzvlüyü məsələsinin həllinin sürətləndirilməsində görür.
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün "Donbassda
müharibənin başa çatması üçün yeganə yol" olduğunu bildirib.
Prezident
Zelenski bu fikri NATO Baş katibi Jens Stoltenberq ilə telefon danışığında
bildirib. Zelenski "alyansın Ukraynanın təhlükəsizliyinə ayırdığı diqqətə
görə" baş katib Stoltenberqə təşəkkürünü bildirib və NATO ölkələrini Qara
dənizdə təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa çağırıb. Ukrayna
Baş nazirinin Avropa və Avroatlantik İnteqrasiya məsələləri üzrə müavini İvanna
Klimpuş-Tsinsadze Ukraynanın, əslində, bu gün NATO-nun şərq istehkamına
çevrildiyini bildirib.
Ötən həftə
Zelenski ilə telefon danışığında ABŞ prezidenti Co Bayden rəsmi Vaşinqtonun
Ukraynanın suverenliyi və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləyəcəyini təsdiqləyib.
ABŞ Moskvadan Ukrayna ilə sərhədə qoşun toplamasının səbəbini izah etməyi xahiş
edib.
Avropa təmkinli olmağa çağırır
Aİ-nin Xarici
Siyasət və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Cozep Borrel Ukrayna məsələsinin
Avropa İttifaqı ölkələrinin XİN başçılarının yaxın günlərdə keçiriləcək
sammitində müzakirə olunacağını bildirib. Bu arada Almaniya və Fransa xarici
işlər nazirləri Rusiya və Ukraynanı təmkinli olmağa və gərginliyin aradan
qaldırılmasına çağırıblar. Almaniya hökuməti Ukraynanın NATO-ya üzvlüyü ilə
bağlı növbəti addımların, hələlik nəzərdə tutulmadığını bəyan edib.
Rusiya
Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon
danışığı Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparan
Rusiya və Almaniya liderləri Ukraynanın cənub-şərqində vəziyyətin eskalasiyası
ilə bağlı narahatlıqlarını ifadə ediblər. V.Putin Kiyevin məqsədli şəkildə təmas
xəttində vəziyyəti gərginləşdirdiyi ilə bağlı təxribatçı fəaliyyətə diqqəti yönəldib.
Kiyev hakimiyyəti tərəfindən daha əvvəl əldə olunmuş razılaşmaların, hər şeydən
öncə Donetsk və Luqanskla birbaşa dialoqun qurulmasının və Donbassa xüsusi
statusun hüquqi formalaşdırılmasının icra edilməsinin vacibliyi vurğulanıb.
Münaqişə tərəfləri, alternativsiz həll yolu kimi 2015-ci ilin Minsk Tədbirlər
Paketini tam həyata keçirtmək üçün təmkinli olmağa və danışıqlar prosesini
intensivləşdirməyə çağırılıb.
Beləliklə, belə
bir nəticəyə gəlmək olar ki, Ukrayna ilə bağlı siyasi blokun formalaşmasına
ehtiyac var. Artıq ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, ABŞ,
Britaniya, Kanada, Litva və Polşa nümayəndələri Ukrayna ilə bağlı görüş
keçiriblər. Göründüyü kimi, artıq siyasi blok ABŞ rəhbərliyində formalaşır.
Ehtimal ki, ABŞ və digər ölkələr Ukraynaya dəstək verəcək. Ümumilikdə isə
Ukraynanın şərqində baş verən müharibənin miqyasını yaxın günlərdə müəyyən etmək
olar. Çünki Ukrayna ordusu, hələ ki, Donetskətrafı əraziləri 120 mm-lik
minaatanlardan atəşə tutur. Əgər Ukrayna ordusu Donetskə girsə, bu zaman Rusiya
ordusu da sərhədi keçəcək və müharibənin miqyası böyüyəcək. Ukrayna-Rusiya
müharibəsi Kremlin yaratdığı digər münaqişə ocaqlarını da aktivləşdirə bilər.
Xüsusilə Moldova və Gürcüstan uzun müddətdir belə bir fürsət gözləyir. Yaxın
zamanlarda Gürcüstan da ABŞ-dan aldığı dəstəklə Abxaziya və Cənubi Osetiyanı
geri almaq üçün aktivləşə bilər.
Kamran