• cümə, 29 Mart, 14:06
  • Baku Bakı 14°C

Qərb Ermənistanda referendumu dəstəkləməyə tələsmir

24.02.20 16:28 1463
Qərb Ermənistanda referendumu dəstəkləməyə tələsmir
Paşinyanın Konstitusiya çevrilişi həyata keçirə biləcəyindən ehtiyatlanırlar
Erməni baş nazir Nikol Paşinyan Qərbin gözündə "demokrat”, "inqilabçı” statusunu itirmək üzrədir. Onun rəqiblərini zərərsizləşdirmək naminə "konstitusiya oyunu”na getməsi artıq həm daxildə, həm də xaricdə birmənalı şəkildə pislənilir. Aprelin 5-də baş tutacaq referenduma çıxarılan dəyişikliklərin Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmosyanı zərərsizləşdirmək cəhdindən başqa bir şey olmadığını əksəriyyət təsdiq edir. Rusiyanın "Vestnik Kafkaza” nəşri yazır ki, praktiki olaraq ölkənin bütün siyasi elitası – hakim "Mənim addımım” bloku və eks-prezident Levon Ter-Petrosyan istisna olmaqla bu prosesin iştirakçısı olmaqdan qaçır. Maraqlıdır ki, zəif daxili siyasi dəstək "inqilab çarcısı” N.Paşinyann başlıca problemi deyil. Artıq Avropanın bir sıra strukturları da referendumla bağlı qanuni pozuntulara yol verildiyini dilə gətirib. Təşkilatın qənətincə, belə məsələlər adətən referendum olmadan da həllini tapır. Öz növbəsində Venesiya Komissiyasının(Avropa Şurası konstitusiya hüququ üzrə ekspert orqanı) rəhbəri Canni Bukikkio də diqqəti ona yönəldib ki, referendum proseduru və təbliğat hökumətlə Konstitusiya Məhkəməsi arasında açıq münaqişə fonunda keçir. Buna müvafiq olaraq da, Avropa strukturları narahatdır ki, mövcud rejim məhkəmə sistemində islahat adı altında konstitusiya çevrilişi həyata keçirməyə çalışır. Bunu maksimal imkanlar daxilində legitimləşdirməyə çalışır. Sayt yazır ki, Paşinyanın KM hakimləri ilə qarşıdurması xronologiyası sonsuz sayda proseslərlə zəngindir.
Xatırladaq ki, aprelin 5-də ümumxalq səsverməsinə çıxarılan məsələ 2015-ci il konstitusiya islahatından əvvəl təyin olunmuş Konstitusiya Məhkəməsinin sədri və bəzi üzvlərinin səlahiyyətlərinin ləğv edilməsidir. Tovmasyan və Konstitusiya Məhkəməsinin 7 üzvü könüllü istefa təqdirində maaşlarını ömürlük pensiya şəklində almaq təklifindən imtina edərək istefa verməyəcəklərini bildiriblər. Paşinyana nifrət edən "Daşnaksütyun” Partiyası da Ermənistan vətəndaşlarını konstitusiya dəyişiklikləri ilə bağlı referendumdan imtina etməyə çağırıb. Partiya bəyanatında hakimiyyətin heç bir məsləhətə və xəbərdarlığa məhəl qoymadığını bildirib. Daşnaklar Paşinyanın bu referendumunu "ölkənin yeni avantüraya çəkilməsi” kimi dəyərləndirib. Daşnaklar həmçinin bütün qüvvələri referenduma qarşı birləşməyə çağırıb.
"Baş nazir aprelin 5-də baş tutacaq konstitusiya referendumunun kampaniyası zamanı növbəti ifrat addımlara hazırlaşır”. Bunu isə Ermənistanın "İravunk” nəşri yazıb. Məlumata görə, Paşinyan yenidən "Rembo” obrazı ilə xalqın gözünə toz üfürməyə, lazım gəldiyi təqdirdə isə ifratçılıqlara əl atmağa hazırlaşır. Paşinyan 650.000 "Bəli”ni qanuni yolla təmin etməyin çətin olacağını bilir və çox narahatdır. Buna görə də o, son iki ildə olduğu kimi misli görünməmiş ifratçılıqlara gedəcək”.
"Adekvat” ictimai təşkilatının üzvü Konstantin Ter-Nakalyan isə keçirdiyi mətbuat konfransında bildirib ki, N.Paşinyan Q.Tovmasyanın legitim olmadığını, əvvəlki hakimiyyət dövründə təyin olunduğunu söyləyir. Axı, prezident Armen Sarkisyanı da həmin heyət seçib. Niyə bunu demir?” O qeyd edib ki, Tovmasyanın ətrafında yaranmış vəziyyətin əsas cavabdehi Paşinyandır. Ter-Nakalyanın sözlərinə görə, bu referendumun əsas çağırışının "bəli-yox” mübarizəsi deyil, iştirakın təmin olunması olduğu məlumdur. "İndi Paşinyanın ən böyük problemi budur ki, onun ənənəvi "bobo”su yoxdur”, - deyə o bildirib.
"Politik” nəşrinin redaktoru Boris Murazinin sözlərinə görə, cəmiyyətin konkret sualların cavablarının verilməsi çox vacibdir. "Xalq başa düşməlidir ki, aprelin 5-dən sonra "bəli” qalib gəlsə belə, səlahiyyətlilər, məsələn, vergilərin 5 faiz artırılacağını deyə bilməzlər, çünki onların "bəli”si qalib gəlib, xalq onlara inanıb”, - deyə Murazi bildirib.
Rusiyalı politoloq Qriqori Trofimçuk isə "Tert.am”a açıqlamasında deyib ki, Ermənistanın Konstitusiya Məhkəməsi ətrafında baş verən hadisələr artıq gülməli hal alır. "Əsas problem odur ki, baş nazir N.Paşinyan hər dəfə yeni hücum hədəfləri axtarır. Bu isə ölkənin normal inkişafına mane olur. 5 aprel Konstitusiya referendumu Paşinyanın istədiyi kimi keçirilsə belə, bu, vətəndaşlar üçün heç bir yüngülləşmə gətirməyəcək”, - deyə o bildirib.
"Nikol Paşinyanın ölkədə müsbət dəyişikliklərin olacağına dair müsahibəsini dinləyirəm, onun tənqiddən nəticə çıxaracağına və aqressiv davranışlarına yenidən baxacağına növbəti dəfə ümid edirəm”. Bunu isə erməni müəllif Armine Ohanyan qeyd edib. O qeyd edib ki, Ermənistanın niyə 2-3 ay ərzində ət maşınına çevirməsi, referenduma tələbatın nə ilə bağlı olması və Konstitusiya Məhkəməsinin nəyə mane olduğu barədə yeni və inandırıcı bir arqument yoxdur.
Yeri gəlmişkən, erməni mediası yazır ki, Paşinyanın qurduğu hakimiyyətin heç də homogen olmaması cəmiyyətin bütöv bir təbəqəsi üçün sirr deyil. Paşinyan reytinqinin aşağı düşməsindən xüsusilə narahatdır və başa düşür ki, reytinqi nə qədər aşağı düşürsə, cəmiyyətdə eyforik qarışıqlıqdan oyananların sayı nə qədər artırsa, ideoloji boşluğa əsaslanan komandasının parçalana biləcəyi və parlamentdə etimadsızlıq şəraitində yumşaq inqilabın həyata keçirilməsi reallaşar. Paşinyan mərkəzdənqaçma istəklərini nümayiş etdirəcəkləri təqdirdə cilovlamaq üçün sevimlisi Ermənistan Xüsusi İstintaq Xidmətinə bütün iqtidar deputatlarını izləməyi və onlar barədə dosyelər hazırlamağı tapşırıb. Bu kontekstdə, hətta bəzi deputatların mobil telefon danışıqlarının məzmunu araşdırılmalı, deputatın tez-tez kimə zəng etdiyi, kiminlə əlaqə yaratdığı, kimlərin əhatəsində olduğu və bu əhatənin siyasi baxımdan nə qədər etibarlı, yaxud etibarsız olduğu müəyyən edilməlidir. Söhbət 10 deputatla bağlı yoxlamalardan gedir. Bu, sözsüz ki, baş nazirin qeyri-sağlam şübhəsinin növbəti təzahürüdür. O, komanda yoldaşları da daxil olmaqla hər yerdə korrupsiya və hibrid çevrilişdən şübhələnməyə başlayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər