• cümə, 29 Mart, 13:29
  • Baku Bakı 14°C

Qərb “demokratiya”sının iç üzü

03.10.17 10:30 2180
Qərb “demokratiya”sının iç üzü
İspaniyadan ayrılmaq üçün referendum keçirən separatçı Kataloniya vilayətində polislə toqquşmalar zamanı xəsarət alanların sayı 850 nəfərə yaxındır. Aparıcı Qərb agentliklərinin səhifələrini ispan polisinin səsverməyə gedən Kataloniya sakinlərini rezin güllələrə "qonaq” etməsi, dəyənəklə, atlarla, su şırnaqları ilə dağıtması səhnələri bəzəyir.

Xatırladaq ki, 2010-cu ildə Almaniyada, Ştutqartda 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, 2014-cü ildə Fransada su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən biri döyülərək öldürüləndə və digər Avropa ölkələrində, həmçinin ABŞ-da narazı kütlənin dağıdılması zamanı da belə "fotosessiya”ların şahidi olmuşuq.

Göründüyü kimi, Qərb demokratik dəyərlərə münasibətdə "Avropa standartları”ndan deyil, ikili standartlardan çıxış edir. Avropa və ya ABŞ-da mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına tapdanır. Lakin söhbət digər ölkələrdən gedəndə, "Avropa dəyərləri”, demokratiya, liberal hüquqlar yada düşür. Bu da həmin anlayışların əslində təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir. Nəticə etibarı ilə, Avropada əməl edilməyən "dəyərlər”dən Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı kampaniya aparmaq üçün istifadə olunur. Deməli, bu kontekstdə bəzi Qərb dairələrinin Azərbaycana və digər ölkələrə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və təzyiq məqsədilə süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasından başqa bir şey deyil.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, hüquqşünas Çingiz Qənizadə bildirdi ki, bu gün dünyanın siyasi problemli nöqtəsi Kataloniyadır: "İspaniya mərkəzi hakimiyyətinin etirazına baxmayaraq, Kataloniyada "referendum” keçirildi. Belə deyək ki, İspaniyanın bir hissəsi müstəqillik əldə etmək istəyir. Biz bu məsələyə iki prizmadan yanaşırıq. Birincisi, niyə Avropanın mərkəzində bu hadisələr baş verir? Çünki indiyə qədər Avropa və bu regionun institutları, dünyanın beynəlxalq təşkilatları digər bölgələrdə, o cümlədən Moldovada, Cənubi Qafqazda, xüsusilə Azərbaycanda, Gürcüstanda baş verən hadisələrə, referendumlara münasibətdə ikili standartlara üstünlük verdilər. Sadəcə, yüngül bəyanatlarla kifayətləndilər və bu problemlərin qarşısının alınması üçün ciddi addımlar atılmadı. Biz dəfələrlə bununla bağlı demişik ki, mütləq ciddi addımlar atılmalı, sanksiyalar tətbiq edilməlidir ki, bu cür pozucu və bölücü hadisələr ölkələr daxilində baş verməsin. Bilirsiniz ki, 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı yaranandan sonra dövlətlərin əraziləri və sərhədləri məhz bu qurum tərəfindən tanınıb. Sərhədləri pozmaq təbii ki, hüquq normalarına ziddir. Bu gün Avropa ona görə bu çətinliyi yaşayır ki, digər ölkələrdə baş verən hadisələrə müşahidəçi rolunda yanaşdı. Hətta bəzən imkan verdilər ki, bu hadisələr baş versin və indi də bumeranq fırlanaraq özlərinə dəyir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, ikili standartlara son qoyulmalıdır, beynəlxalq hüquq normalarına hörmət etmək lazımdır”.

Ç.Qənizadə əlavə etdi ki, Kataloniyada baş verən hadisələrdə polis zorakılığı var və bu, şiddətli dərəcədə hiss olunur: "Çünki yüzlərlə yaralılar var. Xəsarət alanların və yaralıların göstəriciləri ondan xəbər verir ki, iğtişaşlarda sadəcə polis dəyənəyindən deyil, başqa güc vasitələrindən istifadə edilib. Seçki məntəqələri qanunsuz olsa da belə, polis müdaxiləsi ilə bağlanılıb. Eləcə də informasiya saytları qapadılıb. Çox təəssüf ki, burada insanlara qarşı bu cür şiddət və zorakılıq həyata keçirən Avropa polisinin bir yerdə adı belə hallanmır. Amma Azərbaycanda hansısa bir qanunsuz hərəkətin qarşısını almaq üçün bizim polislərimiz addım atarkən orada bir qarşıdurma olurdusa, dərhal bunu polisin müdaxiləsi və zorakılığı kimi dəyərləndirirdilər. Biz burada da ikili yanaşmanın şahidi oluruq, qeyri-obyektivliyi görürük. Belə çıxır ki, öz gözündə tiri görməyən Avropa, başqalarının gözündə hansısa kiçik tük axtarır. Məhz bu yanaşmalar bu gün Avropanı problemlərlə üz-üzə qoyub. Biz Britaniyada ayrılmağa cəhdin şahidi olduq, indi İspaniyada bu proses baş verir və hesab edirəm ki, digər yerlərdə də belə hadisələr olacaq. Biz ümumilikdə Avropa məkanı və digər dövlətlər üçün böyük bir problemə çevriləcək hadisələrin şahidi ola bilərik. Ona görə də beynəlxalq təşkilatlar dərhal belə separatçı qüvvələrə qarşı öz mövqeyini ortaya qoymalı və bütün digər dövlətlərdə bu kimi hallara qarşı eyni mövqedən çıxış etməlidirlər”.

Millət vəkili Sahib Alıyev bildirdi ki, Kataloniyada keçirilən referendumu heç bir dövlət tanımır: "Bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin də açıqlaması var. Avropa Komissiyası da bu referendumu qanunsuz hesab edir. Ola bilər ki, orada İspaniya mərkəzi hakimiyyəti tərəfindən güc tətbiqi həddən artıq çox olub. Amma Azərbaycanda adekvat güc tətbiq ediləndə, bu şişirdilirdi. Bu da onu göstərir ki, Qərbdəki bəzi dairələr, beynəlxalq qurumlar insan haqları, demokratiya adından alver edirlər və bundan təzyiq vasitəsi kimi faydalanırlar. Bu, tək Kataloniyada baş verənlərə yanaşmada görünmür ki. Bütün hallarda biz bunu görürük. Kataloniyada baş verənlər, dünyadakı qarmaqarışqlıq, xaos məhz ikili standartların və insan haqlarına, demokratik dəyərlərə bu cür yanaşmanın nəticəsidir”.

S.Alıyev qeyd etdi ki, Kataloniyada baş verənlər heç bir dövlətin bundan sığortalanmadığını bir daha sübut etdi: "Bu həm də digər ərazilərdə buna oxşar hadisələrə dəstək olan Qərb dairələrinə də bir mesaj oldu. Beynəlxalq sənədlərdə "öz müqəddəratın təyinetmə” kimi ziddiyyətli məsələlər aradan qaldırılmalıdır. Bilərəkdən ortaya atılmış bu məsələ öz həllinin tapmasa, aradan qalxmasa, separatçılıqla üzləşməyən bir ölkə belə qalmayacaq. İspaniyada baş verənlər ondan xəbər verir ki, onlar düşündüyü kimi, separatizm inkişaf etməkdə olan 2-ci, 3-cü dünya ölkələri üçün xarakterik hal deyil. Separatizm inkişaf etmiş ölkələrin özündə də baş qaldıra bilər. Əgər Kataloniyada separatçılar öz istəklərinə çatsalar, eyni dalğa Fransada da, İtaliyada da və digər Avropa ölkələrində də başlaya bilər. Biz sivil dünyada yaşamaq istəyiriksə, harada baş verməsindən asılı olmayaraq, bütün separatçı meyillərə "yox” deməliyik”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər