• cümə axşamı, 28 mart, 12:46
  • Baku Bakı 16°C

"Qərb cəbhəsində yenilik yoxdur"

19.07.20 12:30 6140
"Qərb cəbhəsində yenilik yoxdur"
"Qərb cəbhəsində yenilik yoxdur" Erix Mariya Remarkın sayca dördüncü romanıdır. Bu əsər yazıçıya şöhrət, pul gətirsə də, dünyaya tanıtsa da, eyni zamanda onu vətənindən etdi, ölüm təhlükəsiylə üz-üzə qoydu. Remark romanı 1928-ci ildə bitirdi və ilk vaxtlarda çap etdirməyə çalışsa da buna müvəffəq ola bilmədi. Naşirlərdən çoxu bu əsərin uğur qazanacağına şübhəylə yanaşırdı. Əsər onların fikrincə, Birinci dünya müharibəsində uduzan Almaniyanın ideologiyasından ötrü həddindən artıq səmimi, açıq-saçıq və xaraketrik olmayan tərzdə idi.
1916-cı ildə könüllü olaraq cəbhəyə yazılan Erix Mariya Remark əsərdə müəllifdən çox Avropa çöllərində gedən döyüşlərin amansız şahidi kimi çıxış edirdi. Nəhayət, Haus Ullstein bu kitabın nəşrinə risk etdi. Və 1929-cu ildə "Qərb cəbhəsində yenilik yoxdur" romanı 500 min tirajla işıq üzü gördü və dünyanın 26 dilinə tərcümə edildi. O, Almaniyanın ən çox satılan kitabına çevrildi. Növbəti il hərbi bestesellər əsasında eyni adlı film də çəkilmişdi. ABŞ-də istehsal olunan və rejissoru Lüis Maylstoun olan film ən yaxşı film və rejissorluğa görə iki Oskar aldı. İndi isə qayıdaq yenidən romana. Müəllif həmin dövrün insanlarını məhv edən müharibənin dəhşətlərini xüsusi qəddarlıqla təsvir etmişdi. "Qərb cəbhəsində yenilik yoxdur" qəhrəmanlar haqqında yox, müharibənin qurbanları, həmçinin də xilas ola bilənlər haqqında romandır.
Əsərin baş qəhrəmanları cəbhəyə könüllü yollanan elə müəllifin özü kimi hələ dünən parta arxasından qalxan şagirdlər (bir sinifdə oxuyan Paul Boymer, Albert Kropp, Müller, Leer, Frans Kemmerix) və onların döyüşdəki böyük qardaşları (çilingər Tyaden, torfçu-fəhlə Haye Vestxus, kəndli Deterinq, hər bir vəziyyətdən çıxmağı bacaran Stanislav Katçinski) yaşamaqdan, döyüşməkdən çox ölümdən xilas olmağa çalışırlar. Müəllimlərinin vətənpərvərlik mövzusunda təbliğatına aldanan gənclər tezliklə müharibənin vətənə xidmət etmək üçün verilən imkanın yox, heç bir insani hisslər və qəhrəmanlıqdan söhbət belə getməyən qırğının olduğunu başa düşdülər.
İlk artilleriya atışması hər şeyi öz yerinə qoydu. Müəllimlərin nüfuzu onlara aşıladıqları dünyagörüşü və düşüncələrlə birlikdə gözdən düşdü. Qəhrəmanlara öyrədilən hər bir şey döyüş meydanında gərəksiz oldu. Fiziki qanunların yerini "yağışda, külək siqaret çəkməyin qaydası" və öldürməyin ən yaxşı forması ("süngüylə zərbəni qabırğadansa qarına endirmək yaxşıdır, çünki süngü qarında ilişib qalmır") kimi həyati qanunlar əvəz etdi.
Birinci Dünya müharibəsi nəinki xalqları, həm də iki nəsil arasındakı daxili əlaqəni də qırdı: valideynlər qəhrəmanlıq haqqında məqalələr yazıb, nitqlər söylədiyi bir vaxtda övladları hərbi xəstəxanalardan və ölənlərin arasından keçirdi, valideynlər dövlətə xidmətin hər şeydən yüksək sandıqları bir vaxtda övladları artıq ölümdən daha dəhşətli və qorxulu heç nəyin olmadığın bilirdilər. Paulun fikrinə görə, bütün bu həqiqətlərin dərki onları nə üsyançı, nə fərari, nə də ki qorxaq etdi, sadəcə gözlərini açdı.
Müharibəyə hazırlıq gəncləri çevik, amansız, qisasçı və kobud etdi. Müharibə onlara sağ qalmaqdan ötrü bu keyfiyyətlərdən hansıların lazım olduğunu öyrətdi. Səngərdə öyrəndikləri gələcək əsgərlərə güclü, hər zaman hazır vəziyyətdə olan qarşılıqlı anlaşma, yoldaşlıq öyrətdi. Lakin əvvəldə iyirmi nəfər olan keçmiş sinif uşaqlarından romanın əvvəlində artıq on ikisi qalmışdı: yeddisi öldürülmüş, dördü yaralanmış, biri isə dəlixanaya düşmüşdü. Müharibə qurtaranda isə onlardan heç biri qalmamışdı.
Remark hər kəsi, hətta oxucu ancaq əsgərlərin başa düşəcək mətləbləri anlasın deyə fəlsəfi düşüncələri təhkiyənin üst qatına çıxan əsərin baş qəhrəmanı Paul Boymeri də döyüş meydanında buraxdı. "Qərb cəbhəsində yenilik yoxdur" romanında qəhrəmanlar üçün müharibə üç bədii məkanda – ön cəbhədə, cəbhənin özündə və arxa cəbhədə baş verir. Ən dəhşətli məqamlar mərmilərin partladığı, hücumlar kontrhücumlarla qarşılandığı, raketlərin "ağ, yaşıl, qırmızı yağış" yağdırdığı yerlərdə yaşanırdı.
"Yuxarıdan" verilən əmrə görə düşmən sayılan insanların bir-birlərini öldürməyə məcbur olduqları müharibənin mənasızlığı hələ dünən parta arxasında əyləşən uşaqların gələcəyə, inkişafa inamını həmişəlik qırmışdı. Onlar ancaq müharibəyə inanır və bu səbəbdən də onlara dinc dünyada yer yoxdur. Onlar ancaq ölümə inanırlar, bilirlər ki, ya bu gün, ya sabah, ya da o biri gün onsuz da öləcəklər. Həmin bu "itmiş nəslin" müharibəni ancaq qəzetlərdən, kitablardan oxuyan, ondan-bundan eşidən valideynləriylə söhbət etməyə mövzuları da yoxdur. "İtmiş nəslin" adamları özlərindən sonra gələn nəsillərə də bu kədərli təcrübənin təəssüratlarını ötürə bilməyəcəklər. Müharibənin nə olduğunu ancaq səngərdə bilmək olar, onun haqqında bütün həqiqətləri isə ancaq bədii əsərdə danışmaq olar.
Bir az da sevgidən danışaq
Sevgi bütün Remark əsərlərinin leytmotividir: vətənə sevgi, qadına, anaya, dosta sevgi. Roman qəhrəmanları qeyri-adi davranışlar edəndə sevgiylə idarə olunur. Bu əsərdə isə sevgi mövzusu yoxdur, cəbhədə olanların qadına münasibəti ancaq fiziki tələbatdır. Bircə baş qəhrəmanın anasına olan sevgisi nisbətən emosionaldır. Bu hisslər mütəmadi xatirələr və keçmişdən gələn kabuslarla qidalanır. O, anasıyla görüşündən sonra müəyyən qədər həssaslaşır, axı ana onun şüuraltısında hər zaman müdafiəçi, qoruyucudur. Qadın – ana – böyük nəsildən bir adamın peyda olması ilə əsərdə Turgenyevsayağı "atalar və oğullar" nəsillər problemi ortaya çıxır. Bu problem təkcə müasir ideologiyayla qidalanmış əsərin baş qəhrəmanının anasının onu başa düşməməsindən ibarət deyil. Bura həm də müxtəlif yaşdan olan əsgərlərin həyata, müharibəyə baxışları da fərqli olması da aiddir. Yaşca böyük olanlar, əgər belə demək olarsa, özlərinə daha çox əmindirlər. Onların müharibədən sonra qayıdacaqları ailələri, iş yerləri, qurduqları müəyyən bir həyat gözləyir, onun üçün vuruşurlar. Bəs bu gənclər? Müharibədən sonra onlar hara qayıdacaqlar? Qayıtmağa bir yeləri, bir səbəbləri də yoxdur. Onlar üçün bütün həyat bax elə soyuq bu cəbhədədir. Müəllif bu sual ətrafında çox düşünür və personajlar arasında dialoqlarda hər hansı bir çıxış yolunu tapmağa cəhd göstərir.
Bəzi hadisələrin təsviri obrazların, xüsusən də baş qəhrəman Paulun xarakterini açmağa kömək edir. Məsələn, hələ ki, əsgərlik həyatı davam edən "Başmakov" obrazını götürək. Kimmerixin öldüyü səhnədə onun yoldaşı Alberti narahat edən yeganə şey dostunun ayaqqabısıdır. Onun ayaqqabısı həminki dövrün prioritetlərinə yaxşı uyğunlaşır: keyfiyyətli çəkmə insan ölümündün daha vacib, daha maraqlıdır. Çünki insan ölümü artıq adiləşib. Və yaxud da cəbhə teatrının səhnəsinin divarında əlində plakat tutan qızın şəklini götürək. O, əsgərlərə qadınları, onların gözəlliyini və səliqə-sahmanı xatırladır. "Yəqin ki, o gündə iki dəfə vanna qəbul edir, dırnaqlarının altında da heç vaxt çirk olmur". Qovaq ağacları, körpülər, düzlər – hər şey gənc baş qəhrəmana Birinci Dünya müharibəsi illərinə qədər olan uşaqlıq, gənclik illərini xatırladırdı. Romanda təsvirlər çox əhəmiyyət kəsb edir. Çünki məhz onlar oxucuda hadisələr haqqında təəssüratlar yaradır. Remarkın təsvirləri hər zaman metaforalarla, bənzətmələr və hiperbolalarla zəngindir. "Onun kölgəsi bir qarabasma, bir xəyal kimi çöllükdə sürünürdü..." (buludun təsviri) Bu cür təsvirlər romanı daha maraqlı, daha oxunaqlı, daha cəlbedici edir.
Beləliklə, Erix Mariya Remarkın "Qərb cəbhəsində yenilik yoxdur" romanı çağdaş dünyamızda Birinci Dünya müharibəsi qəhrəmanları adlandırılan böyük bir nəsil haqqında bənzərsiz bir əsərdir. Əslində, bu insanlar ən adi, ən sıradan insanlar idi. Və onlar cəbhədə qorxurdular, hər gün Allaha yalvarırdılar ki, müharibə tez qurtarsın və onlar hər gün döyüşlərdə ölürdülər.
Bunu da deyim ki, Remark baş qəhrəmanlarla çəkdiyi misallarla göstərir ki, hətta müharibənin bütün dəhşətləri də insanda ən yaxşı cəhətləri – mərhəmət, sədaqət, sevgi kimi hissləri öldürə bilməz.

Hazırladı: Xanım Aydın

banner

Oxşar Xəbərlər