AZE | RUS | ENG |


“Qələm qələbənin və təntənənin simvoludur”

“Qələm qələbənin və təntənənin simvoludur”
CEYHUN HACIBƏYLİ MƏTBUAT TARİXİMİZ HAQQINDA

Azərbaycan mətbuatında əhəmiyyətli, parlaq bir iz qoymuş publisist Ceyhun Hacıbəyli Üzeyir bəyə nisbətən,  mətbuat tarixi ilə bağlı daha çox məqalələr yazıb. Filologiya elmləri doktoru  Abid Tahirli deyir: "Ceyhun Hacıbəyli mühacirət edənədək, 1919-cu ilə kimi XX əsrin ilk 20 ilinin Azərbaycan ədəbiyyatı, mətbuatı, mədəniyyəti, maarifçilik və xeyriyyəçilik tarixini mükəmməl yazmışdır desək, yanılmarıq”.
 
C.Hacıbəyli ilk dəfə Azərbaycan mətbuat tarixini elmi, sistemli və əhatəli şəkildə qələmə almışdır. "Firidun bəy Köçərli ədəbiyyat tariximizin, C.Hacıbəyli isə mətbuat tariximizin tədqiqinin bünövrəsini, təməlini qoymuşlar” söyləyən mətbuatşünas alim A.Tahirli bu haqda "Azərbaycan” qəzetinin 12 iyul 2015-ci il tarixli sayında geniş bir məqalə çap etdirib.
 
C.Hacıbəylinin 1909-cu ildə qələmə aldığı və "Həqiqət” qəzetinin 25 dekabr 1909-cu il tarixli sayında çap olunmağa başlayan "Avropa məktubları” silsilə məqalələrində mətbuata, onun cəmiyyətdəki roluna aid dəyərli, maraqlı mülahizələr irəli sürülüb. Silsilə şəklində verilən bu ilk məqalə sırf mətbuatla digərləri isə Avropanın gündəlik həyatında baş verən ictimai-siyasi və sosial məsələlərdən bəhs edir. Mətbuatın Avropa həyatında oynadığı rolu açıqlayan müəllifin fikrincə, avropalılar mətbuatı hər şeydən üstün tuturlar. "Çünki mətbuatın etdigi işi top, tüfəng edə bilməz. Avropada mətbuat vasitəsilə iş görüyorlar” fikri bir daha sübut edir ki, millətlərin tərəqqisində, milli şüurun oyanmasında və dünya sivilizasiyasından yararlanmasında mətbuatın özünəməxsus yeri, rolu danılmaz dərəcədə böyükdür.
 
C.Hacıbəylinin mətbuat tarixi ilə bağlı araşdırmasını ilk dəfə elmi ictimaiyyətin diqqətinə AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Mənzər İbrahimova çatdırmış və  "Əkinçi”dən "Həqiqət”ədək” adlı məqaləsində bu haqda ətraflı məlumat verib. (Bax: "Molodyoj Azerbaydjana” qəz; 3, 6 iyul 1994, N-73, 74).
 
M.İbrahimova məqaləsində qeyd edir ki, C.Hacıbəyli əsərinin əvvəlində mətbuat tariximizin yazılmasının vacib olduğunu göstərir və milli mətbuatımızın ilki "Əkinçi”dən, onun naşiri, redaktoru H.Zərdabinin bu sahədəki xidmətlərindən danışırdı: "Bu insan Qafqaz müsəlmanları arasında mətbuatın meydana gəlməsinin pioneridir. Əfsus ki, o, geridə qalmış milləti, xalqı üçün səmimi, təmənnasız işləyən, yalnız xeyirxahlıq duyğuları ilə zəhmət çəkən bəlkə də yeganə xadim idi”.
 
C.Hacıbəyli "Şərqi-rus”, "Həyat”, "İrşad”, "Rəhbər”, "Dəbistan”, "Təkamül”, "Yoldaş”, "Molla Nəsrəddin”, "Füyuzat”, "Tazə həyat”, "Tərəqqi”, "Proqres”, "İttifaq”, "Zənbur” kimi mətbu orqanlarının da məramı, ideya-istiqaməti, toxunduğu problemləri, redaktor və mühərrirlərinin cəmiyyət həyatındakı yerini, rolunu dəyərləndirirdi.
 
Bütün həyatını mətbuata həsr edən C.Hacıbəyli bu tədqiqat əsərindən əvvəl də, sonra da, mətbuat, mətbəə-nəşriyyat problemlərinə dair xeyli məqalə yazmış və dərc etdirmişdi. Maarifin, mədəniyyətin təbliğində mətbuatın böyük önəm kəsb etdiyini "İncəsənət və müsəlmanlar” adlı məqaləsində belə bəyan edirdi: "Qələm qələbənin və təntənənin simvoludur”. "Kaspi” qəzetində çap etdirdiyi, "Qəzet işi haqqında” məqaləsində C.Hacıbəyli kədərlə qeyd edirdi: "Rusiya imperiyasında yaşayan 20 milyon müsəlmanın 4 adda gündəlik qəzeti olmaqla, cəmi 8 qəzeti və 3 jurnalı var; hər 2 milyon yarım adama 1 qəzet, hər 7 milyona 1 jurnal” düşür. Müəllif mətbuatın problemlərinə həsr etdiyi çoxsaylı məqalələrində qəzet və jurnalların mövzusu, ideya-siyasi istiqaməti, oxucu marağı, dil-üslub sənətkarlığı ilə yanaşı, maliyyə-texniki məsələləri ilə bağlı peşəkar münasibət bildirir, mülahizələrini bölüşürdü.
 
İranın da mətbuat tarixi ilə bağlı iri həcmli məqalə yazan C.Hacıbəyli qeyd edirdi: "Rəşt şəhərindəki İngiltərənin vitse-konsulu İran mətbuatı tarixinə dair maraqlı araşdırma aparmış, ilk qəzetin nəşrindən bu günədək çıxan bütün mətbuat orqanları haqqında məlumat toplamış və bununla bağlı Fransa mətbuatında məqalə dərc etdirmişdir”. Müəllifin İran mətbuatı ilə bağlı olan məqalələri də "Kaspi” qəzetində çap edilib.

Ceyhun bəy 1913-cü ildə "Kaspi”də çap etdirdiyi "İranda mətbuat” adlı məqaləsində yazırdı: "Q.Rabino İranda qəzet işinin intişara başladığı ilk dövrdən günümüzədək olan dövrünü izləməyi qarşısına məqsəd qoymuşdur. İngilis vitse-konsulunun çox maraqlı tədqiqat işi "Revuo du Monde Musulman” adlı jurnalın son (mart) nömrəsində dərc edilmişdir. Fransız dilini hələ o vaxt mükəmməl bilən C.Hacıbəyli Parisdə çıxan qəzetdəki həmin məqaləni tərcümə edir və onun qısa məzmununu oxucuların diqqətinə təqdim edir.

Ceyhun bəy yazırdı: "Q.Rabinonun fikrincə, İranda ilk mətbu orqan Nəsrəddin şahın hakimiyyətinin ilk illərində, 1848-ci ildə  Mirzə Tağı Xan Əmir Nizamın təşəbbüsü ilə işıq üzü görür. Qəzetə bir ingilis redaktorluq edib. 261 nömrəsi "Ruznameyi vekaiyə” (Hadisələr qəzeti) adı ilə çıxan qəzet 30 yanvar 1856-cı ildən sonra "Ruzname dövləti əliyeyi İran” (İran imperatorluğu dövlətinin qəzeti), 18 yanvar 1903-cü ildən "İran” adı ilə çıxmışdır. Nəşrinin 59-cu ilində, 1906-cı ildə bağlanan qəzetdə rəsmi xəbərlərlə yanaşı tərcümələr, tarixi hadisələrlə bağlı materiallar da verilirdi. Doğrudur, başqa bir ingilis müəllif Monzi yazmışdır ki, imperatorun dekretinə əsasən, 1866-cı ildə "Tehran” adlı qəzetin əsası qoyulmuşdur. Lakin həmin qəzetin bir nömrəsi belə əldə edilməmişdir”.

Adı çəkilən məqalədə deyilir: "Şahın Avropaya üçüncü səfərinədək Təbrizdə qısa müddət bir qəzet buraxılmışdı. "Naseri” adlı həmin qəzet 1311-ci ildə (1894-cü il) nəşr edilmişdir”.

Təbrizdə aşağıdakı nəşrlər buraxılırdı: "El-Xadid” (Dəmir), "Ədalət”, "Kamal”, "Ehtiyac”, "İqbal”. Məqalədə mühacirətdə çıxan İran qəzetlərinin də adı çəkilir.

C.Hacıbəyli "Kaspi”nin 1913-cü il tarixli, 103-cü sayında yazırdı: "Q.Rabino öz tədqiqatında İranda çıxan bütün qəzet və jurnalların siyahısı, redaktorları, nömrələrinin sayı, tirajı, çıxdığı, bağlandığı tarix haqqında məlumat verir. Q.Rabinonun göstərdiyi 243 nəşrdən 4-ü fransız, 6-sı erməni dilindədir”. Ceyhun bəy Q.Rabinonun əməyini yüksək qiymətləndirir və onun tədqiqatının İran tarixçiləri üçün faydalı mənbə olacağını yazır.

"Molla Nəsrəddin”i "Qafqaz müsəlmanları üçün əvəzedilməz orqan”, "Füyuzat”ı isə "həm formasına, həm də məzmununa görə son dərəcə maraqlı məcmuə” adlandıran Ceyhun bəy Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan publisist, jurnalist, naşir Haşım bəy Vəzirovu "nadir şəxsiyyət”, "fövqəladə insan” kimi yüksək dəyərləndirirdi. O, Haşım bəyin ölümünə təəssüfünü belə bildirirdi: "Amansız ölüm Qafqaz müsəlmanlarının cərgəsindən bütün həyatını qəlbən sevdiyi xalqının təlbiyəsi və tərəqqisinə həsr etmiş görkəmli ictimai və maarif xadimlərindən birini apardı”.

H.Vəzirovun vəfatı və il dönümü münasibətilə, o zaman "Açıq söz”, "Bəsirət” qəzetlərində, "Məktəb” və "Dirilik” jurnallarında çap edilən bu məqalələr bu gün də öz elmi əhəmiyyətini itirməyib, onun haqqında əlimizdə olan yeganə mənbələrdir.

"19-cu yüzilliyin sonu, 20-ci yüzilliyin əvvəllərində Azərbaycanın mədəni həyatında, ictimai-siyasi, bədii-estetik fikrimizin inkişafında özünəməxsus yeri olan jurnalist, publisist, redaktor H.Vəzirovun irsi həm XX əsrin əvvəli Azərbaycan ədəbi həyatının real mənzərəsini yaratmaq, həm də sovet ədəbiyyatşünaslığının qərəzli, bitərəf mövqeyini dəyərləndirmək baxımından aktual və mühüm əhəmiyyətli tədqiqat predmetidir” söyləyən C.Hacıbəyli haqlıdır. Çünki sovet dövrü tədqiqatlarının əksəriyyətində Haşım bəy "ideya tərəddüdləri içində olan, çox vaxt burjua məfkurəsi təsiri altında yazan tipik liberal burjua ziyalısı” və ya "ictimai-siyasi görüşlərində burjua millətçilərinin də özünü göstərmiş, sinfi sülh ideyasının tərəfdarı və panislamist olmuşdur” kimi təqdim edilirdi və ədəbiyyat, mətbuat sahəsindəki xidmətləri ehtiyatla etiraf olunurdu. Hansı ki, H.Vəzirov 1910-cu illər ədəbiyyatında, xüsusən də mətbuatında nüfuzlu, qüdrətli söz sahibi idi.
 
C.Hacıbəylinin İ.Qaspiralı, H.Zərdabi, A.Bakıxanov və başqalarının həyatı, yaradıcılığı haqqında da iri həcimli məqalələri var. Müəllif bu məqalələrini adətən "Dağıstani” imzası ilə "Kaspi” qəzetində çap etdirib. "Həsən bəy Məlikovun xatirəsi” və "Müsəlmanın qeydləri” rubrikası ilə verilən "Yeddi il” adlı məqaləsində Həsən bəyin xatirəsinə və onun ailəsinə olan biganəlik, layiqincə qiymətləndirilməsi müəllifi çox narahat edirdi: "Biz nəyinki Həsən bəyə adidə ucaltmaq, heç adi qəbirüstü daş qoymaq üçün onun həyat yoldaşına kömək etməyə gəlmədik, biz nəinki Həsən bəyin adını və xatirəsini əbədiləşdirmədik, hətta onun tamamilə unudulması üçün çalışdıq, nəinki onun ailəsinə qayğı göstərmədik, əksinə elə bil ona əlavə dərd, kədər gətirmək prinsipi ilə bəhsə girdik”-deyə öz narahatlığını bildirən müəllif  şəhər özünüidarəsini tənqid atəşinə tuturdu.
 
C.Hacıbəyli mühacirət dövründə də mətbuat tariximizə dair məqalələr və əsərlər çap etdirmişdir. Onun mühacirətdə yazdığı "Azərbaycan mətbuat tarixi” elmi əsəri buna sübutdur. Ədib, fransız şərqşünası A.Benniqsen və Ş.L.Kelkejenin 1964-cü ildə Parisdə çap etdirdikləri "Rusiyada 1920-ci ilə qədər çıxan müsəlman mətbuatının tarixi” əsərinin Azərbaycan bölməsinin hazırlanmasında iştirak etmişdir”.
 
Mətbuat tariximizə həsr edilən bu məqalələr zəngin tarixi məqamları özündə büruzə verdiyi üçün, bu gün də qiymətli və dəyərlidir.

Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2777
TRY 1 Türk lirəsi 0.4436
KWD 1 Küveyt dinarı 5.6262
SEK 1 İsveç kronu 0.2012
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7136
USD 1 ABŞ dolları 1.7000