• cümə, 26 Aprel, 02:09
  • Baku Bakı 16°C

Qələbə konserti verməyə hazırlaşırıq!

05.04.16 11:59 2385
Qələbə konserti verməyə hazırlaşırıq!
Aprelin 2-nə keçən gecə gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qaldı. Təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı və strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olundu. Bütün bu proseslərdə düşmən çoxlu sayda texnika və hərbçi itirsə də, biz də bu döyüşdə 15 şəhid verdik.
Son bir neçə gündür ki, özünü bu ölkənin övladı hesab edən, damarlarında türk qanı axan hər bir vətəndaş həyəcan içərisindədir. 20 ildən artıqdır ki, düşmən tapdağı altında olan torpaqlarımız uğrunda gərgin mübarizə gedir. Bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən tam azad olunması isə hər bir vətəndaşın daxilində ruh yüksəkliyi yaradıb.
Xalqımızın bu həssas zamanda birləşərək bir amal uğrunda mübarizə aparması təqdirəlayiqdir. Əsgərlərimizin düşmən üzərində qələbəsi sosial şəbəkələrdə sevinc hissi ilə paylaşılır. Bəs görəsən, bu həlledici günlərdə şou əhli nələr düşünür? Onlar ölkəmizdə baş verən hadisələri izləyirlərmi?
Xalq artisti Gülyanaq Məmmədova “Kaspi”yə açıqlamasında qeyd etdi ki, o da torpaqlarımızın sülh yolu ilə geri qaytarılmasının tərəfdarıdır: “Bir halda ki ermənilər yola gəlmir, biz nə etməliyik? 20 ildən artıqdır ki, torpaqlarımız işğal altındadır. Bu qədər də olmaz axı. Biz öz torpaqlarımızı almalıyıq. Ali Baş Komandanımız özü nə etdiyini yaxşı bilir. Biz hamımız ona inanırıq. Məsləhət nədirsə, elə də edəcəyik. Əgər bizə güllə atırlarsa, o da cavab atəşi ilə susdurulur”.
Xalq artisti deyir ki, baş verən hadisələri dəqiqəbədəqiqə yerli və xarici mətbuatdan izləyir: “Qələbənin yaxında olduğunu hiss edirəm. Axşam Teymur Əmrah iki təpənin alındığını mənə xəbər etdikdə, sevincimin həddi-hüdudu yox idi. Arzulayıram ki, bütün rayonlarımız düşmən əsarətindən azad olunsun. Onun bu xəbəri məni o qədər sevindirdi ki, hətta biz gedib torpaqlarımızda qələbə konserti verməyə hazırlaşırıq. Biz sənət adamları çoxdandır ki, bu arzu ilə yaşayırıq. İnanırıq ki, yaxın zaman ərzində bu arzumuz da həyata keçəcək. Ordumuza inanıram”.
Xalqımızı coşdurmaq üçün vətənpərvər ruhlu mahnıların da xüsusi rolu olduğunu qeyd edən Gülyanaq Məmmədova deyir ki, musiqi hər yerdə gərəklidir: “Bizim ifamızda hər zaman vətənpərvər ruhlu mahnılar səslənib. Azərbaycan müğənniləri arasında vətənpərvər ruhlu mahnı ifa edən müğənnilərdən Gülyazla mənə çatan olmaz. Bizim repertuarımızda 40-a yaxın vətənpərvərliyə dair mahnılar yer alıb. Biz o mahnıları sevərək ifa edirik. Bəzən sənətçilər elə mahnılar yazdırırlar ki, ondan gəlir əldə etmək istəyirlər. Vətənpərvər ruhlu mahnılar gəlir gətirməsə də, biz hər il repertuarımıza həmin mahnılardan əlavə edirik. Azərbaycan vətəndaşı olaraq vətənimiz haqqında mahnı yazdırmağı özümüzə borc bilirik. Yazdırırıq da, ifa da edirik. Vətənpərvərlik ruhunda yazılmış mahnılar hər kəsdə ruh yüksəkliyi yaradır. Xalqını, millətini sevən elə bir müğənni varmı ki, vətənpərvər ruhda mahnı oxumasın”.
PrimeTime.Az-a açıqlamasında xalq artisti Aygün Kazımova cəbhədə yaşananlara münasibət bildirib: “Allahım, sən bizim əsgərlərimizi, məmləkətimizi qoru. Son bir neçə gün ərzində Azərbaycanın igid oğulları şəhid oldu. Allah onlara rəhmət eləsin. Ailələrinə və Azərbaycanıma başsağlığı verirəm. Buna baxmayaraq, əsgərlərimiz igidlik nümayiş etdirib, bir neçə kəndi geri qaytarıb. Vətən anadır. Vətən mənim özümdür! Onsuz heç kiməm! Onsuz heç nəyəm! Cənab prezident, sizinləyik! Ali Baş Komandanın əmrini gözləyirəm! Mən Qarabağ döyüşlərində, səngərdə olan Azərbaycan qızıyam! Səngərə yollanan ilk azərbaycanlı müğənniyəm. Avtomat çiynimdə olan Azərbaycan qızıyam! Yenidən səngərə dönməyə hər an hazıram!”
Bir çox tarixi qəhrəmanlarımızın obrazlarını yaratmış tanınmış aktyor, xalq artisti Rasim Balayev mətbuata açıqlamasında bildirib ki, şəhidlərimiz olsa da, ordumuzun qazandığı nəticələr sevindiricidir: “Çox sevinirəm ki, ordumuz son günlər gücünü göstərmək imkanı qazandı. İstərdim ki, axıra qədər belə davam etsinlər. Hələ bir neçə il öncə demişəm ki, Allah mənə Qarabağı görəcək qədər ömür qismət eləsin. Elə istərdim ki, o torpaqları görüm. Düzdür, xeyli şəhid vermişik. Amma müharibə şəhidsiz olmur. Rusiya, Amerika deyir ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq geridə qalan illər göstərdi ki, erməni donuz kimi şeydi, mütləq güc tətbiq etməlisən. Şükür ki, artıq dünya bizim haqlı olduğumuzu məcburən qəbul edir. Biz heç kimə hücum etmirik, evimizə girmiş donuzu qovub çıxarmaq istəyirik. Allah qoysa, bu işi başa çatdırarıq”.
Əməkdar artist Baloğlan Əşrəfov bizimlə söhbətində bildirdi ki, cəbhədə şəhid olan övladlarımızı öz övladlarından ayırmır: “Elə bilməyin ki, biz müğənnilər bu cür hadisələrə biganə yanaşırıq. Cəbhə xəttində, hətta dünyanın o biri başında hansısa bir bomba partlayırsa, onun qəlpələri musiqiçilərə dəyir. Cəbhə xəttində şəhid olanlar öz vətəndaşlarımızdır. Onlar vətən, torpaq uyğunda canlarından keçiblər. Bizim əlimizdən nə gəlir ki? Yaşımın bu vaxtında cəbhədə mənə ehtiyac olsa, günü bu gün döyüşə gedərəm. İstəyirəm ki, tezliklə bu qan-qada kəsilsin. Torpaqlarımız bizə geri qaytarılsın. Biz sadəcə olaraq işğal olunmuş torpaqlarımızı istəyirik. Ermənilər salamat qalmaq istəyirlərsə, torpaqlarımızdan rədd olsunlar. Axı biz nə vaxta qədər gözləməliyik? Allahın yaratdığı heç bir insan istəməz ki, onun ölkəsində müharibə olsun. Biz torpaqlarımızın sülh yolu ilə geri qaytarılmasını istəyirdik. Bu yolla alınmayandan sonra bizə başqa seçim şansı qoymurlar. Biz torpaqlarımızı yalnız müharibə yolu ilə qaytara bilərik. Müharibə də olanda cavan övladlarımız dünyasını dəyişir. Əgər bizlə erməniləri baş-başa vuruşmağa qoysalar, bəlkə bir saat ərzində bizimkilər gedib İrəvanın mərkəzində oturarlar. Onların arxasında dayanan olmasa, ermənilər kimdir ki? Onlar heç bizim millətin yarısı qədər deyil”.
Tanınmış müğənni Elnarə Xəlilova da ölkəmizdə, cəbhə xəttində baş verən hadisələri izlədiyini və şəhidlərimiz üçün kədərləndiyini dedi. Şəhidlərimizin ailələrinə başsağlığı verən ifaçı məlumatları əsasən Müdafiə Nazirliyinin saytından, yerli saytlarımızdan və televiziyalarımızdan, eyni zamanda, informasiya agentliklərimizdən əldə etdiyini bildirdi.
İfaçı hesab edir ki, nə qədər ki Azərbaycan kişiləri sağdır, qadınların cəbhəyə getməsi onlar üçün ayıb olar: “Ancaq mən də vətənini sevən hər kəs kimi torpaqlarımız üçün canımı qurban verməyə hazıram. Əgər qadınlara cəbhədə ehtiyac yaranarsa, mən Elnarə Xəlilova ən ön cərgələrdə yer alacam”. Sənət əhlinin vətənpərvər ruhlu ifalarına gəlincə, müğənni deyir, yaxşı olar ki, Azərbaycanımıza, torpaqlarımıza, vətənimizə həsr olunan mahnıları gedib cəbhə xəttində oxuyaq: “Mən çox oxumuşam, hazırda isə uzaq yola çıxmağa vəziyyətim əl vermir, məndən olsa, bu gün yola çıxaram”.
Gənc ifaçı Leyla Ramazanlı isə yaşanan hadisələrin ona pis təsir etdiyini dedi. Şəhid ailələrinə səbr diləyən ifaçı anaların, gözü yolda qalan qızların göz yaşlarını, uşaqların ah-nalələrini başa düşdüyünü bildirdi: “Allah dünyasını dəyişənlərin ailələrinə səbr versin. Mən də illər öncə bu acını yaşamışam. Onun insanı necə yandırdığını yaxşı bilirəm. Onun üçün torpaqlarımızın alınmasını səbirsizliklə gözləyirəm. Allahın izni ilə biz öz torpaqlarımıza qovuşacağıq. Əsgərlərimizə güvənirəm. İnanıram ki, biz qələbə çalacağıq. Çünki bizim kifayət qədər mərd oğullarımız və müasir texnikamız var. Yeri gəlsə, mən də döyüşə getməyə hazıram”.
O ki qaldı vətənpərvər ruhlu mahnılara, ifaçı belə mahnılara xüsusi önəm verdiyini dedi. “Qələbə”, “Azərbaycan” və digər mahnıların ifaçısı olan Leyla Ramazanlı əsgərlərimizə ismarış göndərməyi də unutmadı: “Qoy bilsinlər ki, biz daima onlara dəstəyik. Onlar bizim ürəyimizdədirlər. Allah əsgərlərimizi qorusun. İnşallah, qələbəmizi tezliklə Qarabağda qeyd edək. Qarabağ torpaqlarından səsimiz ucalsın”.
Qeyd edək ki, xalqımızın şəhidlər verdiyi bu günlərdə şadyanalığından qalmayan, pula həsirliyinin qurbanı olan müğənnilərimiz də tapıldı...
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər