• çərşənbə axşamı, 23 aprel, 17:14
  • Baku Bakı 24°C

Qəhrəmanlıq salnaməsinin yazıldığı gün - Fotolar

20.01.17 09:00 2295
Qəhrəmanlıq salnaməsinin yazıldığı gün - Fotolar
20 Yanvar tariximizdə faciəvi hadisə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin qanla yazıldığı günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələrinə, ermənilərin Azərbaycana əsassız ərazi iddiaları irəli sürməsinə, xalqımıza qarşı təxribatlara, ən nəhayət Ermənistan ərazisindəki əzəli torpaqlarından azərbaycanlıların qovulmasına etiraz edən geniş xalq kütlələri məhz 1990-cı il yanvarın19-dan20-nə keçən gecə sovet ordusunun xüsusi təlim keçmiş hissələrinin hücumuna məruz qalıb. Həmin gecə keçmiş SSRİ-nin qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakışəhərinə yeridilib, dinc, əliyalın əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb. Ordu hissələrinin, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək, hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın20-də və sonrakı günlərdəBakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda, o cümlədən yanvarın25-dəNeftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsindəBakıda və Azərbaycan rayonlarında ümumilikdə 137 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.
Xalq dərdini demək üçün Basarkeçərdən Bakıya gəldi
Xalqımızın qəhrəmanlıq səhifəsinin yazıldığı həmin gün minlərlə azərbaycanlı kimi Nadir Müseyibov da təpədən-dırnağa qədər silahlanmış rus qoşunlarının qarşısına əliyalın çıxanlardan biri olub. O, 20 oktyabr 1966-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalında - Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1983-cü ildə Nərimanlı kənd orta məktəbini bitirərək Azərbaycanın paytaxtı Bakı şəhərinə gəlib, burada dövlət imtahanlarında iştirak edərək, Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin avtomatika və telemexanika ixtisasına qəbul olub. Həmin vaxt qanuna uyğun olaraq, ali təhsilinin iki ilini başa vurub həqiqi hərbi xidmətə yollanıb. 1985-87-ci illərdə əvvəlcə Ukraynada hərbi kurslara cəlb olunub, çavuş hərbi rütbəsi alıb, 6 ay sonra isə Çexoslovakiyadakı hərbi hissəyə göndərilib. Yüksək mənəvi-psixoloji, fiziki göstəricilərinə və şəxsi heyətlə iş bacarığına görə həmin vaxtdan düz xidmətinin sonuna qədər artilleriya bölüyündə bölük komandirinin müavini vəzifəsini icra edib. Xidmətini başa vuraraq Azərbaycana qayıdan N.Müseyibov yenidən ali təhsilini davam etdirməyə başlayıb.
Azərbaycanlılara qarşı növbəti deportasiya siyasəti

1988-ci ildən Ermənistanda vəziyyət gərginləşməyə başlayıb, Kremlin himayəsini üzərində hiss edən erməni siyasi rəhbərliyi azərbaycanlılara qarşı növbəti deportasiya siyasətinə başlayıb. Baş verənlərdən böyük narahatlıq keçirən N.Müseyibov Nərimanlı kəndindən gələn ağsaqqallarla birlikdə Mərkəzi Komitəyə dəfələrlə ayaq döyüb, azərbaycanlılara qarşı törədilən vəhşilikləri, fiziki və mənəvi zorakılıqları Azərbaycan rəhbərliyinin diqqətinə çatdırmaq istəyib. Lakin bütün cəhdlərə baxmayaraq, həmin vaxt Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirovun qəbuluna düşmək mümkün olmayıb. Onun müavinləri Ermənistandan gələn azərbaycanlıları qəbul edərək, ancaq quru vədlər verib, yola salıblar. Azərbaycan siyasi rəhbərliyinin bu biganəliyi Ermənistandakı soydaşlarımızın vəziyyətini daha da mürəkkəbləşdirib, azərbaycanlılar sıxışdırılıb və deportasiya kütləvi xarakter alıb. N.Müseyibovun sözlərinə görə, ali təhsil aldığı institutda Basarkeçər rayonundan olan tələbələr öz aralarında pul toplayıb Moskvaya - Kreml rəhbərliyinə teleqramlar ünvanlayıb, Ermənistandakı vəziyyətə dair onlardan kömək istəyiblər. Amma bu cəhdlərin də heç bir nəticəsi olmayıb. Beləliklə, həmsöhbətimizin vətənpərvərliyi, el-oba yanğısı, öz soydaşlarına kömək etmək istəməsi onu Bakıda sovetlər ittifaqının rəhbərliyi əleyhinə keçirilən mitinqlərə, Azərbaycan Xalq Cəbhəsi hərəkatına gətirib çıxarıb. Ali təhsil aldığı institutda hərəkatın dayaq dəstəsini yaradan N.Müseyibov fəal vətəndaş və təşkilat üzvü kimi bu aksiyaların keçirilməyə başladığı ilk gündən 20 yanvar 1990-cı ilə qədər bütün mitinqlərdə iştirak edib, SSRİ rəhbərliyinin biganəliyinə, riyakar siyasətinə öz etirazını bildirib, bununla əlaqədar müəyyən təşkilatçılıq işləri görüb.
Yolun açılmayacağı təqdirdə, zirehli texnika ilə insanların üzərindən keçəcəklərini bildiriblər
Həmsöhbətimizin söylədiyinə görə, SSRİ DTK-nın təşkil etdiyi, kənardan gətirilən, şəxsiyyəti məlum olmayan təxribatçılar 1990-cı il yanvarın 13-dən başlayaraq Bakıda erməni əsilli əhaliyə hücumlar təşkil etməyə, SSRİ rəhbərliyinə, Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı törədilənlərə etiraz edən qəzəbli kütləni də bu təxribatlara qoşmağa çalışıblar. Bununla onlar rus qoşunlarının Bakıya yeridilməsinə zəmin yaratmaq istəyiblər. Baxmayaraq ki, həmin vaxt Bakıda milis qüvvələri olub, eyni zamanda paytaxta kənardan əlavə 13 min milis qüvvələri cəmləşdirilib, onlar bu vəziyyətə ancaq seyrçi mövqe nümayiş etdiriblər. Hətta təxribat barədə milisə məlumat verilməsinə rəğmən, ictimai asayişin qorunmasına məsul olan bu adamlar heç bir tədbir görməyiblər. Belə olan halda, hərəkat üzvləri qərargah yaradıblar və bu qərargahla əlaqə saxlayan erməni ailələrinin qorunmasını təşkil ediblər. Bununla da onlar həm təxribatların, həm də Azərbaycan xalqına qarşı baş verə biləcək qırğının qarşısını almağa çalışıblar. Növbəti günlərdə SSRİ rəhbərliyinin Bakı şəhərinə aeroport yolu, indiki Saray qəsəbəsi, 20 yanvar dairəsi istiqamətindən qoşun yeridəcəyi barədə məlumatlar yayılıb. Hamı kimi N.Müseyibov da bu qoşunların qarşısını kəsmək üçün barrikadalar qurmaq, avtobus və yük maşınlarından istifadə etməklə zirehli texnikanın irəliləməsinə maneələr yaratmaq prosesinə qoşulub. N.Müseyibovun dediyinə görə, hadisə qanlı xarakter almazdan bir gün öncə Sumqayıt yolu ilə Bakı şəhərinə daxil olmaq istəyən zirehli texnikanın qarşısını digər azərbaycanlılarla birlikdə əl-ələ verərək kəsiblər. Hətta döyüş maşını BMP-ni camaatın üstünə sürən hərbçilər yolun açılmayacağı təqdirdə, əliyalın insanların üzərindən keçəcəklərini bildiriblər. Amma insanların ciddi müqaviməti, ən əsası da qorxmazlığı müqabilində, həmçinin, aparılan söhbətlər nəticəsində hərbçilər geri qayıtmalı olublar. Yanvarın 19-u axşam Dövlət Televiziyasının enerji blokunun partladılmasından sonra hərəkat üzvləri müxtəlif yollarla barrikadalara gedərək, vəziyyətin daha da mürəkkəbləşdiyini, qoşunların atəş açmaq, etirazçıları məhv etmək ehtimalının böyük olduğunu anlatmağa, oradakı əliyalın əhalini geri çəkilməyə çağırıblar. N.Müseyibov da bu məqsədlə 3 nəfər yoldaşı ilə birlikdə "Jiquli” markalı maşında barrikadalara gediblər. Lakin qəzəbli kütlə idarəolunmaz bir vəziyyətə gəldiyindən, eyni zamanda SSRİ rəhbərliyinə qəzəb hissi güclü olduğundan heç kim bu çağırışlara əməl etməyib. Bir neçə saatdan sonra isə şəhərin müxtəlif yerlərində atəş səsləri eşidilməyə başlayıb, qoşun şəhərə yeridilib.

"Meyitləri” maşından çıxarmaq istəyiblər
N.Müseyibov yanvarın 20-i gecə saat 3-4 radələrində keçmiş "Papanin” - indiki Cəlil Məmmədquluzadə küçəsi ilə növbəti barrikadaya tərəf gedərkən onların içində olduğu avtomobil ön və arxa hissədən avtomat atəşinə tutulub. Nəticədə avtomobilin bütün pəncərələri sınıb, motor yerləşən hissə dağılıb və avtomobil dayanıb. N.Müseyibov və 3 yoldaşı şok vəziyyətində olduqlarından nə edəcəklərini bilməyiblər. Hətta o an elə düşünüblər ki, güllə yarası alıblar, ölürlər. Az müddət sonra atəş açan hərbçilərdən biri avtomobilə yaxınlaşıb. Rütbəcə mayor olan bir hərbçinin əmrinə uyğun olaraq, "meyitləri” maşından çıxarmaq istəyib. Lakin baş leytenant rütbəli həmin hərbçi güllələnmiş avtomobildəki adamların sağ olduğunu görəndə dərhal geri çəkilib, vəziyyəti komandanlığa məruzə edib. Bundan sonra hərbçilər avtomobildəki 4 nəfəri yerə düşürüb və qərargahlarına aparıblar. Orada rütbəcə mayor olan bir zabit əsgərlərə silahı qaldırmağı, nişan alıb bu 4 nəfəri öldürməyi əmr edib. Elə bu vaxt qərargahdan general rütbəli daha bir zabit çıxıb və atəş açmamağı əmr edib. Üst-başları yoxlanandan sonra onlar yaxınlıqdakı binanın zirzəmisində saxlanılan digər 11 nəfərin yanına gətirilib.
"Bizi huşumuzu itirənə qədər döyürdülər”
N.Müseyibovun dediklərinə görə, saxlandıqları gündən yanvarın 27-ə qədər hər gün ümumilikdə 15 nəfərə fiziki, mənəvi, psixoloji işgəncələr verilib, uzun-uzadı sorğu-sual aparılıb: "Bizi ac və susuz saxlayır, bir bəhanə ilə döyür, təhqir edirdilər. Hər gün sorğu-sual edir, boynumuza qoymaq istəyirdilər ki, guya biz hərbçilərə silahlı müqavimət göstərmişik. Hətta bu cür izahat tərtib edib bizlərdən onu imzalamağı tələb edirdilər. Təbii ki, imtina edirdik və buna görə avtomatın qundağı ilə bizi huşumuzu itirənə qədər döyürdülər. İstəyirdilər ki, qoşunların Bakıya yeridilməsinin əsaslı olduğunu bu yolla sübut etsinlər, müvafiq sənədləşmə işi görsünlər. Buna qol qoymadığımız üçün bizi döyməklə bərabər, saxlandığımız yerdən çıxarır, soyuq qış günündə qarın, palçıqlı suyun içində ağzı üstə uzadır, müxtəlif işgəncələr verirdilər. Hətta bizlərdən bir nəfəri hasara dırmaşmağa məcbur etmək istəyirdilər ki, guya qaçmağa hazırlaşırmış adı ilə hamımızı güllələsinlər. O zaman heç kim buna getmədi, durduğu yerdən tərpənmədi. Hamı dedi ki, öldürürsünüzsə elə burada öldürün. Beləliklə, bizi düz 7 gün ərzində döyməklə, işgəncələr verməklə öldürüb-diriltdilər. Amma ölümü gözə aldığımızdan müqavimətimizi qıra, iradəmizi sındıra bilmədilər”.
Sovetlər imperiyasının süqutu
Hal-hazırda Gəncə Telekommunikasiya İdarəsində şöbə rəisi vəzifəsini icra edən N.Müseyibov deyir ki, özü də daxil olmaqla saxlanılan yoldaşlarının azad olunmasına səbəb onlar barədə qohum-əqrəbanın müvafiq qurumlara çoxsaylı müraciətləri olub. Onun sözlərinə görə, Xalq şairi Bəxtiyar Vahabzadə, Ali Sovetin o zamankı sədri Elmira Qafarova, sabiq millət vəkili Sabir Rüstəmxanlının proseslərə müdaxiləsi, atdıqları addımlar onların həyatda qalması ilə nəticələnib. Əgər barələrində axtarış olmasaydı, yəqin ki, onlar da haqq dünyasında idilər. N.Müseyibov bizimlə söhbətində yaşadıqlarından zərrə qədər peşmançılıq hissi keçirmədiyini, əksinə bundan qürur duyduğunu da dilə gətirdi.
Sonda bir daha qeyd edək ki, qabaqcadan düşünülüb hazırlanmış və 1990-cı ilin 19-20 yanvarında törədilmiş bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin Nadir Müseyibov kimi Azərbaycanın çoxsaylı fədakar, mərd və cəsur oğul-qızları sayəsində təcavüzkarların əsl niyyətləri baş tutmadı, xalqımız sınmadı, müstəqilliyinə qovuşdu. 20 Yanvar hadisəsi isə xalqlar həbsxanası adlandırılan sovetlər imperiyasının süqutuna gətirib çıxardı.

Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər