• çərşənbə axşamı, 19 mart, 14:24
  • Baku Bakı 8°C

Qəhrəmanlıq nəğməsi

28.06.20 14:30 7295
Qəhrəmanlıq nəğməsi
"Sid haqqında nəğmə” öz epik xələfləri və sələflərindən olduqca fərqlənir. Hətta müasir araşdırmaçılar janrın izahı üçün romanlaşan tərcümeyi-hal, yeni epopeya, qafiyəli xronika kimi əcaib adlar düşünməyə çalışırlar – lakin həmin adların hər biri poemanı əsl epikadan fərqləndirmək məqsədi daşıyır.
Həqiqətən də "Sid haqqında nəğmə” olduqca qeyri-adidir. Burada adətən eposa xas olan əlamətlərdən heç biri – nə mübarizənin təsviri, nə fantastika, nə hiperbolizasiya (hiperbolizasiya –təxəyyül obrazlarının yaradılmasında mübaliğədən istifadə – X.N.), nə də qeyd-şərtsiz qəhrəman və eyni zamanda müstəsna macəra və hadisələr mövcud deyil. O, sanki sadə və bayağı mətn təəssüratı yaradır.
Elə iki ayrı təxəllüsü olan qəhrəman – onlardan biri Siddir, bu isə ərəbcədən tərcümədə "cənab” deməkdi, digər Kampeador təxəllüsü isə latıncada "döyüşçü” mənasını daşıyır – Rodriqo Dias de Bivar özü də ilk baxışdan heç də epik qəhrəmana oxşamır. O, gənc deyil, olduqca qayğıkeş, hətta himayədardı – bu xüsusda qumla dolu sandıqların olduğu məşhur epizodu xatırlamaq kifayətdir. O, öz təbəəsinin qayğısına qalır: onların nikahlarını kəsir, yaşamaqları üçün pul vəsaiti verir. Amma ən əsası o, əməli cəhətdən heç vaxt döyüşdə görünmür, ən böyük incikliyi isə poemanın finalında baş verən məhkəmə mübarizəsində həll edir.
"Sid haqqında nəğmə”nin yeganə əlyazması günümüzə qədər gəlib çatmışdır – bu XIV əsrdə Per Abbat adlı şəxs tərəfindən daha qədim dövrdən qalma mətn əsasında tərtib edilən əlyazmadır. (Əlyazma tarixi 1207-ci ilə və ya ispan erası ilə 1245-ci ilə aid olsa da, biz bunun yazılma, yoxsa yaranma tarixi olduğunu və ya mətnin ayrı-ayrı mənbələrdən toplanması və ya ancaq daha qədim variantdan nüsxələmə olduğunu dəqiq bilmirik). Bu, poemanın şifahi ənənə ilə fransız epik ənənəsinin təsiri altına düşdüyü və artıq mövcud olan "kantares de gesta” janrında, yəni xadimlik haqqında nəğmələrlə formalaşmağa başladığı zamandır və o şifahi ifa üçün nəzərdə tutulmuşdur. Poemanın şifahi ifa edilməsini isə finalda huqların (janqlyor, hoqqabaz – X.N.) öz ifası əvəzində ödəniş istəməsinin əks olunduğu sətirləri təsdiq edir.
Həqiqətən də, poema digər epik mətnlərə bənzəmir. Niyə? Hər şeydən əvvəl yəqin o səbəbdən ki, içərisində danışılan hadisələrlə mətnin meydana çıxması arasında olduqca az zaman fərqi var və Rodriqo Dias de Bivar – həqiqi, tarixi, real mövcud olan personaj, bundan başqa isə hələ həyatda ikən qəhrəman şöhrətinə sahib olmuş insandır. Biz onun haqqında bir çox həm latın, həm də ərəb silsilə mənbələrindən öyrənirik. Bu tərcümeyi-hal həm həyatı, həm də ölümdən sonrakı zamanı əks etdirir. Mətndə eyni zamanda Sidin dəfn edildiyi San Pedro de Kardenya monastırında formalaşan axirət həyatı da əks edilir.
Həqiqi Rodriqo Dias de Bivarın tərcümeyi-halı hər bir ispana yaxşı məlumdur. O, ispan tarixinin ən mühüm anlarından biri olan Rekonkistlərin mavrlarla mübarizəsinin ən parlaq fiqurudu. Sid həyatda ikən çoxsaylı hünər və qələbələri, eyni zamanda qüruru və həm latın, həm də ərəb xronikalarında təsvir edilən intizamsızlığı ilə şöhrət qazanmışdı. Onu cəsarət və igidlik dolu, amma dərrakə və ehtiyatlılıqdan məhrum olmamış ümidsiz insan kimi təsvir edirlər. Biz Sid haqqında nə bilirik? O, öz vassaları üçün qayğıkeş süzeren (feodalizm dövründə: öz vassallarının hökmdarı olan böyük feodal – X.N.) olmuşdur, zadəgan nəslindəndi, amma ola bilər ki, bu nəsil əslində, o qədər də adlı-sanlı deyil və Sid aralarındakı gərgin münasibətlərə baxmayaraq öz kralı VI Alfonsoya sadiqdi.
Hələ VI Alfonso taxta çıxdığı zaman kralı böyük qardaşı II Sançonun ölümündə təqsirli olmadığına dair and içdirən həmin on iki cəngavərin arasında Sid də vardı. Həm də cəngavərlərin sayının on iki olmasına baxmayaraq, qiyamçı şöhrəti məhz Sidin adına yazılmışdı. Görünür, buna əsas səbəb onun məşhur taleyi olmuşdur. Axı o, kralla münasibətlərini iki dəfə pozmuş, iki dəfə təqib edilmiş, həyatının son hissəsini isə Kastiliyadan uzaqda, mavritan torpaqlarında, Valensiya adlanan istila edilmiş şəhərdə keçirmişdir. "Sid haqqında nəğmə” bu hadisə də təsvir edilmişdir.
Beləliklə, məlum olur ki, "Sid haqqında nəğmə” həqiqətən də çoxsaylı tarixi hadisələrlə əhatələnmişdir: burada kral Alfonso ilə dalaşmanı xüsusi qeyd etmək olar (reallıqda həmin dalaşma iki dəfə baş tutmuşdur, poemada isə bir dəfə göstərilir). Burada Valensiyanın ələ keçməsi ilə yanaşı, həm də Barselona qrafı Berenqari üzərində qələbə və bir çox mavritan şəhərlərinin istilası da yer almışdır.
Lakin poemanın tarixiliyini həddən ziyadə dəyərləndirməyə dəyməz. Yadda saxlamaq lazımdır ki, məsələn şəhərlərin istilasının nəticəsi başqa idi. Amma ən əsası poemanın Sidin qızlarının təhqiri ilə bağlı olan bütün ikinci hissəsi əksərən və tamamilə uydurmadır. Eposlar heç zaman tarixi hadisələri, əslində, olduğu kimi göstərmir.
"Sid haqqında nəğmə”nin epik cəhətdən zəif olması hissi bir çox hallarda qəhrəmanın öz obrazı ilə bağlıdır. Həqiqətən də, Sid ənənəvi döyüşçü-qəhrəmana o qədər də oxşamır, heç monarx kimi klassik epik personaja da bənzərliyi yoxdur. Əslində, onun obrazı bu iki ampluanın uyğunluğu əsasında yaranır: o, həm döyüşçü-qəhrəmanın, həm də hökmdar-qəhrəmanın cizgilərini özündə birləşdirir.
Onlar sanki axaraq bir-birinə qarışırlar: Sid poemanı demək olar ki, ənənəvi qəhrəman-döyüşçü kimi başlayır, hökmdar ampluasında isə bitirir. Görünür, bu, Sidin qalib qəhrəman – həlak olmaq əvəzinə daha çox hörmət və şöhrət əldə etməli olan qəhrəman olmasına görədir. Sözsüz ki, tale də ona adının iki vacib və əsas düsturlarında ifadə edilən uğur, qələbə vəd edir: "hər vaxtın xeyir, həyata qədəm qoymuş”, "hər vaxtın xeyir, qılınca qurşanmış”.
Sidin obrazının ikili tərəfli olması poemanın iki hissəli kompozisiyasında təsvir edilib. Əslində isə burada iki hissə var. Poema olduqca ənənəvi şəkildə – Sidin kralla dalaşmasından sonra qovulması ilə başlayır, burada cərəyan edən əsas hadisələr namusla bağlıdır.
Şəxsi məkanının sərhədlərindən kənara çıxdıqda Sid həqiqi qəhrəman-döyüşçü kimi hərəkət etməyə başlayır. O, şəhərləri bir-birinin ardınca istila edərək hərbi hünərlər göstərir və poemada deyildiyi kimi "uğurlu şücaətləri şöhrətini çoxaldır”. Qəhrəmanın şöhrəti onun kralla barışmasına səbəb olur. Evlilik həyatına qədəm qoyan qızları isə elə Sidlə birlikdə Valensiyaya yollanırlar.
Ardınca ikinci hissə başlayır. Burada isə Sid özünü bir az fərqli aparmağa başlayır. O, artıq sadəcə hərbi şücaət göstərən və kralın bağışlamasına layiq olmağa çalışan qəhrəman deyil. Burada o, hökmü altında saxladığı şəhərə sahib olan təbəəsinə görə cavabdeh olan hökmdardı.
Sid bayaq dediyimiz namus konfliktini bu hissədə fərqli tərzdə həll edir: o, özü döyüşə çıxmır – mübarizə ilə, vassallarının narazı olduğu şəxslərlə döyüşləri ilə bitən məhkəmə prosesinə başlayır. Sidin özü isə hazırkı vəziyyətdə ancaq izləyicidir. Eyni zamanda qeyd etmək lazımdı ki, bu anda mövzu da dəyişir. Yəni birinci halda kralla vuruşmaq olduqca ənənəvi, artıq qeyd etdiyimiz kimi epik başlanğıcdırsa, ikinci hissədə bu, nəsillərin davası mövzusudur, çünki söhbət məşhur ispan nəsilləri arasındakı konfliktdən gedir. Və infantların (Orta əsrlərdə İspaniyada, Portuqaliyada şəhzadələrin daşıdığı titul – X.N.) təhqiri ancaq məhkəmə mübarizəsi ilə yoxa çıxacaq.
Gördüyümüz kimi, əslində, tam ənənəvi və poemanın hər iki hissəsində yer almış əsas epik janra məxsus şərəf və ləyaqət mövzuları Sidin obrazı ilə bağlıdır. Konfliktlərdən birinin döyüşçüyə xas üslubla – mübarizə ilə bitməsi, ikinci konfliktin isə başçının həll etməsi kimi – mühakimə üsulu ilə yekunlaşması isə ayrı mövzudur. Əslində, Sid poemada epik cəhətdən tamamilə ənənəvi obrazdır. O, əzab çəkir, acı göz yaşları tökür, evlə vidalaşır, öncəgörmələri izləyir, arvadı və qızı ilə ayrılan zaman ağlayır. Həmfikirlərinə qarşı olduqca qayğıkeşdir, qəhrəman üçün səciyyəvi olaraq düşmənlə mərhəmətli, xainlə amansızdır. Onun Babyeka adlı gözəl atı, Tison və Koloda adlandırdığı iki qılıncı var. Bundan başqa onun gözəl saqqalı da var (Sidə "məşhur saqqalı” deyirlər). O ki qaldı Sidin ağlına, xeyirxahlığına, mərhəmətinə – bu bir tərəfdən başçının ampluasının təsir gücü, digər tərəfdən vassal münasibətlərinin orta əsrlərdə mövcud olan sistemi ilə bağlıdır. Bununla belə, Sid əlbəttə ki epik qəhrəmandı və bunu onun gələcək taleyi də göstərəcəkdir.
Əslində, Sidin hekayəsi "Sid haqqında nəğmə” ilə bitmir, əksinə başlayır. Ardınca çoxsaylı ispan xronikası, şifahi poema ənənələri, Sidin Kampeador haqqında formalaşdırdığı nəhəng sayda xüsusi romanslar silsiləsi ilə rastlaşırıq. Eyni zamanda onu da qeyd etməliyik ki, XVII əsrdən başlayaraq bu süjet barokko ispan teatrına keçərək oradan bütün Avropaya yayılmışdır.
Mənbə: academia.edu
İrina Yerşova
Rus dilindən tərcümə edən: Xatirə Nurgül


banner

Oxşar Xəbərlər