• cümə, 29 Mart, 01:17
  • Baku Bakı 7°C

Qədirbilənliyin əks-sədası

01.11.17 13:00 4156
Qədirbilənliyin əks-sədası
Azərbaycanımızın bütün bölgələri gözəl və təkrarsızdır. Hər birinin də özünə məxsus tarixi, təbiəti, mətbəxi, fədakar sakinləri, ən başlıcası da ona şöhrət gətirən övladları, adını ellərə tanıdan məşhur simaları var. Vətənimizin Qərb qapısı adlandırılan Qazax mahalı bizim coxumuzun yaddaşında şairlər vətəni kimi vəsf olunmaqdadır. Bu dilbər bölgəmizin qoynundan pərvazlanan şair və yazıçıların sadəcə adlarını yazsaq, böyük bir siyahı alınar. Bu yerdə uzun illər bir redaksiyada çalışdığımız, maşın qəzasında həlak olmuş, gözəl şair və publisist Eldar Nəsib Sibirelin misraları yadıma düşür:
Gözünü aç bu elə, obaya yaxşı bax,
Damcı bulağında durub, Dəli Kürə qarış bax!
Ərlər, ərənlər yurdu olub bu torpaq!
Hər kaha, hər mağara sirli Azıxdır, oğlum,
Bura Qazaxdır, oğlum!
Masamın üstündəki yenicə çapdan çıxmış " Qazax mahalının alimləri” adlı kitabı çox maraqla vərəqlədim. Hər səhifəsindən müdrik, elmli, fədakar, məşhur insanların yazıya köçürülmüş mənalı həyat yolu, elmi fəaliyyəti boylandı. Yeni nəşrin müəllifləri Salatın Əhmədli, Rövşən Babanlıdır. Bəri başdan onlara öz minnətdarlığımı bildirirəm. Belə məzmunda kitabların hazırlanması çox vacibdir. Ömrünü elmə həsr etmiş insanların bu şəkildə oxuculara tanıdılması təqdirəlayiqdir. Bu, həm də ehtiramın, məhəbbətin, qədirbilənliyin əks-sədasıdır.
Akademik Teymur Bünyadovun "Fəxr edin, qürur duyun” adlı ön sözündəki fikirləri kitabın əhəmiyyətini bir daha oxucuya bəyan edir: " XVII-XVIII əsrlərdə Qazax elində dərin təhsil almış və xalq arasında alim kimi tanınan dəyərli isimlər xeylidir... XX əsrdən etibarən Qazaxın dünya şöhrətli alimləri geniş ərazidə tanınır, sayılır, seçilir. Onlar xalqımıza baş ucalığı, şərəf gətirənlərdir”.
Müəlliflər uzun illər apardıqları axtarışlar, gərgin əmək sayəsində əslində mükəmməl bir ensiklopedik əsərə imza atıblar. 700-dən artıq alim haqqında məlumat hazırlamaq, həqiqətən ağır zəhmətdən, vətəndaşlıq qayəsindən və millət sevərlikdən xəbər verir. Teymur Bünyadovun bir etirafı da təsdiqləyir ki, bu ensiklopediyaya müəyyən səbəblər üzündən düşməyən bəzi alimlər də var. Əslində müəlliflər həmin alimlərin adlarını kitabın sonunda veriblər. Sadəcə, elmi fəaliyyətləri və həyat yolları barəsində məlumat yoxdur. Güman edirik ki, müəlliflərin bu istiqamətdəki axtarışları nəticəsiz qalmayacaq.
Kitab ayrı-ayrı bölmələrdən ibarətdir. "Akademiklər” adlanan ilk bölmədə Səməd Vurğun, İlyas Abdullayev, Aslan Aslanov, Teymur Bünyadov, Rasim Əfəndi, Nizami Cəfərov, Şahin Mustafayev və digər elm fədailəri barədə oxuyuruq. "Akademiyanın müxbir üzvləri” bölməsində isə 9 nəfərin haqqında məlumat var. Bu insanların hər birinin elmi fəaliyyəti şərəfli alim ömründən xəbər verir. Amma burada bir şəxsiyyət var ki, onun adını xüsusi çəkmək istərdim. Hələ sovet dövründə biz onunla fəxr edir və qürur duyurduq. Bu, geologiya -minereologiya elmləri doktoru, professor Fərman Salmanovdur. O, 1931-ci ildə Şəmkir şəhərində anadan olub. Əslən Qazağın Aşağı Salahlı kəndindəndir. Atasının xidməti vəzifəsinə görə uzun müddət Şəmkirdə yaşayıb. Kuzbasda-neft yataqlarında işləyən həmyerlimiz 100-dən çox neft-qaz yatağını kəşf etmişdi. Bu böyük zəhmətinə görə ona Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı adları verilmişdi.
Üçüncü hissədə isə 600-dən çox elm fədaisinin həyatına güzgü tutulmuşdu. Bu alimlərin də arasında 100-dən cox xanımın olması həqiqətən qürur vericidir. Çoxunun adını ilk dəfəydi oxuyurdum, amma elmdəki xidmətləri ilə tanış olduqca müəlliflərin necə xeyirxah və həm də çox vacib tədqiqat apardıqlarını alqışladım. Maraqlı insanlar, talelər, ən başlıcası ilkinlər. Onlardan biri - Sona Rəhimova 1883-cü ildə anadan olub. Atası görkəmli həkim İbrahim Xarkovda işləyirmiş. Bu səbəbdən də Sona Xarkov Qadın Gimnaziyasında orta təhsil alıb. Burada alman, fransız və ingilis dillərini öyrənib. 1900-cü ildə İsveçrənin Lozzanna Universitetinə daxil olub, lakin ailə vəziyyətinə görə Peterburq Qadın Tibb İnstitutuna dəyişdirilir. 1898-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən Sona Rəhimova 1915-1924-cü ilə kimi təhsil aldığı ali məktəbin tibb fakültəsində çalışıb. 1925-ci ildə Azərbaycana dönən Sona xanım Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasında assistent, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. Tibb elmləri elmi dərəcəsi alan ilk azərbaycanlı qadındır. 100 il ömür sürüb.
Belə ilkinlərdən biri də 1914-cü ildə Qazax rayonunun Salahlı kəndində anadan olmuş Nigar Usubova 1921-ci ildə Bakıdakı 34 saylı orta məktəbdə və konservatoriyanın nəzdindəki musiqi məktəbində oxuyub. Sonra musiqi məktəbinin fortepiano sinfini bitirib. 1930-cu ildə Azərbaycan Sənaye İnstitutunun texnologiya fakültəsinə daxil olunub. 1935-ci ildə bu ali məktəbi kimyaçı-texnoloq ixtisası üzrə bitirib. On il hərbi zavodda işləyib. Musiqiyə olan həvəsi onu nəhayət Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfinə aparmışdı. Oranı bitirdikdən sonra 1947-ci ildə Moskva Dövlət Konservatoriyasının aspiranturasına qəbul olunub. 1950-ci ildə Moskvada "Arenskinin fortepiano əsərləri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. Nigar Usubova elmin bu sahəsində ilk elmi ad alan azərbaycanlı musiqiçi qadındır.
Ötən əsrin əvvəllərində məşğul olduqları elm sahələrinin həm ali dərəcəsini qazanmaq, həm də ilkinləri sırasında dayanmaq hansı çətinliklərdən keçirdi məlumdur. Bu kitab məni necə heyrətləndirdi, ifadə edə bilmirəm. Qazax mahalının geniş dünyagörüşlü və fədakar alim xanımları mənə qeyri-adi duyğular yaşatdı. Bu cəsur, istedadlı, alim qadınların sırasında ilk pedaqoq, ilk sənətşünas, ilk ədəbiyyatşünas, ilk həkim, ilk baytar, ilk türkoloq, ilk musiqiçi... Bu öncüllərin sırası çox genişdir. Onlardan bir-neçəsinin adını ehtiramla anmağı özümə borc bildim. Pedaqoq alim Dilrüba Qaravəliyeva, Azərbaycanda ilk orqan musiqisi məhz onun adı ilə bağlı olan Zəhra Cəfərova, cərrah Sevil Qiyasbəyli (Uzun illər Hindistanda, Misirdə çalışıb –F.X.), dilçi Həmidə Abbasova, texnika elmləri namizədi Faimə Axundova, uzun illər Azərbaycan Dövlət Universitetində mühazirə oxumuş Nərgiz Allahvediyeva və onlarla başqaları.
Kitabın sonunda 92 alimin siyahısı da verilib. Müəlliflər təəssüflə bildiriblər ki, bu şəxsiyyətlər barəsində məlumat əldə edə bilməyiblər. Yəqin ki, bu iş də mütləq tamamlanacaq. Ən azından, onların hansı sahənin tədqiqatçıları, alimləri olduğu bəllidir ki...
Hər bir bölgənin ziyalıları barəsində bu cür kitabların hazırlanması vacibdir. Çünki bu əslində "Böyük Azərbaycan Ensiklopediyası”nın daha mükəmməl yaradılmasına köməkdir. Sonda bir daha müəlliflərə bu şərəfli işlərinə görə öz minnətdarlığımızı bildiririk. Dünyanın xəritəsində Qazağın heç adı da yoxdur, amma övladlarının şöhrəti, insanlığa xidməti sərhədlərimizi keçib. Akademik Teymur Bünyadovun sözləri ürəyimdən xəbər verir " Taleyini elmə bağlayan alimlərimiz haqqında oxuyun, fəxr edin, qürur duyun”. XX əsrdən başlayaraq Qazğın dünya şöhrətli alimləri geniş ərazidə tanınıb, sayılıb, seçilib və xalqımıza baş ucalığı gətiriblər. Bu yerdə xatırladaq ki, XVII-XVIII əsrlərdə Qazax elində təhsil almış və xalq arasında alim kimi tanınan dəyərli simaları da çoxdur. Təkcə elə Rus artilleriyasının Allahı general-leytenant Əliağa Şıxlinskinin, Qafqaz müftisi Osman Əfəndinin, zəmanəsinin böyük pedaqoqu, Hüseyn Əfəndi Qayıbzadənin adlarını çəkmək kifayət edər ki, Qazax mahalının dünyaya bəxş etdiyi şöhrətli oğullarının mənəvi xəritəsinin əlvanlığını dərk edək.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər