• cümə, 19 Aprel, 07:22
  • Baku Bakı 13°C

Qədim mədəniyyət müasir yarışların işığında

06.07.16 11:58 1577
Qədim mədəniyyət müasir yarışların işığında
Ötən ay Bakı – Odlar Yurdunun paytaxtı növbəti dəfə dünya əhəmiyyətli mötəbər idman yarışına – Formula-1 Avropa Qran-prisinə ev sahibliyi etdi. Yenə də bütün dünyanın diqqəti məhz ölkəmizə yönəldi. Bütün Formula-1 həvəskarlarının idman nəbzi Bakıda - Şərqlə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü. Açılış mərasimində Azərbaycan mədəniyyəti, milli rəqslərimiz və ən əsası da xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı yayımda nümayiş etdirildi. Dünya qədim tarixə, zəngin mədəniyyətə, milli-mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmizin güclü potensialına bələd oldu. Məhz belə yarışlar vasitəsilə ölkəmiz dünyaya nəinki idmanını, həm də öz tarixini, turizm potensialını, qonaqpərvərliyini və ən əsası da mədəniyyətini təbliğ etmiş olur.
Bunların hər biri beynəlxalq diqqəti özünə çəkən əsas amillərdir. Xüsusən də bir ölkədən başqa ölkəyə səfər edən turistlər getdikləri yerin mədəniyyəti, adət-ənənəsi və insanlarının xarakteri ilə yaxından maraqlanırlar. Ona görə də bu yazıda beynəlxalq tədbirlərin, eləcə də dünyaca məşhur Formula-1 yarışının Bakıda təşkilinin mədəniyyətimizin təbliğində oynadığı roldan bəhs edəcəyik.
Mövzu ilə bağlı mədəniyyət aləmində kifayət qədər söz sahibi olan mədəniyyət xadimləri və digər şəxslərlə həmsöhbət olduq.
Azərbaycanı tanıdan layihələr
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov bizimlə söhbətində dedi ki, Azərbaycanı dünyada tanıdan, onun böyüklüyünü göstərən, mədəniyyətinin zənginliyini nümayiş etdirən, ölkənin bugünkü həyatı haqqında daha çox təsəvvür yarada bilən hər bir hadisə böyük əhəmiyyət kəsb edir: "Ölkəmizin ev sahibliyi etdiyi "Eurovision” beynəlxalq mahnı müsabiqəsi, Avropa Oyunları, Formula-1 yarışları da yalnız mədəni-ictimai məna daşımır, həm də bunların siyasi bir yükü var. Bu yarışların hamısı Azərbaycanı tanıdır. Müxtəlif Avropa ölkələrində və o cümlədən Avropa Şurasında bunun əyani şahidi olmuşam. O insanlar ki Azərbaycana çox müsbət münasibət bəsləyirlər, onlar Azərbaycanın inkişafına sevinirlər. Həmin insanlar bu hadisələrin baş verməsini və Azərbaycan haqqında daha müsbət təsəvvür üçün körpü olan belə olayları çox yüksək dəyərləndirirlər. Amma erməniçilik və ermənilərlə təmasda olan və Azərbaycana ən müxtəlif tərəflərdən hansısa ziyanlar vurmağa çalışan qüvvələr, əlbəttə ki, çox kədərlənir, məyus olurlar. Çünki görürlər ki, bu hadisələrin hər birində Azərbaycan tanınır. Məsələn, Birinci Avropa Oyunlarının açılış mərasimindəki möhtəşəm tamaşa Azərbaycanın həm zövqünü göstərirdi, həm də qədimliyini”.
Akademik əlavə etdi ki, müxtəlif dövrlərdə Bakı şəhərinin gözəl olması üçün işlər görülüb. Amma son illər birdən-birə 10 qat yüksək səviyyədə elə həcmdə işlər görülür ki, sadəcə olaraq bunu təsəvvür etmək mümkün deyil. Nəhayət, Bakı bu gün dünyanın müasir və sürətlə inkişaf edən şəhərləri sırasına yüksəlib. Bu yüksəliş Formula-1 yarışı zamanı bir daha qabarıq şəkildə özünü bütün dünyaya göstərdi: "Formula-1 yarışları və digər yarışlar üçün çəkilən xərclərin gətirdiyi fayda daha böyükdür. Bəziləri deyirdilər ki, buna ehtiyac varmı? Əlbəttə ki, var. Bütün bunların hamısı sabah üçün böyük imkanlar yaradacaq. Azərbaycanın, paytaxt Bakının dünya ekranında yayımlanması, geniş təbliği ölkəmizin sabahı üçün böyük qapının açılması deməkdir. Belə ki, bu, Azərbaycan mədəniyyətinin dünyaya daha geniş çıxışına meydan yaradır. Bu gün min nəfər turist gəlibsə, bu o deməkdir ki, informasiyanın yayılmasından sonra gələnlərin sayı 5 min, 20 min artacaq”.
İdman yarışını keçirmək texnologiyasının özü bir mədəniyyətdir
Milli Məclisin deputatı, filologiya elmləri doktoru, akademik Nizami Cəfərov da bildirdi ki, Formula-1 yarışması Azərbaycanın mədəniyyətinin təbliğinə böyük töhfə verdi: "Bu yarışmanın keçirilməsi ilə ölkəmizin nüfuzu yüksəldi. Ümumiyyətlə, bu gün dünyanın müxtəlif yerlərində hər hansı beynəlxalq tədbir keçirilirsə, onların hamısında mədəniyyət amili iştirak edir. Əcnəbilər hər hansı ölkəyə gedərkən nə məqsədlə getmələrindən asılı olmayaraq həm də getdikləri məkanın mədəniyyətini öyrənir və onu qəbul edir. Həmin mədəniyyətin təsiri altına düşür. Hətta gəlib düşdüyü ab-hava ömrü boyu onun yaddaşında qalır. Yəni mədəniyyətlilik də, mədəniyyətsizlik də həmin insanın beyninə həkk olunur. Dünyanın harasına getsək, istər-istəməz. özümüzdən asılı olmayaraq, bu hissləri keçiririk”.
Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsini istənilən halda mədəniyyətin təbliği hesab edən N.Cəfərov deyir ki, mədəniyyət çox geniş bir məzmuna malikdir: "İdman yarışını keçirmək texnologiyasının özü bir mədəniyyətdir. Turistlər şəhərimizlə tanış oldular. Onun quruluşunu, tarixini, abidələrini gördülər. Bunların hamısı ciddi göstəricidir. Bu gün Bakı dünyanın sürətlə məşhurlaşan şəhərlərindən biridir”.
Bu layihələr mədəniyyətinin tanıdılması üçün kampaniyanın bir parçasıdır
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov qeyd etdi ki, mədəniyyət və turizm bir-biri ilə vəhdət təşkil edən sahələrdir. Turizmin istifadəsi zamanı mütləqdir ki, mədəniyyət də təbliğ olunsun, tanıdılsın: "Hər bir turist getdiyi ölkənin mədəniyyəti ilə maraqlanır. Belə tədbirlərin həyata keçirilməsi ölkənin turizm imkanlarının təbliği ilə yanaşı, mədəniyyətinin tanıdılması üçün kampaniyanın bir parçasıdır. Ötən ay ölkəmizin ev sahibliyi etdiyi Formula-1 sürət yarışlarına gəlincə isə əminliklə deyə bilərik ki, yarış ərəfəsində hər bir əcnəbi vətəndaş ölkəmizin turizm xidmətləri ilə tanış olub, ondan istifadə etməklə yanaşı, dövlətimizin mədəni irsini, incəsənətini, tarixini də tanıyıb, tarix və mədəniyyət abidələrinə səfərlər edib. Mədəniyyət və Turizm Nazirliyi "Baku guide” bələdçi kitabçasını məhz turistlərə həsr etmişdi. Orada Bakının bütün mədəni həyatı, ay ərzində mədəniyyət ocaqlarımızda keçirilən tədbirlər haqqında geniş məlumatlar əks olunmuşdu. Turistlər üçün teatrlarımızda bəzi tamaşalar ingilis dilində subtitrlarla nümayiş olundu. Dünya klassikası ilə yanaşı, Azərbaycan klassiklərinin əsərlərindən ibarət tamaşalar nümayiş etdirildi. Kinoteatrlarımızda da müxtəlif filmlər göstərildi”.
"Bütün ölkələrə çağırış etdik”
Formula-1 Avropa Qran-prisinin rəsmi elçisi seçilən Azərbaycanın əməkdar artisti, tanınmış estrada ulduzu Tünzalə Ağayeva da bizimlə söhbətində beynəlxalq yarışların ölkəmizdə keçirilməsinin mədəniyyətimizə təsirsiz ötüşmədiyini qeyd etdi: "Biz sənət adamları mütəmadi olaraq beynəlxalq festivallarda, musiqi tədbirlərində iştirak edirik. Əvvəllər bizdən haradan gəldiyimizi soruşanda ölkəmizin yerini göstərmək üçün xəritədə Azərbaycanı göstərirdik. Ancaq indi Azərbaycanın "Eurovision”, Avropa Oyunlarının keçirildiyi yer olduğunu deyəndə, onlar ölkəmiz haqqında müsbət fikirlərini səsləndirirlər. Bu da bizə çox xoş təsir bağışlayır. Formula-1 yarışları da bu qəbildəndir. Bu oyunların ölkəmizdə keçirilməsini böyük bir mədəniyyət hadisəsi kimi qiymətləndirmək olar. Eyni zamanda ölkəmizin imicinə çox müsbət təsir edən bir hadisədir. Azərbaycan gənc bir ölkədir, amma buna baxmayaraq, dünyanın güclü dövlətləri ilə eyni sırada dayana bilir. Artıq Azərbaycan dünyanın siyasi gücü olan dövlətləri ilə eyni səviyyədə sözünü deyə bilir. Etiraf edək ki, idman həm siyasət, həm bütün sivilizasiyaların görüşü, həm də mədəniyyət festivalı deməkdir. Bu mənada, Azərbaycan belə bir möhtəşəm tədbiri keçirməklə çox şeylər qazandı. Beynəlxalq aləmə nüfuzlu bir dövlət olaraq imza atdı. Eyni zamanda, qapılarını dünya xalqlarının üzünə açdı, barış-dostluq nümayiş etdirdi. Bütün ölkələrə çağırış etdi ki, bəli, biz bütün xalqlarla görüşə bilirik, əl-ələ verə bilirik, dostluq etməyi bacarırıq”.
Əlbəttə ki, mədəniyyətimizin təbliği sahəsində Formula-1 yarışlarının xüsusi bir yeri oldu. Biz burada bir xalq, millət olaraq və eyni zamanda, bir Azərbaycan dövləti olaraq öz mədəniyyətimizi göstərə bildik. Bu bizim çox böyük uğurumuzdur. Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1 yarışının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi. Birinci Avropa Oyunlarından sonra Formula-1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu bir daha təsdiqləyir. Bu, eyni zamanda, Azərbaycandan dünyaya verilən bir mesajdır. Biz bu idman yarışlarını keçirməklə bir daha sübut edirik ki, ölkəmiz qədim və zəngin tarixə malikdir və bu tarixlə tanış olmaq istəyən hər bir xoş niyyətli insan bizim üçün əzizdir. Bu gün keçirilən hər bir idman yarışı qədim mədəniyyətli bir ölkənin sabahının da işıqlı olacağına bir işarə, idmanın daşıdığı sülhpərvər missiyanın qorunub saxlanacağına zəmanətdir. Odlar Yurdunun qədimdən bəri daşıdığı zəngin mədəniyyət də bu sülh işığında daim əziz qonaqlara təqdim olunacaq.
Xəyalə Rəis
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim olunur
banner

Oxşar Xəbərlər