• cümə axşamı, 18 aprel, 10:46
  • Baku Bakı 12°C

Qədim ənənələri olan baramaçılıq yenidən dirçəldilir

29.11.17 11:00 4433
Qədim ənənələri olan baramaçılıq yenidən dirçəldilir
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin. Bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə hər il müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmələri tapşırılıb. Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək və Proqramın icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.
İqtisadçı-ekspert Pərviz Heydərovdeyir ki, ölkəmizdə aqrar sahədə islahatlar hələ 90-cı illərdən başlanıb, bu gün də davam etdirilir: "Ancaq bu islahatlar heç də kompleks nəticələr və irəliləyiş əldə etməyə imkan yaratmayıb. Yəni sözügedən sahədə birtərəfli inkişaf əldə olunub, bəzi ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı isə dayanıb. Bunlardan biri də baramaçılıq idi. 1970-ci ildə Azərbaycanda 3700 ton barama istehsal olunub. 1980-ci ildə isə bu rəqəm 5 min tona çatıb. 1991-ci ildən sonra isə barama istehsalı kəskin şəkildə aşağı düşdü. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilib. Düzdür, indi bu rəqəm 244 tona çatdırılıb. Planlaşdırılır ki, gələn il 500 ton barama tədarük edilsin. 2019-cu ildə isə 1000 ton. Əgər, bütün planlar həyata keçsə, 2025-ci ildə 6 min ton barama istehsal etmək mümkün olacaq. Yəni, hətta sovet dövründəkindən 2 dəfə çox”.

İqtisadçı bildirdi ki, Azərbaycanda baramaçılıq kütləvi xarakter almalıdır: "Çünki buna ehtiyac var. Azərbaycan ipəyi dünyada məşhurdur. Ölkədə Şəki İpək Kombinatı fəaliyyət göstərir ki, onun istehsal gücünü artırmaq düşünülür. Üstəlik, daha bir kombinat yaratmaq da söhbət mövzusudur. Bu işə xarici, yerli investorların marağı olarsa, dövlət onlara dəstək verəcək. İnvestorlar əmin ediləcəklər ki, bu sahənin inkişafı ilə bağlı heç bir problem olmayacaq. Hesab edirəm ki, "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezidentin Sərəncamı böyük əhəmiyyətə malikdir. Bu, baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsinə, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsinə imkan verəcək”.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov bildirdi ki, Dövlət Proqramının əsas məqsədi baramaçılıq sahəsini inkişaf etdirməkdir: "Baramaçılığın inkişaf etdirilməsi sənayenin bu sahəsindən daha da yüksək nəticələr əldə olunmasına gətirib çıxaracaq. Sərəncamda xüsusi assosiasiyaların və qəbul məntəqələrinin yaradılması məsələsi öz əksini tapıb. Bununla bağlı orada ayrıca maddələr var. Assosiasiyaların yaradılması ilə regionlarda qəbul məntəqələri olacaq və vətəndaşlar özləri istehsal etdikləri baramaları bu məntəqələrə təhvil verə biləcəklər. Bu məntəqələr həm də insanların rahatlığını təmin edəcək. Hazırda regionlarda yaşayan əhalinin məşğulluğun artırılması istiqamətində işlər görülür. Sərəncamla həm də bölgələrdə yaşayan vətəndaşlar yeni iş yerləri ilə təmin olunacaqlar. Bu elə bir sahədir ki, biz gələcəkdə öz məhsullarımızı dünya bazarına da çıxara bilərik. Assosiasiyalar məhz bu məqsədə xidmət edəcək. Məhsullarımızın xaricdə tanınması və onların dünya bazarına çıxarılması ölkəyə yeni valyuta axını gətirəcək ki, bu da ümumilikdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək”.

Millət vəkili Vahid Əhmədov qeyd etdi ki, baramaçılığın inkişafı üçün xüsusi işlər görülür: "Son illərdə kənd təsərrüfatı sahəsinə dövlət xüsusi diqqət yetirir. Strateji yol xəritəsində də bu məsələ öz əksini tapıb. Qeyri-neft sektorunun əsas qollarından biri sayılan kənd təsərrüfatı post-neft dövründə diqqət mərkəzində saxlanılır. İstər baramaçılıq, istər pambıqçılıq və digər sahələrin inkişafı ilə bağlı bu günə kimi müxtəlif sərəncamlar imzalanıb. Baramaçılıq bizim üçün mühüm kənd təsərrüfatı sahələrindən biri hesab olunur. Çünki onun Azərbaycanda qədim ənənələri var. Bölgələrdə uzun müddətdir ki. baramaçılıqla məşğul olurlar. İndi bu sahə yenidən dirçəldilir. Baramaçılığın davamı olaraq sənaye parkı yaradılacaq ki, bu da toxuculuğun inkişafına dəstək olacaq. Ümumilikdə sərəncamdan irəli gələn məsələlər bu sahənin inkişafına dəstək olacaq”
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər