• cümə axşamı, 28 mart, 22:56
  • Baku Bakı 13°C

Qəbul qaydalarında ediləcək dəyişikliklər

23.09.17 10:00 4018
Qəbul qaydalarında ediləcək dəyişikliklər
Həyatımız demək olar ki, doğulandan ölənə qədər imtahanlarla keçir. Hər yaş dövrünün öz imtahanı olur. Amma qəbul imtahanın yeri tamam başqadır. Çünki bu imtahanın nəticələri yeni həyata başlanğıc kimi qəbul edilir. Son dövrlər təhsilə olan qayğının nəticəsində təhsil sistemində bir sıra dəyişikliklər edilir.
Belə ki, Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri ilə təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilibvə ümumi razılıq əldə edilib.
Hər iki qurumun iştirakı ilə tərtib olunmuş yeni modelin hazırlanma zərurəti barədə aparılan müzakirələr zamanı qeyd olunub ki, 2009-cu ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulum) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir, tədris prosesində yeni qiymətləndirmə vasitələri tətbiq olunur. Bunları nəzərə alaraq, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi imtahanı da yeni qaydalar əsasında keçirilib. 2019-cu ildən isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq.
Yeni modelə əsasən, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi – 3 fənn üzrə keçiriləcək, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq.
Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Yeni qəbul modelində hazırda olduğu kimi, ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinə müsabiqə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2 il sonra buraxılış və qəbul imtahanlarında iştirak edəcək şagirdlərə və abituriyentlərə kömək məqsədilə cari tədris ilindən başlayaraq yeni model əsasında sınaq imtahanları, ingilis dili fənni üzrə monitorinq imtahanları keçiriləcək, müvafiq metodiki vəsaitlər nəşr olunacaq və abituriyentlərin həm buraxılış, həm də qəbul imtahanlarına daha da yaxşı hazırlaşması təmin olunacaq.
Edilən dəyişikliyin hansı nəticəni verəcəyini, bunun şagirdlər, valideynlər, müəllimlər tərəfindən necə qarşılanacağını öyrənməyə çalışdıq.
Bunu müsbət hal kimi qiymətləndirmək olar
Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, bu, gözlənilən qərar idi: "Uzun müddət idi ki, Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında bir gərginlik var idi. Şükürlər olsun ki, bu rəhbərlik səviyyəsində aradan qalxdı. Uzun müddətdən sonra, 1992-ci ildən tətbiq olunan ali məktəblərə qəbul imtahanları yeni formata daxil oldu. Yəni əsas məsələ ondan ibarətdir ki, indiyədək qəbul imtahanında eyni balı toplayanların buraxılış imtahanında göstərdiyi nəticələrə xüsusi fikir verilirdisə, 2019-cu ildən buraxılış imtahanı ilə qəbul imtahanın əhəmiyyəti eyni dərəcədə nəzərə alınacaq. Bunu müsbət hal kimi qiymətləndirmək olar. Digər tərəfdən, ixtisas qrupları ilə bağlı dəyişiklik gözləyirəm. İndi hazırda 4 ixtisas qrupu var. Tutaq ki, indi kimsə tarixə və ya filologiyaya qəbul olmaq istəyir, amma o riyaziyyatdan da imtahan verir. Bu əhəmiyyətsiz bir işdir. Mən düşünürəm ki, 2019-cu ildən artıq ixtisas qrupları da ləğv olunacaq. Texniki, iqtisadiyyat, humanitar və təbiət istiqamətləri üzrə 4 bölmə olacaqdır. Buraxılış imtahanları ilə bərabər, bu istiqamətlərə daxil olan əsas 3 fəndən imtahan keçiriləcək. Sizə Fransadan bir misal çəkim, həmin ölkədə orta məktəbi bitirən şəxs sənədlərini götürüb birbaşa rahat qaydada ali məktəbə qəbul olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ildə imzaladığı Təhsilin inkişafı üzrə Dövlət Strategiyası var. Strategiyanın da əsas istiqamətlərindən də biri budur ki, təhsil əlçatan olmalıdır. Hesab edirəm ki, həqiqətən də prezidentin tapşırıq verdiyi kimi, 2019-cu ildən fənlərin sayının azalması ali məktəblərin əlçatan olması ilə nəticələnəcəkdir”.
Müsahibimiz bildirir ki, ali məktəblərə qəbul imtahanın sualları ilə buraxılış imtahanlarının suallarının çətinlik dərəcəsi fərqlidir: "Hamı buraxılış imtahanından sonra ali məktəbə getmir. Bəziləri kollecə, bəziləri xaricdə təhsil almağa gedəcək. Ona görə də, abituriyentlərimiz elə fənlərdən imtahan verməlidirlər ki, həmin fənlər onların sonrakı həyatında önəmli olsun. Yəni tutaq ki, kimsə humanitar istiqamətdə gedəcəksə, ona riyaziyyatı və kimyanı akademik səviyyədə bilmək ehtiyac deyil. Xarici dil məsələsinə gəlincə, ali məktəbdə tədrisin keyfiyyətini artırmaq lazımdır. Mən düşünürəm ki, imtahan prosesi artıq yekunlaşmalıdır. Ali məktəblərdə keyfiyyət artımı olmalıdır. Bu gün nə qədər yaxşı dəyişiklik etsək də, imtahanlar nə qədər şəffaf, beynəlxalq standartlara cavab versə də, ali məktəbdə tədris keyfiyyətli olmasa, nəticə əldə olunmayacaq. Ona görə də düşünürəm ki, 2019-cu ildən tətbiq ediləcək dəyişikliklər şagirdlərin psixologiyasına müsbət təsir göstərəcək”.
Daha yaxşı ixtisaslaşmış olacaq
Təhsil üzrə ekspert Almaz Həsrət də deyir ki, edilən dəyişiklərdən müsbət nəticələr gözlənilir: "Buraxılış imtahanlarında şagirdlər 3 fəndən imtahan verəcəksə, bu fənlər içərisində "Azərbaycan dili və ədəbiyyat” və "Azərbaycan tarixi”nin olması təqdirəlayiqdir. Mən bu fənləri ona görə xüsusi olaraq vurğuladım ki, məktəbi bitirmiş hər bir şagird orta səviyyədən bir az çox bilməlidir. Qəbul imtahanında qrupun istiqamətlə əvəzlənməsi və bu dörd istiqamətin hər birində üç fəndən imtahanın verilməsi alqışalayiq bir haldır. Çünki həm şagirdləri yormayacaq, həm də məzun gedəcəyi istiqamət üzrə daha yaxşı ixtisaslaşmış olacaq. Həmin üç fənnin öyrənilməsinə daha çox diqqət ayıracaq və öz sahəsinin mütəxəssisi olacaq. Bir məsələni də qeyd etmək istəyirəm ki, yaxşı olardı, istiqamətlər üzrə universitetlərin də bölgüsü aparılsın. Humanitar sahə üzrə qəbul imtahanı verən abituriyentin topladığı bala uyğun olaraq, hansı universitetdə təhsil alacağı göstərilsin. Hesab edirəm ki, istiqamətlərin və universitetlərin seçilməsini optimallaşdırmaq üçün paytaxtdan kənar bölgələrdə maarifləndirmə işi aparılsın”.
Məsələnin valideynlər, şagirdlər üçün də vacibliyini nəzərə alaraq onların da fikrini öyrəndik.
Çox yaxşı şansdır
AyselQəhrəmanova deyir ki, 2019-cu ildə iki uşağı orta məktəbi bitirir və hər iki uşağı da repetitor yanına getməlidir: "Açığı uzun müddətdir bu barədə düşünürdüm ki, iki uşağın birlikdə 10 fəndən hazırlıq pulunu necə ödəyə biləcəyik? Çünki maddi gəlirimiz elə də yüksək səviyyədə deyil ki, həm məişət problemlərinə, həm də uşaqların hazırlığına pul xərcləyək. Bu xəbər bizi sevindirdi. Artıq 10 fənnin yox, 6 fənnin pulunu ödəyəcəyik. Məncə, bu şagirdlər üçün də yaxşı oldu. Çünki 5 fəndən qəbul imtahanı vermək onlar üçün çox çətin idi. Amma bundan sonra uşaqlar çox yaxşı bildikləri 3 fəndən rahatlıqla imtahan verəcəklər. Təbii ki, uşaqlar bütün elmləri bilməlidirlər. Amma qəbul zamanı gedəcəkləri istiqamət üzrə imtahan vermələri daha yaxşı olar”.
Qasımlı Sərxan isə hazırda 9-cu sinifdə oxuyur. Onunla söhbətimiz zamanı bildirdi ki, 2 il sonra həm məktəb dərslərini, həm də seçəcəyi istiqamət üzrə olan fənlərinin hamısını necə çatdırıb oxuyacağını düşünürdü: "Bu günə qədər məktəbdə həmişə yaxşı oxuyan olmuşam. Bütün fənləri eyni dərəcədə oxuyub, çatdırmışam. Amma 2 il sonra bu bir az çətin olacaqdı. Çünki həm gündəlik dərsimi, həm də gedəcəyim istiqamət üzrə 5 fənni oxumalı idim. İndi isə 2 fənn azaldı. Bu, çox yaxşı oldu. Ona görə ki, qəbula 5 fəndən eyni səviyyədə hazırlaşmaq mümkün deyil. Ancaq 3 fənni çox rahatlıqla qavrayıb, yadda saxlamaq olar. Qəbul imtahanında adam çox stressli olur. "5 fənn” sözünü deyəndə belə insan həyəcanlanır. Düşünürəm ki, bu, bizim üçün çox yaxşı şansdır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər