AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qəbul olunmuş qanunlar ölkəmizin inkişafına mühüm töhfələr verəcək

Qəbul olunmuş qanunlar ölkəmizin inkişafına mühüm töhfələr verəcək

Cəmiyyət
02 İyul 2020, 14:45 163
Azərbaycan Respublikasının Milli Məclisi həm yaz, həm də növbədənkənar sessiyalar dövründə uğurla fəaliyyət göstərib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin martın 10-da VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələrin yerinə yetirilməsi üçün parlamentdə ardıcıl tədbirlər görülüb. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən əsaslı və hərtərəfli islahatların tərkib hissəsi kimi parlamentin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların təmsilçilərinin yer alması siyasi sistemin yeni konfiqurasiyasının formalaşması baxımından mühüm əhəmiyyətə malik olub. Azərbaycan Prezidentinin VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışı məzmun etibarilə konseptual, çağırışlar etibarilə tarixi çıxış idi. Əslində, bu çıxışda irəli sürülən fikirlər və vəzifə kimi müəyyənləşdirilə biləcək tövsiyələr siyasi sistemimizdə və ictimai münasibətlər sistemimizdə yeni tarixi mərhələ yaradacaq keyfiyyət mərhələsinin başlanğıcı da hesab edilə bilər. Çünki Prezident İlham Əliyev siyasi sistemimizin möhkəmləndirilməsi, siyasi proseslərin sağlam zəmində gücləndirilməsinin vacibliyi, genişmiqyaslı siyasi islahatların aparılması və yeni siyasi konfiqurasiyadan danışdı. Bunlar önümüzdə nə qədər dərin və məzmunlu islahatların həyata keçiriləcəyinin anonsu, bu islahatları təmin edəcək siyasi iradənin qətiyyəti idi. Elə yeni parlamentin tərkibi və parlament rəhbərliyinin çoxpartiyalı əsaslarda formalaşması da bunun əyani sübutudur. Çünki bu vaxta qədər parlamentarizm tariximizdə Milli Məclisin Sədr müavinlərinin müxalifət və bitərəf deputatlardan təşkil olunması təcrübəsi yox idi və altıncı çağırışda bu, bir ilk oldu. Paralel olaraq komitə sədri və müavinlər səviyyəsində də müxalif və bitərəflərin iştirakçılığının təmin olunması artıq Milli Məclisdə yeni siyasi konfiqurasiya yaratdı ki, bu da ayrıca bir yenilikdir.

Hikmət Babaoğlu yaz sessiyasının ilk günlərindən Sədr Sahibə Qafarovanın təşəbbüsü ilə bir sıra digər yeniliklərlə bərabər, Milli Məclisin strukturunda islahatlar həyata keçirilməsinin də mühüm əhəmiyyətə malik olduğunu bildirərək deyib: "Hazırda Azərbaycanın indiki inkişaf mərhələsində elə inkişafın özünün gətirdiyi yeni şərtlər formalaşıb ki, bu da yeni milli və qlobal çağırışlar kontekstində daha dinamik və daha səmərəli fəaliyyət tələb edir. Ölkəmizdə köklü islahatlar həyata keçirilir və bu islahatlar kompleks xarakter daşıyır. Milli Məclisdə həyata keçirilən islahatları da bu kontekstdə qiymətləndirmək lazımdır. Məlumdur ki, Milli Məclis Aparatında islahatlar nəticəsində 9 şöbə, İşlər İdarəsində isə 4 şöbə yaradılıb. Yeni bir şöbə - İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi yaradılıb ki, bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətləri arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir. İslahatlar parlamentin işinin daha səmərəli surətdə təşkil və təmin edilməsinə öz müsbət təsirini göstərir”.

H.Babaoğlu qeyd edib ki, Milli Məclisin sessiyaları ərzində Nazirlər Kabinetinin, Hesablama Palatasının, insan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabat və məruzələri dinlənilib. Onun sözlərinə görə, parlamentin fəaliyyətində yeni tendensiyalardan biri qanun layihələri ilə bağlı ictimai dinləmələrin keçirilməsinə geniş yer verilməsi olub. Təcrübə göstərir ki, bu cür dinləmələr qanun layihələri üzərində iş prosesində qarşıya çıxan məsələlərin həll edilməsinə və nəticə etibarilə layihələrin keyfiyyətinin yüksəlməsinə kömək göstərir. Deputat Milli Məclisin pandemiya şəraitində öz işini səmərəli şəkildə təşkil etdiyini söyləyib: "Bu dövrdə parlamentdə xüsusi iş qaydası tətbiq edilib. Komitələrin iclasları onlayn rejimdə keçirilib. Bu dövrdə mühüm tədbirlərdən biri də yaz sessiyası ərzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanmış qanvermə aksiyasında Milli Məclisin deputatlarının və əməkdaşlarının fəal iştirakı olub”.

Deputat deyib ki, koronavirus pandemiyası Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyinə müəyyən təsir göstərsə də, parlamentin rəhbərliyi, komitələrin sədrləri, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimiz öz həmkarları ilə onlayn rejimdə bir sıra görüşlər keçirib və müzakirələr aparıblar. Hikmət Babaoğlu hesab edir ki, bütövlükdə yaz və növbədənkənar sessiyalar ərzində qəbul olunmuş qanunlar ölkəmizin gələcək inkişafına, islahatlar prosesinə mühüm töhfələr verəcək.