• şənbə, 20 Aprel, 14:06
  • Baku Bakı 23°C

Qəbələdə Qafqaz və Avropada ən qədim katakomba tapılıb

18.08.16 11:14 1454
Qəbələdə Qafqaz və Avropada ən qədim katakomba tapılıb
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ rayonu ərazisindəki Xalkolit və Tunc dövrlərinə (e.ə. 4-3-cü minilliklər) aid arxeoloji abidələrin tədqiqi ilə məşğul olan "Qədim Qəbələ” ekspedisiyası 2016-cı ilin yay mövsümündə araşdırmaları davam etdirir.

Bu barədəAPA-ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib. Məlumata görə, institutun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblinin rəhbərlik etdiyi bu ekspedisiyanın əsas tədqiqat obyekti əvvəlki illərdə olduğu kimi bu il də Qəbələ beynəlxalq aeroportu ərazisindəki Leylatəpə arxeoloji mədəniyyətinə aid Qalayeri qədim yaşayış məskəni olub. Xalkolit dövrünə - e.ə. 4-cü minilliyin birinci yarısına aid bu abidədə aparılan qazıntılar nəticəsində minlərlə maddi mədəniyyət qalıqları – gildən, daşdan, metaldan və sümükdən hazırlanmış əmək alətləri aşkar edilib.

Müəyyən edilib ki, Qalayerində müxtəlif tip saxsı qablar qədim Yaxın Şərq mədəniyyətlərində olduğu kimi dulus çarxında hazırlanıb. Abidədə eyni zamanda o dövrdə istehsalda ən yüksək texnoloji üsul hesab edilən dulus çarxının hissələri də aşkar olunub: "Arxeoloji ekspedisiya elmi çevrələrdə sensasiya doğuracaq kəşfə də imza atıb. Belə ki, Qalayerində qazıntıların ən böyük uğurlarından biri – mədəni təbəqənin altında, xam torpaqda qazılmış katakomba tipli qəbir abidəsinin aşkar edilməsidir”.

N. Müseyiblinin bildirdiyinə görə, abidənin ilk məskunlaşdığı dövrə, yəni 6 min əvvələ aid bu qəbir Qafqazda və Avropada katakomba tipli ən qədim qəbir abidəsidir.

Ekspedisiya rayonun Dizaxlı kəndində, kənd sakini Yasin Qəribovun məlumatı əsasında Qaraçayın hündür sağ sahilində yerləşən Erkən Tunc dövrünə aid nekropolda 2014-cü ildə başladığı tədqiqat işlərini davam etdirib və qəbirdə dəfn edilmiş insan skeleti ilə yanaşı metaldan və müxtəlif minerallardan hazırlanmış 100-dən artıq bəzək əşyaları, 30-a yaxın saxsı qablar aşkar edilib.


Buradakı məzarlardan aşkar edilmiş arxeoloji materiallar, onların digər abidələrdən olan tapıntılarla müqayisəli təhlili əsasında ekspedisiya rəhbəri bildirib ki, aşkar olunmuş artefaktlar Kür-Araz Mədəni Tarixi Birliyi çərçivəsində e.ə. 3-cü minillikdə Şirvan, Quba-Xaçmaz bölgələrini, Cənubi Dağıstanı, xüsusilə də Dərbənd ətrafı əraziləri əhatə etmiş Şərqi Qafqaz mədəniyyətini və onun səciyyəvi xüsusiyyətlərini müəyyən etməyə geniş imkan yaradıb.
banner

Oxşar Xəbərlər