AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qəbələ” “Simurq”la oyuna qələbə üçün çıxacaq

“Qəbələ” “Simurq”la oyuna qələbə üçün çıxacaq

İdman
13 Dekabr 2012, 17:08 1490
“Biz neçə vaxtdır, Simurq”la qarşılaşmanı səbirsizliklə gözləyirik. “Simurq” turnir cədvəlində liderlər qrupunda yer alıb. Bizim də istəyimiz komandamızın nəyə qadir olduğunu, gücünü bu qarşılaşmada bir daha sübut etməkdir. Əlbəttə, bu oyunun necə önəmli olduğunu futbolçularımız yaxşı dərk edir. Ona görə də oyunçulara artıq nəsə tapşırıq vermək yersiz olardı”.

Qol.Az-ın müxbiri ilə söhbətində bu fikirləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Premyer Liqanın 17-ci turunda “Simurq”a qarşı keçiriləcək oyun haqda danışarkən deyib. O qeyd edib ki, Zaqatala təmsilçisi güclü yarımmüdafiə xəttinə malikdir: “Bizim onların bu mövqeyini tam zərərsizləşdirmək üçün hansı yollara əl atdığımızı görəcəksiniz”.

R.Məmmədov qeyd edib ki, hazırda komandasının psixoloji durumu da yüksək səviyyədədir: “Futbolçularımızda “Bakı”ya məğlubiyyətdən sonra ruh düşkünlüyü yaranmışdl. Amma “Sumqayıt”a qalib gəldiyimiz son qarşılaşmada bu vəziyyətdən çıxmağı bacardılar. Oyunun 33-cü dəqiqəsində meydanda azlıqda qalsaq da, futbolçularımız əsl mübarizə apardılar. Düzdü, “Bakı” ilə oyunda vacib üç xal itirdik. Baxmayaraq ki, oyun boyu üstünlük bizim tərəfimizdə idi. “Bakı” üzəridə böyükhesablı qələbə qazanmalı olduğumuz halda məğlub olduq. İndiyə kimi futbolçularımız bunu özlərinə bağışlaya bilmirlər”.

R.Məmmədoun sözlərinə görə, komandasının birinci hədəfi ilk “altılıq”da yer almaqdır: “Açığı mən turnir cədvəlinə tez-tez nəzər salan deyiləm. Ümumilikdə ikinci turun bitməyinə beş tur qalıb. Mən deyərdim ki, biz sırf nəticə üçün oynayırıq. İstəyimizə nail olsaq, o zaman liderliyə yüksəlmək üçün yarışacağıq”.

R.Məmmədov bildirib ki, “Simurq”la oyuna ancaq qələbə üçün çıxacaqlar: “Bu, kollektivimin yeganə istəyidir. Yalnız hücum futbolu və maksimum nəticəyə oynayacağıq. Heç-heçə bizi qane etməyəcək. Bütün bunlarla bərabər rəqibimizə çox hörmətlə yanaşıram”.

“Qəbələ”nin baş məşqçisi vacib matç öncəsi komandasında problem olmadığını deyib: “Yalnız Aleksandr Çertoqanov cəzalı olduğu üçün bu oyunu buraxacaq. Lakin onun yerini doldura biləcək futbolçularımız var. Çertoqanova gəlincə, onun barəsində lazımi ölçü götürülüb və cərimə tədbiq olunub. Çertoqanov özü də bu hərəkətinə görə çox peşmandır”.