• şənbə, 20 Aprel, 00:21
  • Baku Bakı 15°C

QDİƏT-ə sədrlik müddətinin 1 ilə qədər artırılması təklif olunub

21.05.17 13:41 827
QDİƏT-ə sədrlik müddətinin 1 ilə qədər artırılması təklif olunub
Bu gün Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının xüsusi iclası keçirilib.
APA-nın İstanbula ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, iclası Türkiyə baş nazirinin müavini Tuğrul Türkeş açıb.
T. Turkeş bildirib ki, xüsusi iclasda, eləcə də mayın 22-də İstanbulda QDİƏT ölkələri dövlət və hökumət başçılarının görüşündə təşkilatın əhatə etdiyi Qara dəniz regionunda bugünkü vəziyyət, terrorizmə qarşı mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq. T.Türkeş bildirib ki, QDİƏT-in təməli ən mürəkkəb şəraitdə, dünyada ciddi dəyişikliklərin baş veriyi bir vaxtda qoyulub: "Tarazlığın dəyişdiyi, müstəqilliyinə yeni qovuşan ölkələrin dünya səhnəsində yer aldığı bir vaxtda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yaradılıb. Bölgəmiz həm bəzi ümid və gözləntilərlə, həm də qeyri-müəyyənlik və qeyri-sabitliklə qarşı-qarşıya idi. Belə bir şəraitdə QDİƏT kimi təşkilatın yaradılması irəliyə doğru atılmış bir addım idi. Çünki, QDİƏT müstəqilliyinə yeni qovuşan ölkələrin önəmli bir hissəsini əhatə edən bir quruluş idi. O zaman bizim bu layihəni çox iddialı və uzun müddət davam edə bilməyəcəyini iddia edənlərin olduğunu çox yaxşı xatırlayıram. Bəzi siyasətçilər o dövrdə qaynar qazana çevrilən Qafqaz, Balkan və Yaxın Şərq ölkələrinin mərkəzində dayanan bölgəmizin bu cür birliyi uzun müddət qoruya bilməyəcəyini iddia edirdi. Aradan əsrin dörddə biri qədər olan bir müddət keçdi. 1990-cı illərdə atəş çevrəsində yaradılan QDİƏT bu gün həqiqi bir dostluq adasına çevrilib. Sadəcə hökümətlərarası ölçüdə deyil, parlament, iş adamları və akademik dairələri ilə hər ötən il ərzində daha çox təşkilatlandı, Qara dənizin geniş çoğrafiyasında təmsil gücü ən yüksək və ən əhatəli beynalxalq bir təşkilat halına gəldi. Bunlardan daha da önəmlisi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı iqtisadi əməkdaşlıq yolu ilə sülh və sabitliyə töhfə vermək istiqamətində digər beynəlxalq təşkilatlara da gözəl bir nümunə göstərmiş oldu. Bu sadaladıqlarımın hamısı bir nailiyyətdir. Bu nailiyyətlərin əldə olunmasında təşkilata üzv dövlətlərin hər birinin rolu çox böyükdür. Xüsusilə də aralarında bəzi siyasi uyğunsuzluqların olmasına baxmayaraq bir masa ətrafında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına kömək edən ölkələri də təqdir edirəm.
T.Türkeş əlavə edib ki, son 25 ildə QDİƏT-in əldə etdiyi nailiyyətlərdən bəhs edilməsi bəzi çatışmazlıqları görməyə mane olmamalıdır: "Çünki hazırkı dünya 1990-cı illərdəki kimi deyil. Texnologiyanın inkişaf etdiyi, əlaqələrin sürətləndiyi indiki dövrdə idarəetmə daha dinamik olmağı və çevik hərəkət etməyi tələb edir. Beynəlxalq hadisələr və iqtisadi tarazlıq 25 il əvvəlki dövrlə müqayisədə daha sürətlə inkişaf etməkdədir. Sadəcə iqtisadiyyatda və xarici siyasətdə deyil, sabitlikdən iş inamına, çatdırılmadan ətraf mühit və enerjiyə, o cümlədən kənd təsərrüfatından gömrük prosedurlarına qədər bir çox sahələrdə yeni və müasir yanaşmalar meydana gəlib”.
Bunları əsas gətirən baş nazirin müavini qeyd edib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının hazırkı dövrün sürətli dəyişən vəziyyəti və çağırışlarına cavab verməsi artıq bir ehtiyacdır. Onun fikrincə, bu səbəblə QDİƏT-in yenilənməsi artıq bir zərurətə çevrilib. T.Türkeş vurğulayıb ki, dünya miqyasındaBMT,Avropa İttifaqıkimi digər beynəlxalq təşkilatlar belə yenilənmə və islahatlar aparıb: "Biz niyə yenilənmə və islahatlar aparmamalıyıq? Əlbəttə, təşkilata üzv olan bütün dövlətlərin marağında olan bir razılaşma ilə hərəkət etməliyik”.
T.Türkeş bildirib ki, Türkiyə QDİƏT-də islahatların aparılmasına dəstək verən ölkə kimi təşkilatda sədrlik müddətinin 6 aydan 1 il müddətinə uzadılmasının tərəfdarıdır. Baş nazirinin müavini hesab edir ki, bu müddətin uzadılması sədrlik edən ölkəyə daha rahat hərəkət etməyə və QDİƏT-in toplantılarında iştirak səviyyəsini daha da artırılmasına imkan verəcək. O əlavə edib ki, 2017-ci ildə QDİƏT-in daha yetkin və məhsuldar bir təşkilata çevrilməsi üçün bütün üzv dövlətlərin cəhdlərinin davam etdirilməsi artıq zərurətə çevrilib. Bunu əsas gətirən T.Türkeş üzv dövlətləri davamlı dialoq şəraitində fəaliyyəti davam etdirməyə çağırıb. "Beynəlxalq toplum davamlı inkişaf hədəflərini qarşıdakı 15 il üçün müəyyən edib. Biz hər bir ölkə və beynəlxalq təşkilatların 2030-cu ilə olan hədəflərinə çatması məsələsində təşkilatımız səviyyəsində öz töhfəmizi verməliyik. Bu məqsədlə davamlı inkişaf üçün bu ilin yanvarın 1-dən QDİƏT-ə sədrlik etdiyimiz dövrdə əsas məqsədlərdən biri kimi müəyyən etmişik. Bu baxımdan ticari və iqtisadi inkişaf, kənd təsərrüfatı, kişik və orta sahibkarlığın gücləndirilməsi, maliyyə və bankçılıq, enerji, təhsil və turizm sahələrində xüsusi yanaşma olmalıdır”.
T.Türkeş vurğulayıb ki, mayın 22-də qəbul ediləcək QDİƏT-in dövlət və hökumət başçılarının Zirvə bəyannaməsində davamlı inkişaf məsələlərinə xüsusi diqqət yetirilib.
QDİƏT-in baş katibi Maykl Kristides bildirib ki, (Michael Christides) deyib ki, QDİƏT üçün yeni binanın ayrılması təşkilatın fəaliyyətinin daha məhsuldar olmasına şərait yaradacaq. O bildirib ki, Zirvə toplantısında təşkilatın gələcək fəaliyyəti müzakirə olunacaq: "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik müddətinin 6 aydan 1 ilə uzadılması təklifini dəstəkləyirik. Ümid edirik ki, bu təklif üzv dövlətlər tərəfindən qəbul ediləcək”.
Yeri gəlmişkən, QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının xüsusi iclasından sonra təşkilatın yeni binasının açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, sabah QDİƏT-in dövlət və hökumət başçıları səviyyəsində zirvə toplantısı keçiriləcək. Təşkilatın 25 illik yubileyinə həsr olunan toplantıda qurumun gələcəyi müzakirə olunacaq və iştirakçılar arasında ikitərəfli görüşlər keçiriləcək.
Xatırladaq ki, QDİƏT 1992-ci il iyunun 25-də İstanbulda Azərbaycan da daxil olmaqla 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə təsis edilib.
banner

Oxşar Xəbərlər