• cümə, 26 Aprel, 00:23
  • Baku Bakı 16°C

“Qazprom” “Şimal axını-2”nı təkbaşına maliyyələşdirəcək

24.01.17 10:00 1059
“Qazprom” “Şimal axını-2”nı təkbaşına maliyyələşdirəcək
Rusiyanın neft-qaz nəhəngi "Qazprom” Transbaltik qaz kəməri - "Şimal axını-2” layihəsinin inşası ilə bağlı maliyyələşməni təkbaşına həyata keçirməli olacaq. Səbəb layihənin avropalı tərəfdaşlarının öz planlarından imtina etməsi olub. Bu barədə "Qromadskye telebaçenyya” nəşri "Der Standard” nəşrinə istinadən xəbər yayıb. Nəşr yazır ki, "Qazprom”un avropalı tərəfdaşların "Şimal axını-2” layihəsinə cəlb etmək planı ən azı yaxın gələcək üçün puç olmuş olub. Məlumatda qeyd olunur ki, Engie, OMV, Shell, Uniper və Wintershall kimi şirkətlər layihənin maliyyələşməsindən imtina ediblər. Bu səbəbdən "Qazprom” layihənin reallaşdırılmasına 1,75 milyard avro ödəməli olacaq. Bu da planlaşdırılan vəsaitdən iki dəfə çoxdur. Halbuki, Rusiyanın qaz nəhəngi - Qazprom "Şimal axını-2” layihəsinin avropalı tərəfdaşları ilə birgə (50-nin əlliyə) inşa etməyi planlaşdırırdı. Yeri gəlmişkən, ABŞ-ın yeni administrasiyasının layihəyə münasibəti də maraq doğurur.
Bəlli olduğu kimi, ABŞ Maliyyə Nazirliyi 100-dən artıq rus şirkətini "qara siyahı”ya daxil edib. Onların sırasında "Qazprom”un törəmə müəssisələri də var. Qərb mediası iddia edir ki, sanksiyalar "Qazprom”un planlarına - o cümlədən Rusiyadan Almaniyaya Baltik dənizinin dibi ilə gedəcək qaz nəqlini nəzərdə tutan "Şimal axını-2” layihəsinə mane ola bilər. "Şimal axını-2” layihəsinin reallaşması istiqamətində ciddi problemlər ötən ilin avqustunda yaranıb. Layihə ilə bağlı beynəlxalq konsorsiumun yaradılması planları da pozulub. Polşanın UOKiK antimonopoliya nizamlayıcı şirkəti bəyan edib ki, "Şimal axını-2” layihəsi reallaşarsa, bu, Polşada Rusiyanın monopolist mövqeyini daha da gücləndirmiş olacaq. Bundan sonra Rusiya Polşa şirkəti ilə sazişi dayandırıb. Polşanın çağırışına birdən-birə altı Qərb şirkəti də reaksiya verib. Lakin Rusiya rəsmiləri bəyan edirlər ki, bu, heç də konsorsiumun sonu demək deyil və layihənin reallaşmasına heç nə mane ola bilməz. Qərb analitikləri bu qənaətdədirlər ki, Rusiyanın əlində əvəzsiz bir qüdrətli silah var. Əsas arqumentləri də odur ki, "Şimal axını-2” layihəsi ən böyük həcmdə və bir mənbədən Rusiya qazının Avropaya nəqlini nəzərdə tutur.
Yeri gəlmişkən, başıbəlalı "Şimal axını-2” layihəsi ilə bağlı qalmaqal tək bununla bitmir. Polşanın nüfuzlu "Rzeczpospolita” qəzeti "Şimal axını-2” layihəsinin iqlim üçün təhlükəli olması barədə məqalə dərc edib. Müəllif yazır ki, Polşanın və digər Şərqi Avropa ölkələrinin etirazlarına baxmayaraq, Baltik dənizinin dibi ilə inşa ediləcək yeni qaz kəməri reallaşmağa başlayır. Avropa Komissiyasının sırf biznes kateqoriyasından baxdığı bu layihə ilə bağlı gəlinən qənaət budur ki, yeni qaz kəməri tək Avropanın enerji təhlükəsizliyinə və enerji bazarının rəqabətliliyinə deyil, həm də ətraf mühit və iqlimə də təsirsiz ötüşməyəcək. Polşa rəhbərliyi də bununla bağlı Avropa məhkəmələrinə müraciət edib. Məhkəmə də müəyyən edib ki, iddiaya baxılana qədər Avropa Komissiyasının qərarının icrası dayandırılır.
Məqalədə qeyd edilir ki, "Şimal axını-2” layihəsi Rusiyanın Kurqal ehtiyatları adlanan ərazisindən keçəcək. Bu daətraf mühitin qorunması üzrə beynəlxalq öhdəliklərin pozulmasıdır. Rusiya tərəfi isə deyir ki, ekoloji problemləri həmin yerlərə investisiya qoyuluşu ilə həll edəcək. "Qazprom”un İdarə Heyətinin sədr müavini Aleksey Miller bildirib ki, layihə ətraf mühitə karbon qazlarının buraxılmasını azaldacaq. Nəşr isə belə bir sualla çıxış edir - bu necə mümkündür? Məlumata görə, qaz kəməri Avropaya il ərzində 55 mlrd. kubmetr qazın nəqlini nəzərdə tutur. Nəşrin apardığı hesablamalara görə, bu qədər həcmdə qazın işlənilməsi ətraf mühitə ciddi ziyan vurur. Arqumentlər aşağıdakı kimidir – qazın yandırılması zamanı kömürdən iki dəfə çox karbon buraxılır. İldə 55 mlrd. kubmetr qazın yandırılması atmosferə ildə 106 milyon karbohidrogen tullantılarının atılması deməkdir. Müəllifin gəldiyi qənaət bundan ibarətdir ki, qaz ən təmiz enerji mənbəyi deyil. Və qeyd edilir ki, ildə 106 mln. ton karbohidrogen tullantıları həddən artıq çoxdur. Əlavə edilir ki, Avropa getdikcə qaza az ehtiyac duymağa başlayıb. Bu yanacaq növünə tələbatın getdikcə azaldığı iddia edilir. Son 10 ildə Avropa Komissiyası Avropa İttifaqının qaza olan tələbatının proqnozlarını 23 faiz azaldıb. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2030-cu ildə qaza olan tələbat 30 faiz azalacaq. Öz növbəsində Kembricdə fəaliyyət göstərən "Intitute forSustainable Leadership” qeyd edir ki, hazırda təbii qazın sıxılması üzrə mövcud terminalların üçdə birindən, boru kəmərlərinin isə 60 faizindən istifadə olunur. Bunun tam şəkildə işə düşməsi isə ekoloji fəlakət olacaq. Böyük Britaniyanın E3G analitik Mərkəzi də bu qənaətə gəlib.
Beləliklə, Qərbin nüfuzlu iqlim mərkəzləri "Şimal-2” layihəsinin ətraf mühitə ciddi zərbə vura biləcəyi barədə xəbərdarlıq edirlər. Hətta Paris iqlim razılaşması hər il istixana qazlarının ətraf mühitə vurduğu zərərin həcmini açıqlayır. Və nəticələrin şokedici olduğu vurğulanır. Rusiyanın yeni layihəsinin Avropanın enerji və iqlim siyasətinə ciddi zərbə vuracağı xüsusi vurğulanır. Bildirilir ki, bu layihə Avropanı ikiyə bölməklə yanaşı, ətraf mühitə ciddi zərbədir. Şərqi Avropa dövlətləri bu investisiya layihəsinin dayandırmağı, Avropa Komissiyasını ətraf mühitin qorunması və rəqabət məsələlərində ikili standartlar tətbiq etməkdə günahlandırırlar. Faktlar belədir ki, Avropa İttifaqının Rusiya qazından olan asılılığı 40 faizi ötüb. Müəllif yazır ki, "Şimal axını-2” layihəsi Avropa İttifaqı xalqlarının eyni zamanda enerji, həm də iqlim təhlükəsizliyinə zərbə vuran azsaylı layihələrdən biridir. Bu investisiya layihəsinə reaksiya isə Avropa institutları, vətəndaş cəmiyyəti, Aİ-yə üzv ölkələr üçün sınaq rolunu oynamış olacaq. Polşa hökumətinin "Şimal axını-2” layihəsi ilə bağlı Avropa Komissiyasına qarşı qaldırdığı iddia isə çox mühüm bir addım kimi göstərilir. Və ümid var ki, bu iddia Avropanın ekologiya dairələrinin də dəstəyini qazanacaq.
Azər
banner

Oxşar Xəbərlər