• şənbə, 20 Aprel, 02:28
  • Baku Bakı 15°C

Qazılar Şurasının fətvası müsbət qiymətləndirilir

30.01.14 10:02 1137
Qazılar Şurasının fətvası müsbət qiymətləndirilir
Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası son vaxtlar İslamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının, o cümlədən ictimaiyyətin bəzi dairələrində bu mövzuda yer alan qərəzli mülahizələrin cəmiyyətin dindar təbəqəsini narahat etməsini nəzərə alaraq fətva verib. Fətvada bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunmasından narahatlıq ifadə olunub. Qeyd edilib ki, müharibə şəraitində yaşadığımız bir dövrdə bəzi vətəndaşlarımızın digər ölkələrdə baş verən iğtişaşlarda, məzhəb qarşıdurmalarında guya, dinin təəssübünü çəkmək adı ilə dinc əhaliyə yönəlik qərəzli və təmənnalı savaşı, çoxsaylı günahsız insanların məhvinə bais olması dinimizin mahiyyətinə ziddir. Bu şəxslərin əməllərinin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur.
Sözügedən fətva ilə bağlı açıqlama verən parlamentin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü, millət vəkili Zahid Oruc QMİ sədrinin son açıqlamasını, o cümlədən Qazılar Şurasının fətvasını müsbət qiymətləndirib. Deyib ki, bəzi insanlar Suriyada legioner kimi döyüşür. Onun fikrincə, məlum döyüşlərdə həyatını itirən insanların faciəsi artıq bir ailənin faciəsi olmaqdan çıxır: “İnsanlar hər hansı amallar seçərək onun uğrunda səfərbər olmağa hazırdır. O döyüşdə can qoyan insanların hər biri eyni dərəcədə Azərbaycanın düşmənlə üz-üzə dayandığı cəbhədə bizə gərəklidirlər. Seçmə oğulları Suriyaya aparıb oradakı döyüşlərdə istifadə edən qüvvələr var. Milli mənsubiyyəti önəm daşımadan, yalnız müxtəlif şərtlər altında vuruşmağa hazır olan insanlara təlim keçən, onların üzərində hazırlıq keçən, onları maraqları üçün istismar edən mütəşəkkil dəstələr var ki, onlar külli miqdarda qazanc götürürlər. Hesab edirəm ki, KİV üzərindən də bu istiqamətdə maarifləndirici, informasiya tədbirlərini görmək zəruridir. Gənclər, xüsusilə də eyforik durumda olan yeniyetmələr əllərinə silah götürəndə o döyüşdə qalib yoxdur fikrini anlamalıdırlar. Məsələdə qonşu ölkələrin vasitəçiləri varsa onlara qarşı da sərt tədbirlər görülməlidir”. Millət vəkili hesab edir ki, bu baxımdan Şeyın açıqlamaları, QMİ-nin verdiyi fətva yerinə düşüb.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə fətvanın bir qədər gec verildiyini bildirib. Onun fikrincə, bu proses aylardır gedir və siyasi ekspertlər, dövlət rəsmiləri, millət vəkilləri, media məsələnin ciddi olduğunu qabardıb, həyəcan təbili çalıb: “Suriyadan az qala hər gün bir Azərbaycan vətəndaşının həlak olması xəbəri gəlir. Bu fakt Azərbaycanın öz təhlükəsizliyi üçün də gələcəkdə problemlər yarada bilər. Çünki azərbaycanlılar Suriyaya getmək üçün məhz terrorçu qruplara qoşulurdular. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi bu məsələnin üzərinə daha tez düşməli, bu barədə bundan qabaq mövqe nümayiş etdirməliydi. Hər halda fətva verilib və burada bir çox diqqət çəkən məqamlar var. Hacı Allahşükür Paşazadə qeyd edib ki, hətta varlı ailələrdən olan insanlar arasında da bu cür radikal dini qruplaşmalara dəstək verənlər var. Bu o deməkdir ki, heç də bütün insanlar Suriyada pula görə gedib savaşmırlar. Mən elə bir adam tanıyıram ki, o, vaxtilə banklardan birində işləyirdi və kifayət qədər yaxşı məvacib alırdı. Buna baxmayaraq, o, hər şeyə arxa çevirib, dini qruplaşmalara qoşulub və Suriyaya gedərək, guya orada din uğrunda savaşır. Belələrinin sayı getdikcə artmaqdadır. Əvvəllər belə adamlar əsasən, Azərbaycanın şimal rayonlarında çoxluq təşkil edirdisə, indi Sumqayıtdan, Tərtərdən, Naxçıvandan, Masallıdan Suriyaya gedənlər var. Hətta ailəliklə ora gedib döyüşənlər var. Bu mənzərə həyəcan təbili çalmaq üçün yetərli faktlardır”.
Politoloq bildirib ki, məsələnin digər tərəfi fətvanın sələfilər tərəfindən necə qarşılanmasıdır. Onun sözlərinə görə, sələfilər QMİ-ni, həmçinin bu idarənin rəhbər şəxslərini özləri üçün yol göstərən saymırlar: “Mən güman etmirəm ki, sələfilər şeyxi eşitsinlər, onun çağırışa əməl eləsinlər. Amma hər halda fətva verilib. Bunu xəbərdarlıq kimi qəbul etmək olar. Ardınca aidiyyəti dövlət qurumları da hərəkətə keçməli, lazımi tədbirlər görməlidirlər. Artıq Avropa ölkələrinin rəsmiləri də bu proseslərdən narahatlıqlarını dilə gətirməkdədirlər. Çünki Fransa və İngiltərə kimi ölkələrdən də yüzlərlə vətəndaş təsir altına düşüb Suriyada döyüşməyə yollanıb. Adıçəkilən ölkələr həmin vətəndaşlar haqqında məlumatlar toplamağa başlayıblar ki, geri qayıdarkən onları nəzarətə götürə bilsinlər. Azərbaycan üçün də belə bir təhlükə qaçılmazdır. Nə vaxtsa Suriyada döyüş başa çatacaq. O zaman həmin insanların bəzisi döyüş meydanında qalacaq, bəzisi isə geriyə qayıdacaqlar. Hər ikisi bizim üçün təhlükəlidir. “Əl-Qaidə” terror təşkilatının təsiri altında olan belə insanların Azərbaycana nə məqsədlə, necə qayıdacaqları bəlli deyil. Ona görə də fətvanın ardınca dövlət qurumları, xüsusən də güc strukturları bu işə ciddi yanaşmalıdırlar”.
E.Şahinoğlu sələfilərin Azərbaycan daxilində daha da güclənməsində xarici şəbəkələrin rolunu danılmaz sayıb: “Vaxtilə Çeçenistanda müharibə gedəndə indi Suriyada olan qədər azərbaycanlı sələfi o savaşa qatılmamışdı. Çünki onda bu qədər geniş yayılmamışdılar. Amma indi daha çoxdurlar və ömründə xarici ölkəyə getməyən, cibində xarici pasportu olmayan şəxs və ya şəxslər qəfil yoxa çıxır, daha sonra onların səsləri Türkiyənin sərhədindən, Suriyadan gəlir. Deməli, burda onları kimsə təlimatlandırır, yol göstərir, maliyyə yardımı edir, sərhəddən keçirir, müharibə məkanına çatdırır. Üstəlik, onların burada qalan ailələrinə maliyyə yardımı edilir. Yəni, bütün bu dəstəklər var. Ona görə də bəzi Azərbaycan vətəndaşlarının Suriyadakı döyüşlərə cəlb olunmasında xarici amilləri istisna etmirəm. Bu şəbəkənin Azərbaycanla bağlılığı, koordinasiya işlərinin aparılması, iri həcmdə maliyyə ayrılması kimi kənar əllər kəsilməsə, bu prosesi dayandırmaq çox çətin olacaq”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər