• cümə, 29 Mart, 00:41
  • Baku Bakı 7°C

Qazaxıstan prezidenti gələn həftə Bakıya səfər edəcək

29.03.17 09:00 934
Qazaxıstan prezidenti gələn həftə Bakıya səfər edəcək
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ölkəmizə gələn həftə baş tutacaq səfəri, müzakirə olunacaq məsələlər medianın diqqət mərkəzindədir. Rusiya nəşrləri də səfərə böyük önəm verirlər. Bu ölkənin nüfuzlu "Nezavisimaya qazeta” nəşri yazır ki, aprelin 2-3-də rəsmi səfərlə Bakıya yollanacaq Qazaxıstan prezidentinin aparacağı danışıqlarda təhlükəsizlik, iqtisadiyyat, tranzit və regional siyasət kimi sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək. Ekspertlər Azərbaycan hakimiyyətinin BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü olan Qazaxıstandan Dağlıq Qarabağ məsələsində dəstək gözlədiyini də istisna etmir.
Prezident Nursultan Nazarbayevin Azərbaycana səfəri hələ ötən ilin payızında baş tutmalı idi. Lakin, rəsmi versiyaya görə, səfər Qazaxıstan liderinin xəstələnməsi səbəbindən təxirə salınmışdı. Ekspertlərsə deyir ki, səfərin təxirə salınmasına əsas səbəb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlət başçılarının həmin tarixlərdə Yerevanda keçirilən sammiti olub. Astana həmin sammitdə iştirak etməyi məqsədəuyğun saymadığından, Bakı səfəri də təxirə salınıbmış. Qəzetə açıqlamasında Risklərin Qiymətləndirilməsi Qrupunun direktoru Dosım Satpayev bildirib ki, Qazaxıstan dəfələrlə Ermənistanın maraqlarına zidd olaraq, Azərbaycana ifrat rəğbət bəsləməkdə ittiham edilib. "Bakı üçün isə Astananın Dağlıq Qarabağ məsələsində mənəvi dəstəyi vacibdir. Ələlxüsus, nəzərə almaq lazımdır ki, Qazaxıstan BMT TŞ-nın qeyri-daimi üzvüdür. Düşünmürəm ki, Qazaxıstan bilavasitə dəstəklə, Dağlıq Qarabağ münaqişəsinə birbaşa müdaxilə etsin. Bakıya yalnız humanitar kömək göstərilə bilər”. Daha sonra ekspert belə bir sualla çıxış edir. "Bəs indiki şəraitdə Azərbaycanın buna ehtiyacı varmı? "Bakının Astanadan gözlədiyi yalnız mənəvi dəstək ola bilər, özü də Avrasiya İqtisadi İttifaqı daxilində. Qazaxıstanı dəfələrlə KTMT və Avrasiya İqtisadi İttifaqı üzvü olmayan Azərbaycanla, bu qurumlara üzv olan dövlətlərdən daha çox əməkdaşlıq etməkdə günahlandırıblar. Söhbət xüsusilə Ermənistan və Qırğızıstandan gedir. Bu azmış kimi, bəzi ekspertlər Qazaxıstan və Belarusun Azərbaycana açıq-aşkar simpatiya bəsləmələri üzündən KTMT-dən çıxarılmasına belə, çağırışlar edib”, - deyə Dosım Satpayev bildirib.
Ekspertin fikrincə, artıq Qazaxıstanın sözü eşidilir və respublikanı müstəqil moderator kimi, münaqişə tərəflərindən heç birinin tərəfini tutmayan dövlət kimi qəbul edirlər. O hesab edir ki, məhz bu səbəbdən də Nazarbayev çeviklik və ehtiyatlılıq nümayiş etdirərək, bir tərəfdən Azərbaycanla strateji tərəfdaşlıq edəcək, digər yandan isə "sərhədləri keçməyəcək”, - deyə Dosım Satpayev bildirib.
İstənilən halda, Azərbaycan Qazaxıstanın Qafqaz istiqamətində ən vacib tərəfdaşıdır. Qazaxıstan Türkiyə və Azərbaycanla birlikdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxildir. Türkiyənin postsovet məkanında fəallaşmasından sonra isə bu Şuranın inkişafında yeni mərhələ başlayıb. Artıq Şura daha fəaldır. Üstəlik, bu ilin sentyabrında Astanada İslam Əməkdaşlıq Təşkilatının sammiti keçirilməlidir. "Bu baxımdan, Nursultan Nazarbayevlə İlham Əliyev arasında fikir mübadiləsi Bakı üçün xüsusi maraq kəsb edir. Çünki 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilib və ay yarımdan sonra burada İslam Oyunları keçiriləcək. Bu səbəbdən tərəflər danışıqlar zamanı islam həmrəyliyi mövzusunu da müzakirə edəcək”, - deyə "Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə bildirib. Ekspertin fikrincə, səfərin gündəliyi çox zəngin olacaq və danışıqların yekununda ikitərəfli münasibətlərin indiki durumu və yaxın gələcək üçün perspektiv istiqamətlərini əks etdirən sənədlərin qəbulu gözlənilir.
Müxtəlif hesablamalara görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 300 milyon dollar təşkil edir ki, bu da real imkanlara uyğun gəlmir. Əslində, tərəflər arasında bu sahədə daha ciddi potensial var. Qazaxıstanda Azərbaycan şirkətləri inşaat sahəsində, Azərbaycanda isə Qazaxıstan şirkətləri, o cümlədən "Ak-Biday” taxıl terminalı fəaliyyət göstərir. Perspektiv istiqamətlər kimi nəqliyyat və energetika sahələrini göstərmək olar. "Bu gün həm Qazaxıstan, həm də Azərbaycan ölkələrin tranzit potensialının gücləndirilməsinə hesablanmış layihələr həyata keçirir. Bu səbəbdən iki dövlət başçısının görüşündə Azərbaycanın Ələt və Qazaxıstanın Aktau və Kurık limanları arasında gələcək əməkdaşlıq barədə ətraflı söhbət aparılacaq. Burada sənaye təyinatlı yüklərin daşınması üçün əlavə bərə keçidinin yaradılması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyə və Qara dəniz hövzəsi ölkələrindən gələn yüklər Bakıdan bərə ilə Aktau və ya Kurık limalına, oradan isə Qazaxıstan-Çin sərhədinə göndəriləcək. Bu tranzit marşrutu Azərbaycan üçün çox maraqlıdır”, - deyə İ.Vəlizadə bildirib.
Daha bir vacib məsələ Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəmərilə nəqlinin bərpasıdır. Son illərdə Qazaxıstan müxtəlif səbəblərdən bu kəmərlə nəql etdiyi karbohidrogen ehtiyatlarının həcmini azaldıb. Lakin "Kaşağan” yatağında neft hasilatının artırılması ilə bağlı planlar Astananı bu layihəyə qayıtmağa məcbur edir. "İki ölkə liderinin görüşündə neft-qaz sahəsində əməkdaşlıq məsələsi həm də ona görə qaldırılacaq ki, Qazaxıstanla Azərbaycan Xəzər bölgəsində qonşudurlar. Hazırda bölgədə sabitlik var, hər halda, 5 Xəzəryanı ölkə status-kvonu gözləyir”, - deyə Dosım Satpayev bildirib.
Söhbət təkcə Xəzərdə əməkdaşlıqdan deyil, həm də təhlükəsizlik məsələlərindən gedir. "Qazaxıstan Xəzər bölgəsinin gələcəkdə də sabit qalmasında maraqlıdır. Bu, həm ölkənin enerji layihələrinin təhlükəsizliyi baxımından, həm də Xəzər bölgəsinin ekstremist təşkilatların mövcud olduğu, yetərincə qeyri-sabit nöqtələrlə qonşuluqda yerləşməsi baxımından vacibdir. Bu səbəbdən Bakıya səfər zamanı iqtisadi məsələlər kimi, təhlükəsizlik problemi də müzakirə ediləcək”, - deyə Satpayev bildirib.
Azər
banner

Oxşar Xəbərlər