• çərşənbə axşamı, 23 aprel, 14:20
  • Baku Bakı 24°C

Qaz razılaşması Gürcüstanı çalxaladı

19.01.17 10:00 907
Qaz razılaşması Gürcüstanı çalxaladı
Rusiyanın qaz nəhəngi - "Qazprom”la Gürcüstan hökuməti arasında Ermənistana satılan təbii qazın nəqlinə görə, ödənişlər barədə razılığın əldə olunması qonşu ölkədə müzakirə olunan ən aktual məsələlər sırasındadır. Əksər siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları bunu ölkənin milli maraqlarına zidd bir razılaşma kimi qiymətləndirirlər. Məsələn, dünən80-ə yaxın qeyri-hökumət təşkilatı Gürcüstan hökumətinə müraciət edərək Gürcüstan ərazisindən Ermənistana gedən qazın tranziti ilə bağlı Rusiyanın "Qazprom” şirkəti ilə əldə olunan razılaşmanın detallarının açıqlanmasını tələb ediblər.
"Rusiya ilə Gürcüstan kimi dövlətlər arasında əldə olunan razılaşmaya kommersiya sənədi çərçivəsində baxıla bilməz. Belə ki, Rusiya bizim ölkənin ərazisini işğal edib”, -deyə İqtisadi Siyasətin Tədqiqi Mərkəzinin icraçı direktoru Nino Evqenidze "Rustavi-2” telekanalına müsahibəsində bildirib. Vətəndaş cəmiyyəti hökumətə ünvanladığı müraciətdə Rusiya şirkəti ilə əldə olunan razılaşmanın doğura biləcəyi risklər barədə xəbərdarlıq edib. "Bizə bu razılaşmanın kommersiya sirri olduğunu deyəndə heç nə aydın olmur. Halbuki, Rusiya işğalçı dövlətdir. Bu, Gürcüstana ciddi bir zərbə vuracaq kapitulyasiya razılaşmasıdır”, - bunu isə "Şərq Tərəfdaşlığı vətəndaş ictimai forumu” milli platformasının sədri Laşa Tuquşi bildirib.
Qeyd edk ki, müxalifət və bir sıra təhlilçilər də hökuməti Rusiya tərəfindən təklif edilmiş təbii qaz qiyməti razılaşmasını qəbul etdiyinə görə kəskin tənqid edir. Müxalif "Vahid Milli Hərəkat” yeni qaz razılaşmasının Gürcüstan üçün "zərərli” olduğunu bildirir. Onlar hesab edirlər ki, bu razılaşma Gürcüstanın enerji təhlükəsizliyinə hədə yaradır. "Vahid Milli Hərəkat”dan Sergi Kapanadze isə bu qənaətdədir ki, yeni razılaşma Rusiyaya Gürcüstana təzyiq göstərmək imkanı verəcək. O, hökuməti öz qərarından əl çəkməyə çağırıb. O deyib ki, yeni saziş Gürcüstanın dövlət maraqlarına ziddir.
Təhlilçi Soso Tsiskarişvili də deyib ki, Gürcüstan hökumətinin qərarı "kapitulyasiyaya” bərabərdir. O, həmçinin "Qazprom”un öz öhdəliklərinə əməl edəcəyini şübhə altına alıb. Deyib ki, Rusiya artıq bir dəfə "siyasi səbəblərlə Gürcüstanı qasız qoyaraq dondurub”.
Avro-Atlantik Gürcüstan Koalisiyası adlı QHT-lər birliyi isə bəyan edib ki, yeni razılaşma Gürcüstanın enerji təhlükəsizliyi vəziyyətini pisləşdirəcək. "Transparency International – Georgia” təşkilatı və Gənc Gürcü Hüquqşünaslar Assosiasiyası da daxil, 22 QHT-ni birləşdirən koalisiya da hökuməti razılaşmanın təfərrüatlarını ictimaiyyət üçün açmağa çağırıb.
Gürcüstan hökuməti isə tənqidləri qəbul etməyərək bəyan edir ki, yeni razılaşma Gürcüstanın enerji asılılığını artırmır və hələ ki təklif olunan şərtlər "optimal” hesab olunur. Bundan əvvəl Gürcüstan Rusiya qazını Ermənistana nəql etmək müqabilində onun 10 faizini özü işlədirdi. Rusiyanın qaz nəhəngi "Qazprom”la imzalanmış yeni razılaşmaya əsasən, Gürcüstan 2017-ci ildə də tranzit haqqı kimi qaz götürəcək, lakin 2018-ci ildən Rusiya tərəfi tranzitə görə pul ödəməyə başlayacaq.
Hökumətə qarşı tənqidləri enerji naziri Kaxa Kaladze dəf etməyə çalışıb. "İmedi” telekanalına müsahibəsində Kaladze israr edib ki, Gürcüstanın Rusiyanın enerji daşıyıcılarından asılılığı artmayacaq və alınan qazın həcmi əvvəllər olduğu kimi, 10-12 faiz civarında qalacaq. Lakin o, bundan daha çox təfərrüat verməyib və bildirib ki, razılaşma məxfi xarakter daşıyır. "Mən vurğulamaq istəyirəm ki, Azərbaycan bizim strateji tərəfdaşımız olaraq qalır. Bizim xalqımızın istehlak etdiyi qazın 90 faizi Azərbaycandan gəlir” – deyə nazir bildirib.
"Bu razılaşmaya gəlməzdən və spesifik təkliflər almazdan əvvəl bizim bir sıra görüşlərimiz olmuşdu və razılaşma barədə mövqe və baxışlarımız tamamilə fərqli idi. Biz narazı idik və deyirdik ki, "Qazprom”un təklifi bizim üçün tamamilə qeyri-məqbuldur və biz çox uzun müddət müzakirə olunan bu təklifləri qəbul etmək fikrində deyildik”- deyə nazir bildirib. Nazir deyib ki, bütün bunlara baxmayaraq, nəhayət yanvarın 10-da 4 saat davam edən danışıqlardan sonra yekun razılaşma əldə edilib: "Biz düşünürük ki, hazırkı reallıqda və situasiyada bu, optimal təklif idi. Qiymət şərtləri 2018-ci ildən beynəlxalq standartlara uyğun müəyyən ediləcək. Ümumilikdə biz beynəlxalq prinsipləri dəstəkləyirik. Bizim ölkəmiz Avropa Enerji Xartiyasına imza atıb”.
Hakim partiyanın vəzifəli rəsmisi Qiyaa Volski deyib ki, bu razılaşmadan əsasən Rusiya mənfəətlənsə də, Gürcüstan mümkün olduğu qədər az itirməyə çalışır. "Interpressnews” saytına müsahibəsində Volski razılaşmanı müdafiə edib və deyib: "Beynəlxalq ödəniş praktikası göstərir ki, tranzit haqqını qazla yalnız Azərbaycan, Naxçıvana qaz verilməsi üçün İrana ödəyir”. Volski vurğulayıb ki, əgər Gürcüstan Rusiyanın təklifi ilə razılaşmasaydı, Rusiya Ermənistanı İran vasitəsilə qazla təchiz edə bilərdi və Gürcüstan tranzit kimi əhəmiyyətini itirərdi: "Bütün hallarda Rusiya Ermənistanın qayğısına qalacaqdı, bizsə bir tranzit kimi funksiya və imicimizi itirə bilərdik. Digər tərəfdən, Ermənistanı qazsız qoymaq bizim Yerevanla münasibətlərimzi korlayardı”.
Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya bildirib ki, müqavilədə Gürcüstanın Rusiyadan təbii qaz alması barədə öhdəlik nəzərdə tutulmayıb: "Azərbaycandan lazımı qədər qaz almaq imkanımız var və bu da, bizə başqa mənbədən mavi yanacaq almaq zərurəti yaratmır”.
Ermənistan rəsmiləri bu məsələ ilə bağlı hələlik heç bir şərh verməyiblər.
Maraqlıdır ki, razılaşmanı tənqid edənlər arasında Gürcüstan prezidenti Georgi Marqvelaşvili də var. Prezidentin mətbuat katibi Eka Mişveladze ötən gün keçirdiyi brifinqdə deyib ki, bu müqavilənin imzalanması ilə ölkənin enerji sektoru zəifləyib, Gürcüstanın iqtisadi və siyasi maraqları zərər görüb: "Bu, gələcəkdə bizə bir sıra problemlər yarada bilər. Prezident bunları nəzərə almaqla, parlamentə müraciət edərək lazımi addımlar atmağı tövsiyə edib. Bildirib ki, ölkəni üzləşə biləcəyi risk və təhlükələrdən qorumaq üçün parlament Konstitusiya ilə təsbit olunmuş funksiyasını yerinə yetirməlidir”.
Azər
banner

Oxşar Xəbərlər