• çərşənbə axşamı, 19 mart, 14:30
  • Baku Bakı 8°C

Qaz gəlirlərimiz böyük həcmdə artacaq

09.07.20 18:35 1008
Qaz gəlirlərimiz böyük həcmdə artacaq
Amma hələlik bu sahədən əldə edilən gəlirlər neft gəlirlərimizlə müqayisə oluna bilməz

2020-ci ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 17,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 milyon ton az olub. Respublika üzrə hasil edilmiş neftin 12,2 milyon tonu "Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) "Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 3,7 milyon ton təşkil edib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, birinci yarımildə 14,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, təxminən, 900 min ton, yəni 5,9 faiz azdır. Neft-kondensatın 14,1 milyon tonu konsorsium, 0,6 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.
2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 11 faizdən çox, yəni 2 milyard kubmetrə yaxın artımla 19,3 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 6,3 milyard kubmetri AÇG-dən, 9,4 milyard kubmetri isə "Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3,6 milyard kubmetr qaz hasil olunub.
Bu dövrdə xaricə qaz satışı 6,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 24,5 faiz çox, yəni 5,2 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,3 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,9 milyard kubmetr qaz nəql olunub.
2018-ci ilin iyun ayının 30-dan 2020- ci ilin iyul ayının 1-dək TANAP-la Türkiyəyə 5,8 milyard kubmetr qaz nəql edilib.
Azəri-Çıraq-Günəşli və "Şahdəniz” yataqları istismara veriləndən 1 iyul tarixinədək ümumilikdə 541,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 512,6 milyon ton, "Şahdəniz”dən isə 28,6 milyon ton kondensat çıxarılıb. Azəri-Çıraq-Günəşli və "Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin 1 iyul tarixinədək 541,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Bu dövrdə "Azəri-Çıraq-Günəşli”dən 171,2 milyard kubmetr, "Şahdəniz”dən isə 126,3 milyard kubmetr qaz hasil edilib. "Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 iyul tarixinədək 83,5 milyard kubmetr qaz ixraca nəql edilib.
Ölkədə neft emalı isə 2020-ci ilin 6 ayında 3 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 79 min ton az olub.
Neftin qiymətinin aşağı düşməsi fonunda qaz ixracından əldə olunan gəlirlər itkilərimizi kompensasiya edə bilərmi? Ümumiyyətlə, qaz gəlirlərimiz nə zaman nəzərə çarpacaq dərəcədə arta bilər?
Neft araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, indiki məqamda qaz gəlirləri neft gəlirlərimizlə müqayisə oluna bilməz. Amma gələcəkdə qaz ixracından əldə olunan gəlirlər qat-qat arta bilər: "6 ay ərzində cəmi 6,5 milyard kubmetr qaz ixrac edilib. Bunun 1,3 milyard kubmetri regional bazarda satılır, 5,2 miyard həcmdə qaz isə Türkiyə bazarında yəni daha baha qiymətə satılır.Ümumiyyətlə götürsək cari il ərzində 12,5 milyard kubmetr həcmdə qaz ixrac edə bilərik. Bu göstəriciləri neft ekvivalentinə çevirsək 12,5-13 milyon ton həcmində neft edir. Digər bir məsələ isə qazın neftdən 40 faiz ucuz olmasıdır. Qaz ixracımız neft ixracından 50 faizədək azdır. Neftin bir barreli indi 42-43 dollara satılır. Ekviavalentlə götürsək biz 30 milyon ton neft hasilatından əldə olunan gəliri 50-60 milyard kubmetr qazdan əldə edə bilirik. Amma Azərbaycanın ümumi qaz ixrac potensialı isə 35 milyard kubmetrdir. Yəni ki, mövcud ixrac imkanları fonunda qaz gəlirlərinin neft gəlirlərinə çatması sadəcə, mümkün deyil. Ancaq "Şəfəq-Asiman” qaz yatağının dibini açmağa müvəffəq olsaq, infrastrukturumuz genişlənəcək. Bu da bizə yeni imkanlar yarada bilər. Bu halda qaz gəlirlərimiz proqnoz edildiyindən qat-qat artıq ola bilər. Yəni hər şey potensialımızdan və bazardakı qiymətdən asılıdır”.
İqtisadçı millət vəkili Azər Badamov deyir ki, təbii qaz ehtiyatlarımızın ixracından əldə olunan gəlir azalan neft gəlirlərimizin bir hissəsini kompensasiya edə bilər: "Qaz və neft Azərbaycanın ən gəlirli təbii ehtiyatlarıdır. Bu ehtiyatlarımızın satışından ölkəmiz böyük gəlirlər əldə edir və bu gəlirlər bizim gələcyimizin təminatçısına çevrilir. Biz bu vaxta kimi əsasən neft istehsal edirdik və neft gəlirləri ümumi gəlirlərimizdə əsas yer tuturdu. Son dövrdə təbii qazın istehsalı və ixracı istiqamətində görülən işlər ölkəmizin qaz gəlirlərinin artmasına gətirib çıxaracaq. Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi və TAP layihəsinin başa çatması, eyni zamanda Şahdəniz-2-nin istismara verilməsi qaz gəlirlərimizin artmasına gətirib çıxaracaq. Təbii qazın qiyməti neftin qiyməti kimi vaxtaşırı dəyişmir. Qiymətlər stabildir. Azərbaycanın bu gün beynəlxalq ixrac kəmərlərinə sahib olduğunu nəzərə alsaq, deyə bilərik ki, gələcəkdə ölkəmizin qaz gəlirləri ciddi səviyyədə artacaq. Hələlik kəmərlərimiz tam gücü ilə işləmir. Azərbaycan qazının Avropaya çatması və yeni yataqlarının istismara verilməsi Azərbaycanın təbii qaz ehtiyatlarından daha səmərəli istifadə olunmasına imkan yaradacaq. Bu da azalan neft gəlirlərimizin müəyyən hissəsinin kompensasiyasında mühüm rol oynayır”.
Şəbnəm


banner

Oxşar Xəbərlər