• şənbə, 27 Aprel, 09:11
  • Baku Bakı 12°C

Qayıdış başlayıb

10.01.20 16:40 832
Qayıdış başlayıb
2019-cu il ərzində Avropaya mühacirət etmiş 831 Azərbaycan vətəndaşı könüllü olaraq geri qayıdıb

Bütün dünyada ölkələrini tərk edərək miqrant kimi digər ölkələr gedən insanların sayı çoxdur. Lakin insanların bir qismi ya işə düzəlmə, ya "siyasi mühacir”, ya da başqa ad ilə aldadılaraq öz ölkələrini tərk etmək məcburiyyətində qalır. Bir müddət sonra isə onların geri dönüşü olur. Azərbaycanda Avropaya gedənlərin bir hissəsi də məhz indi ölkəyə geri qayıtmağa başlayıb. Belə ki, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumata görə, BMqT-nin Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində 2019-cu il ərzində Azərbaycan vətəndaşı olan 831 nəfərin mənşə ölkəsinə könüllü qayıdışını təmin olunub.
Könüllü geri qayıdanların 460 nəfəri Almaniyanın, 264 nəfəri Niderlandın, 27 nəfəri Latviyanın, 16 nəfəri Türkiyənin, 13 nəfəri Avstriyanın, 10 nəfəri Gürcüstanın, 9 nəfəri Belçikanın, 8 nəfəri Litvanın, 7 nəfəri Polşanın, 6 nəfəri İsveçrənin, 4 nəfəri Macarıstanın, 3 nəfəri Finlandiyanın, 2 nəfəri İrlandiyanın, 1 nəfəri Çexiyanın və 1 nəfəri Bosniya və Herseqovinanın payına düşüb.
Görəsən ölkə vətəndaşlarının Azərbaycana qayıtmaq istəyinin arxasında hansı səbəblər dayanır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Azərbaycan Vəhdət Partiyasının (AVP) sədri, millət vəkili Tahir Kərimli bildirdi ki, Avropadan müxtəlif səbəblərdən Azərbaycana geri dönən vətəndaşlar var: "Bunların içərisində qərbdə yaxşı həyat şəraiti axtarıb, lakin buna nail olmayıb geri qayıdanlar var. Amma ən əsas məsələ ondan ibarətdir ki, həmin insanların çoxu aldadılıb. Guya ki, ölkəmizdə demokratiya yoxdur, qərb daha yaxşıdır və sair bu kimi absurd şeylərə əsaslanaraq bir sıra insanlar Azərbaycanı tərk etmişdi. İndi həmin insanlar başa düşürlər ki, aldadılıblar, o ajiotaj keçib. Hazırda Azərbaycanda dövlət başçısı tərəfindən islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə elə bir sahə yoxdur ki, yenilənmə getməsin. Faktiki olaraq, parlamentdə, hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində və digər sahələrdə islahatlar aparılır. Hətta yeni kadr bankının yaradılması üçün "Yüksəliş” adlı müsabiqəyə start verilib. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır. Yəni, bütövlükdə bu dəyişiklikləri insanlar gözləri ilə görürlər və onlarda əks meyl yaranır ki, aldadılaraq xaricə gəlmişik, Azərbaycan müqəddəs vətənimizdir və zaman keçdikcə ölkəmizdə daha yaxşı şərait yaranır. Düşünürəm ki, Avropadan Azərbaycana dönüş edənlərin əsas səbəbi də budur. Onların bir çoxu guya inqilab ediləcək və sair yalan vədlərlə aldadılıblar. Həmin insanlar indi başa düşürlər ki, inqilab edilən ərəb dövlətləri cəhənnəmə çevriliblər. Bunun əksinə olaraq, Azərbaycanda sabitlik mövcuddur və insanlar rahat yaşaya bilirlər, inkişaf var, gənclərə qayğı göstərilir. Hətta Amerikaya köçüb gedən ailələrdən Azərbaycan qayıtmaq arzusunda olanlar var”.
T.Kərimli qeyd etdi ki, Azərbaycanın getdikcə artan nüfuzu, imkanları və ölkədə həyat şəraitinin yaxşılaşması müsbət stimul yaradıb və insanlar yavaş-yavaş geri dönürlər: "Həm də onların bir çoxu qanunsuz məskunlaşmışdılar”.
Hüquqşünas Sahib Məmmədov bildirdi ki, BMqT könüllü qayıdışı proqramı həyata keçirir: "Vizual olaraq hava limanlarında da görmüşəm ki, "İOM” loqoları olan əl çantaları ilə Çinə, cənub-şərqi Asiya və müxtəlif ölkələrə geri qayıdırlar. Bu da əsasən könüllü qayıdış proqramıdır və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilir. Azərbaycana təkcə belə könüllü yox, həm də Redmissiya müqaviləsi çərçivəsində insanların qayıdışı baş tutur. Sonuncu halda həm bizim vətəndaşları, həm də bizim ölkədən 3-cü ölkə kimi istifadə edərək Avropaya keçmiş şəxsləri geri qaytarırlar. Əslində bu könüllülüyün arxasında bəzən bir məcburiyyət durur. Yəni, zorakılıq yox, sadəcə olaraq bu və ya digər səbəbdən ölkəsini tərk edərək başqa ölkələrə miqrasiya etmiş şəxslər orada ya iş tapa bilmədiyi, ya özünə yaxşı həyat qura bilmədiyi halda könüllü olaraq geri qayıtmaq qərarına gəlir. Amma bu zaman onların geri qayıtmaq üçün vəsaitləri olmur. Bundan irəli gələrək də Beynəlxalq Miqrasiya Təşkilatı onların geri dönüşünü təşkil edir. Həmin insanların yol xərclərini ya dövlətlərin özü vasitəsilə, ya da bu layihə çərçivəsində ödənməsinə nail olur. Eyni zamanda insanlar ölkələrinə qayıdarkən reabilitasiya proqramlarında iştirak edir və sair. Bu, təşkilatın davamlı proqramıdır. Sözün düzü, Avropadan Azərbaycana qayıdanların sayının çox olması təəccüblü gəldi. Amma Beynəlxalq Miqrasiya Təşkilatı 831 nəfərin Azərbaycana qayıdışını təmin edibsə, bu, çox yaxşı haldır”.
S.Məmmədov vurğuladı ki, geri dönənlər içərisində aldadılaraq gedənlər də var: "Yəni, təkcə Azərbaycanda yox, bütün dünyadan xeyli miqrant kütləsi öz ölkəsini aldanaraq tərk edib. Tutaq ki, onları birinci halda işə düzəltmə adı ilə fırıldaqçılar aldadır. İkincisi, siyasi sığınacaq adı altında siyasi biznes quran tərəflərin vasitəsilə "siyasi mühacir” adı ilə gedənlər olur ki, onlar da orada davamlı qala bilməyəcəklərini başa düşürlər və könüllü olaraq geri dönürlər. Eləcə də bu layihə müxtəlif səbəblərdən gedib, ancaq geri dönmək imkanı olmayan şəxsləri də əhatə edir”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər