AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qaydalara nə qədər ciddi əməl etsək, bu bəladan da o qədər tez xilas ola bilərik

Qaydalara nə qədər ciddi əməl etsək, bu bəladan da o qədər tez xilas ola bilərik

Mədəniyyət
30 Aprel 2020, 10:40 522
Bu gün planetimizin bütün canlı məxluqatının vətəni olan Yer kürəsi koronavurus (COVID-19) təhlükəsi ilə üz-üzədir. Onunla mübarizədə dünyaya meydan oxuyan superdövlətlər də çaş-baş salıb. Elə bu səbəbdəndir ki, dünyada həyəcan siqnalı çalınıb və əksər ölkələrdə xüsusi karantin rejimi elan olunub.
Xüsusi karantin rejimində yaşayan şair Əşrəf Veysəlli AZƏRTAC-ın müxbirinə bildirib: "Hamımız ümumbəşəri bir bəlaya giriftar olmuşuq. Yaşımla əlaqədar olaraq evdən bayıra çıxmıram. Dahilərdən birinin belə bir sözü var ki, əgər zəmanə səninlə razılaşmırsa, sən zəmanə ilə razılaşmalısan. Ona görə indiki şəraitdə yeganə bir düzgün yol varsa, o da həkim və mütəxəssislərin tövsiyəsinə əməl etməkdir. Çox yaxşı ki, dövlətimiz virusun ölkəmizdə geniş yayılmaması üçün vaxtında qabaqlayıcı tədbirlər gördü, əks halda, ciddi fəsadlarla üzləşərdik. Bizim də üzərimizə düşən vəzifə karantin rejiminin qaydalarına riayət etməkdir. Qaydalara nə qədər ciddi şəkildə əməl etsək bu bəladan da o qədər tez xilas ola bilərik.
Mən bu fürsətdən istifadə edib vaxtımı daha çox mütaliə və yaradıcılıqla məşğul olmağa sərf edirəm. Bu müddətdə ayrı-ayrı vaxtlarda müəlliflər, yazıçı dostlarım tərəfindən bağışlanan, amma oxumağa imkan tapmadığım kitabların demək olar ki, hamısını mütaliə etmək imkanı tapdım. Nə qədər də məsləhət olsa, bu rejimdə yaşamağa hazıram”.
Şair daha sonra deyib: "Pandemiya dövründə bir sıra yeni dəyərlərə sahib olduq, yeni vərdişlər qazandıq. Şübhəsiz ki, bu sınaq həkimlərə olan inamı artırdı, kitaba, musiqiyə olan məhəbbəti daha da gücləndirdi, virtual əlaqələri genişləndirdi. Yeni dövrün bir sıra çətinliklərinə baxmayaraq, xalqımızın bu sınaqdan da uğurla çıxacağına inanıram”.