• şənbə, 20 Aprel, 17:48
  • Baku Bakı 23°C

Qaydalara əməl etməli, dövlətimizə dəstək verməliyik

09.07.20 10:45 1036
Qaydalara əməl etməli, dövlətimizə dəstək verməliyik
Azərbaycan dövləti dünyanın bəlasına çevrilən və "III Dünya müharibəsi” adlandırılan koronavirus xəstəliyinin qarşısını almaq üçün ilk günlərdən etibarən bütün mümkün və zəruri tədbirləri həyata keçirir. Dövlətimiz bütün gücünü ölkə vətəndaşlarının sağlamlığının qorunmasına, onların sosial rifahının yaxşılaşdırılmasına yönəldib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq çevik və qətiyyətli addımlar atılır. Təbii ki, xəstəliklə mübarizədə zamana ehtiyac var və bu zamanın nə qədər çəkəcəyini heç kəs bilmir. Vaksin tapılana kimi biz həm özümüzü, həm də ətrafdakıları qorumalıyıq. Koronavirusla mübarizə istiqamətində Operativ Qərargahın qaydalarına riayət etməklə bu çətin dövrü adlaya bilərik.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, "Şöhrət” ordenli, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru kafedrasının müdiri, professor İlham Namiq Kamal söyləyib.
Xalq artisti bildirib ki, hər bir insanın özünü qoruması dövlətini, cəmiyyətini qoruması deməkdir. Dövlətin tətbiq etdiyi qaydalar, karantin rejiminin şərtləri bizim sağlamlığımıza yönəlib. Biz dövlətimizin dəstəyi ilə ilk mərhələdən az itki və zərərlə çıxa bildik. Karantin rejiminin qaydalarının sərtləşdirilməsi bizim sağlamlığımızın qorunmasına yönəldilib. "Operativ Qərargahın qaydalarına əməl etməmək məsuliyyətsizlikdir. Əslində, bu, çox sadə bir işdir. Maska taxmaq məgər elə çətin məsələdir? Əlləri yumaq məgər çətin məsələdir? Bu, zərurətdir. Bütün vətəndaşlarımıza məsləhət görürəm ki, zərurət yoxdursa evdən çıxmasınlar. Dünya çox çətin bir dönəm mərhələsindədir. Hamı xoşagəlməz vəziyyətlə üzləşib - həm insanlar, həm də dövlətlər. Amma vəziyyətin nə qədər gərgin olmasına baxmayaraq, Azərbaycan dövləti öz vətəndaşlarına böyük diqqət və qayğı ilə yanaşır, köməyini əsirgəmir", - deyə İlham Namiq Kamal vurğulayıb.
Professor bildirib ki, gözəgörünməz düşmənlə mübarizə aparmaq üçün bir olmalı, dövlətimizə dəstək göstərməliyik. Hər kəs öz bildiyi kimi davransa, vəziyyətin necə kritik hala gələ biləcəyini təsəvvür etmək belə çətindir. Çətin dönəmdən keçirik. Amma məsuliyyətimiz, sağlam düşüncəmizlə bu çətin dövrü də arxada qoyacağıq.
Xalq artisti bildirib ki, dövlətimiz, həkimlərimiz var gücləri ilə çalışırlar. Bizdən nə istəyirlər?! Ancaq qaydalara riayət etmək, evdə oturmaq və özünü qorumaq. Əgər biz qaydalara ciddi əməl etsək hər şey keçib gedəcək: "İnanıram ki, xalq olaraq biz çətinlikləri birlikdə dəf edəcəyik. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, biz birlikdə güclüyük və inşallah, bu bəlanın öhdəsindən də gələcəyik. Buradan bütün xalqımıza, məni sevənlərə səslənirəm ki, sağlamlığınızı qoruyun”.
banner

Oxşar Xəbərlər