• çərşənbə, 24 Aprel, 17:19
  • Baku Bakı 27°C

Qaydalara əməl etmək o qədər də çətin deyil

13.05.20 17:57 5317
Qaydalara əməl etmək o qədər də çətin deyil
Bəzi vətəndaşlar məsuliyyətsizlik göstərərək özünün və başqalarının həyatını risk altına atırlar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda "Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Açılışdan sonra Prezident və birinci xanım müəssisələrin bir qrup işçisi ilə görüşüblər. Görüşdə çıxış edən dövlət başçısı dünyanı narahat edən koronavirus pandemiyasına və buna qarşı həyata keçirilən mübarizə tədbirlərinə diqqət çəkib. O, bu istiqamətdə Azərbaycanın nümunəvi yanaşma göstərdiyini, bunun xalq tərəfindən müsbət qiymətləndirildiyini dilə gətirib.

Prezident bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir: "Bu gün vəziyyəti nəzarətdə saxlamaq o qədər də asan məsələ deyil. Biz bütün səylərimizi insanların sağlamlığının qorunmasına yönəltdik. Pandemiyanın ilk günlərindən demək olar ki, bizim üçün seçim etməkdə heç bir tərəddüdlü məqam olmamışdır. Mən birmənalı şəkildə demişdim ki, ilk növbədə, vətəndaşların sağlamlığı, onların həyatıdır. ...Bizim əsas vəzifəmiz vətəndaşları qorumaq idi. Ona görə məhdudlaşdırıcı tədbirlərin böyük rolu olmuşdur. Əgər biz bu addımları atmasaydıq, indi vəziyyət nəzarətdən çıxa bilərdi, necə ki, bir çox ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə, səhiyyə sistemi bizdən qat-qat inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıb, xəstələr üçün xəstəxanalarda yataqlar çatmır, xəstələr bəzi hallarda xəstəxanalara ümumiyyətlə qəbul edilmir. Artıq sirr deyil ki, bir çox ölkələrdə yüngül simptomlu xəstələri xəstəxanalara qəbul etmirlər. Onlara deyilir ki, gedin öz evinizdə qalın və faktiki olaraq onlar müalicəsiz qalırlar. Bizdə isə bütün xəstələri, bütün yoluxanları, hətta onun simptomu olmasa belə, mütləq xəstəxanalara qəbul edirik. Biz ən müasir xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına vermişik”.


Dövlət başçısı söyləyib ki, vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərir, tövsiyə olunan qaydalara əməl etmirlər. Onun sözlərinə görə, məhz bu səbəbdən yumşalma tədbirləri başlayan kimi koronavirusa yoluxanların sayı artmağa başlayıb: "Əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. Ancaq bu, o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır. Peyvənd icad edilənə qədər bu problem mövcud olacaq. Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar. Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər”.


Mövzu ilə bağlı millət vəkili Sevinc Hüseynova bildirib ki, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Onun fikrincə, bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir: "Ölkəmizdə bu istiqamətdə görülən işlər digər ölkələri üçün nümunədir. Bu gün koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan dünyada ən az itkilərə məruz qalan ölkələrdən biridir. Belə ki, COVID-19 infeksiyasına dünyada hər 1 milyon insana düşən yoluxmanın sayı 450 nəfərdirsə, bu göstərici Azərbaycanda 200-ə yaxındır. Ölüm sayına görə dünyada hər 1 milyon insana düşən göstərici 33-ə bərabərdir. Azərbaycanda isə bu göstərici daha yaxşıdır, cəmi 2.6 nəfərdir. Beləliklə, Azərbaycanda vəziyyət dünya göstəricilərindən 15 dəfə yaxşıdır. Bütün bunlar dövlətimizin, Prezidentimiz İlham Əliyevin insanların təhlükəsizliyinin, sağlamlığının qorunmasına verdiyi önəmin ifadəsidir. Bununla belə, COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Aprelin 27-dən xüsusi karantin rejimində yumşalmaların edilməsi insanlarda arxayınlıq yaratmamalıdır. Bu məsələlərə cənab Prezident də çıxışında toxundu. Son üç gündə xəstələrin sayının artması göstərir ki, məsuliyyətimizi daha da artırmalıyıq. İnsanlar karantin rejiminə əməl etməli, zərurət olmadıqda evdən çıxmamalı, sosial izolyasiya tədbirlərinə əməl etməlidirlər. Əks halda, karantin rejimi yenidən sərtləşdiriləcək”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər