• şənbə, 20 Aprel, 02:30
  • Baku Bakı 15°C

“Qavaldaş” festival-müsabiqəsi: dünyanın hər yerindən musiqiçilər Azərbaycana təşəkkür edir

25.04.20 20:52 913
“Qavaldaş” festival-müsabiqəsi: dünyanın hər yerindən musiqiçilər Azərbaycana təşəkkür edir
COVID-19 koronavirus infeksiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi gənc istedadları "Qavaldaş” zərb alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin festival-müsabiqəsində iştirak etmək sevincindən məhrum etməyə səbəb deyil! Təşkilatçısı Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi olan müsabiqə bu il onlayn platformada keçirilir. İlk dəfə 2018-ci ildə təşkil edilən festival-müsabiqənin layihə müəllifi və rəhbəri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadədir.
MərkəzdənAZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi xalq zərb alətlərinin, o cümlədən nağaranın musiqi ənənələrinin canlandırılmasıdır.
"Xalq zərb alətlərində ifa ənənələrinin canlandırılması mənim üçün çoxdan aktual bir mövzu idi, nağarada ifaçılığın bütün gözəlliklərini, ən əsası isə təcrübəli ustadların və virtuozların bu alətdə ifa sirlərini gənc nəslə ötürməyin vacibliyini göstərməyi çox istəyirdim. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan və şərq mədəniyyətinə aid musiqi alətlərinin ifası ölkəmizin bütün istedadlı musiqiçilərinin, musiqi müəllimlərinin, habelə Heydər Əliyev Fondunun bu sahədə böyük təbliğatı və beynəlxalq aləmdə işinin uğurudur. Onların əməyi sayəsində musiqi sənətimiz qorunub saxlanılacaq, Azərbaycan xalqının musiqi mədəniyyətinin bənzərsiz gözəlliyi beynəlxalq səviyyədə bizə dünya şöhrəti gətirəcək. Musiqi sənətimizi, musiqi alətlərimizi qorumağımızdan qürur duyuruq. Buna görə də qərara gəldik ki, gələcək "Qavaldaş” müsabiqəsində milli zərb alətimiz nağarada hər bir beynəlxalq iştirakçının ifası təqdim edilsin, beləliklə, o, bütün dünyada təbliğ olunar, həmçinin ayrıca bir nominasiyada məcburi proqram olaraq Azərbaycan xalq musiqisinin və ritmlərinin müəyyən hissələri ifa edilsin”, - Firuzə Sultanzadə müsahibəsində qeyd edib.
Bu il təşkilatçılar zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin I Beynəlxalq onlayn festival-müsabiqəsini təşkil edərək müsabiqənin əhatə dairəsini genişləndirmək qərarına gəldilər. Təşəbbüs digər ölkələr tərəfindən də təqdir olundu və dəstəkləndi.
"Qavaldaş” hamımıza əla bir onlayn məkan təqdim etdi, öz milli mədəniyyətimizi tanıtmaq, iştirakçı ölkələrin xalq zərb alətlərinin çalğı sənəti ilə tanışlıq və ən əsası yeni dostlar qazanmaq imkanı verdi” - bu sətirlər festival-müsabiqənin xarici iştirakçılarından birinin məktubundandır.
"Özünütəcrid günlərində hamımız evdə oturanda, "Qavaldaş” festivalı dünya xalqlarının parlaq səsləri və ritmləri ilə həyatımıza daxil oldu. Festivalın şüarı "Evdə qal, ritmdən qalma!” zamana və müsabiqənin konsepsiyasına tam uyğundur!”, - Özbəkistandan "Barkamol Avlod” uşaq məktəbinin direktoru Tamarkhon Mirsaqatova qeyd edib.
"Müsabiqənin təşkilatı üçün sizə minnətdarıq! Aramızda məsafə olsa da birlikdəyik. Gənc nəslin ünsiyyət qurması, dostluq etməsi, fərqli mədəniyyətləri mənimsəməsi çox vacibdir. Düşünürəm ki, tezliklə bütün problemlər aradan qaldırılacaq. Hamıya sağlamlıq, firavanlıq və məqsədə çatmağı arzulayıram. Bütün uşaqlar gözəldir və hamısı öz sənətlərində möhtəşəmdir. Görüşənədək”, - deyə Minsk musiqi məktəbinin müəllimi Aleksey Zemlyakov bildirib.
Aprelin 7-dən 30-dək davam edən festival-müsabiqədə Azərbaycanın hər yerindən, eyni zamanda, İsveçrə, Malayziya, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Qazaxıstan və Tacikistandan 150 gənc ifaçı, əsl peşəkar artist kimi, yenə də öz yaradıcılığı ilə bizi sevindirməyə hazırdır. Müsabiqə musiqi məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin tələbələri arasında dörd yaş qrupu üzrə (7-11, 12-16, 17-21 və qarışıq yaş kateqoriyası) keçirilir.
Festival iştirakçıları hər hansı milli və müasir zərb alətində (nağara, qoşa nağara, baraban, litavra, tambur, bonqos, djembe, kahon, darbuk, konqa, dohlak, ksilofon) fərdi və ya kollektiv olaraq ifa etmək istedadlarını nümayiş etdirir və ifasının videosunu müsabiqənin rəsmi elektron poçt ünvanına göndərirlər.
Hər yaş kateqoriyası üzrə qaliblər kubok və diplomlarla təltif ediləcək, həmçinin bütün iştirakçılara sertifikatlar təqdim olunacaq. Firuzə Sultanzadənin sözlərinə görə, ümumilikdə 20 mükafat və iki Qran-Prinin verilməsi planlaşdırılır.
İştirakçıları Azərbaycan, İsveçrə, Türkiyə, Özbəkistan, Ukrayna, Tacikistan, Belarus zərb alətləri ifaçıları, xalq və əməkdar mədəniyyət və incəsənət xadimləri, müəllimlərdən və yaradıcı qrupların rəhbərlərindən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirir.
Onların arasında Xayrullo Dadoboev (Tacikistan) ənənəvi tacik çərçivə baraban doyra ifaçısıdır. Doyranı virtuoz çalma texnikası sayəsində Xayrullo təkcə vətənində deyil, xaricdə də çoxsaylı festivalların məşhur iştirakçısı olub. 2019-cu ildə Tamburi Mundi (Almaniya) festivalına dəvət olunub və burada əsl sıçrayış edib.
Efraim Zaltsman (İsveçrə) gənclər üçün musiqi platforması olan "Spillerüm Naters”ın yaradıcısı və direktorudur. Beş Qitə Festivalının Qlobal Mükafatının və Kultur Prize - Mədəniyyət və Musiqiyə xüsusi töhfə mükafatının sahibidir.
Musiqiçi, bəstəkar Denis Vasilyev (Ukrayna) "Baraban3A” musiqi aləti tarixi muzeyinin direktoru, "Sound Art Space” musiqi alətləri iştirakçılarının art rezidenturası proqramının direktoru, "Baraban 3A” qrupu və çalma məktəbinin yaradıcısı və bədii rəhbəri, "Çervono Ruta” orijinal Ukrayna folklor janrı ümumukrayna festivalının birinci mükafatı laureatıdır.
Vohobjon Tursunov (Özbəkistan) peşəkar doyra ifaçısıdır. Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının məzunudur. Avropa, Amerika, Afrika ölkələrində, Çin, Türkiyə və bir neçə dəfə Azərbaycanda qastrol səfərində olub.
Əməkdar artistlər Kamran Kərimov, İsgəndər Ələsgərov da münsiflər heyətindədir. Eyni zamanda, Azərbaycandan iştirakçıları Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ələkbər Məmmədov, Xoreoqrafiya Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin müəllimi Azər Məlikov qiymətləndirirlər.
banner

Oxşar Xəbərlər