• cümə axşamı, 25 aprel, 16:11
  • Baku Bakı 23°C

Qatar turizminin üstünlükləri

30.06.17 10:00 2104
Qatar turizminin üstünlükləri
Azərbaycanda ilk dəfə olaraq "Azərbaycan Dəmir Yolları” QSC və "Railtravel” turizm şirkəti sifariş əsasında qatar səyahətlərinin təşkilinə başlayıb və ilk turist qatarı Gəncəyə yola düşüb. Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı istiqamətində baş tutan ilk səfər zamanı tur iştirakçılarına Göygöl Milli Parkı, Maralgöl Qoruğu, "Gəncə qapıları”, Nizami Gəncəvi məqbərəsi, "Butulka ev”, Şah Abbas məscidi (XVII əsr), Çökək hamam, Cavad xan türbəsi, Xan bağı və alman kilsəsinə səfər təşkil edilib. Qeyd edək ki, dəmir yolu səfərlərinin tələb əsasında Cənub, Qərb, habelə Şimal rayonlarına təşkil olunması nəzərdə tutulub.
Bəs görəsən ilk dəfə həyata keçirilən qatar turizminin inkişafı üçün daha hansı işlər görülməldir? Ümumiyyətlə, qatar turizmi gəlirli və perspektivli sahədirmi? Dünya təcrübəsində qatar turizmindən istifadə edilirmi?
Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, qatar turizmi sovet dövründə də Azərbaycanda mövcud olub: "Hələ sovet dövründə Azərbaycandan qonşu respublikalara 3 günlük və daha uzun müddətli marşrutlar fəaliyyət göstərirdi. Təəssüflər olsun ki, sovet dövründən sonra turizmin bu sahəsində bir qədər geriləmə müşahidə olundu. İndi belə bir turizm növünün yenidən fəaliyyətə başlaması təbii ki, mütərəqqi haldır. Çünki qatar turizmi həm daxili, həm də gəlmə turizmin inkişafına fayda verə bilər. Daxili turizmlə qatarla Gəncə, Lənkəran, Qax kimi bölgələrə turistlər üçün 2-3 günlük marşrutlar təşkil etmək olar. Onu da qeyd edim ki, Azərbaycanla İran və Azərbaycanla Türkiyə arasında yeni dəmir yollarının açılışı qatar turizminin inkişafına xeyli təkan verəcək. Gələcəkdə Azərbaycandan İrana, Türkiyəyə oradan isə Avropaya qatar turizmi ilə səfərlər etmək mümkün olacaq. Qatar turizminin inkişafı kütləvi turizmin inkişafında da mühüm rol oynaya bilər. Çünki qatar turizmi turistlər üçün maraqlı və fərqli bir turizm növüdür. Səfər zamanı turistlər həm istirahət edə, həm də əylənə bilirlər. Ona görə də qatar turizmi ilə məşğul olan turizm şirkətləri keçmişdəki təcrübədən yararlanmaqla, bu sahəni yaxın gələcəkdə daha da inkişaf etdirə bilərlər. Hesab edirəm ki, bunun üçün ilk növbədə turizm mütəxəssisləri bu işə cəlb olunmalıdır. Bu işi bilən ekspertlər bu sahəyə cəlb olunmalı, yeni marşrutlar, proqramlar tərtib edilməlidir”.
Assosiasiya rəsmisi bildirdi ki, turizm şirkətləri turistlərə necə xidmət göstərilməsi haqda geniş məlumatlı olmalıdırlar: "Təbliğ və təşviq işlərinin təşkil olunması ilə bağlı məsələlər də öz həllini tapmalıdır. Qeyd etdiyim kimi, qatar turizmi 20-25 il olar ki, dayandırılıb. Yeni nəslin nümayəndələri bu turizmin nə olduğunu dərk etmirlər. Ona görə də qatar turizmi bizdə bir qədər yeni fəaliyyət sahəsi hesab olunur. Bütün bunları nəzərə alaraq qatar turizminin təbliğatını geniş şəkildə aparmalıyıq. Həmçinin qatar turizminin üstün cəhətlərini qeyd etmək və təbliğatını aparmaqla bu sahəyə yeni turistləri cəlb etmək olar. Qeyd edim ki, dünya təcrübəsində də qatar turizmindən geniş istifadə olunur. Ümumiyyətlə, turizm tarixində ilk dəfə olaraq qatar turizmindən İngiltərədə istifadə olunub. İndi bir çox dünya ölkələrində və xüsusən qonşu ölkə Rusiyada turizmin bu sahəsinə daha çox maraq var. Həmçinin Amerika, İngiltərə kimi ölkələrdə də qatar turizmi xeyli məşhurdur. Ona görə də ölkəmizdə də qatar turizminin yenidən canlanması mütərəqqi haldır. Bu işi inkişaf etdirməklə gələcəkdə Asiya ölkələrinə, Rusiya, Ukrayna, Belarus, Moldova kimi ölkələrə də səyahətlər təşkil etmək olar. Çünki turizmin inkişafı turizmin yeni növlərinin inkişafı ilə birbaşa əlaqədardır. Düşünürəm ki, yaxın gələcəkdə təkcə qatar deyil, eyni zamanda gəmi turizmi kimi sahələri də inkişaf etdirmək lazımdır. Bunun üçün bizim böyük potensialımız var”.
"Railtravel” turizm şirkətinin rəhbəri Oqtay Aslanov bizimlə söhbətində bildirdi ki, layihəni həyata keçirməkdə əsas məqsəd qatar turizminin inkişafına töhfə verməkdir: "Bildiyiniz kimi, son illərdə bu sahədə durğunluq müşahidə olunurdu. Ona görə də biz belə bir addım atmağa qərar verdik. Dəmir yollarındakı inkişaf bu layihəni həyata keçirməyə imkan yaratdı. Ümumiyyətlə, qatar turzmi turizmin perspektivli sahələrindən hesab olunur. Yollardakı avtobus və avtomobil qəzaların sayının artması turizmin bu sahəsinə olan marağı daha da artırır. Çünki qatar turizmi həm təhlükəsiz, həm də daha rahatdır. Biz bu layihəni əsasən orta məktəb şagirdləri və tələbələr üçün nəzərdə tutmuşuq. Düşünürəm ki, bu həm də orta məktəb şagirdlərini regionlarımız haqqında məlumatlandırmaq baxımından çox vacibdir. Çünki onlar bu bölgələrin sadəcə adını eşidiblər. Düşünürəm ki, şagirdlərin və tələbələrin yay tətilinin səmərəli keçirilməsi baxımından qatar turizmi çox əlverişlidir. Bu onların həm də coğrafi və tarixi biliklərinin artmasında faydalıdır. Qatar turizmi komfort və sosiallaşma baxımından da digərləri ilə müqayisədə üstünlüyə malikdir. Dünya təcrübəsində turizmin bu sahəsindən geniş istifadə olunur. Xüsusən Yaponiyada və Almaniyada turizmin bu sahəsinə daha çox maraq var. Biz bu layihəni həyata keçirdik və bizdə də bu sahəyə marağın olduğunu öyrəndik. Qatarla səyahətin üstünlüklərindən biri də maddi cəhətdən daha əlverişli olmaısıdır. Çünki bu zaman hotelə ehtiyac qalmır və hotel xərcləri öədnilmir. Vaqonlar hotel olaraq istifadə edilə bilir”.
O.Aslanov bildirdi ki, bu sahənin inkişafı üçün dəstəyə ehtiyac var: "Bu barədə bir qədər araşdırma apardım və bir neçə kollec və universitetlərlə əlaqə saxladım. Müşahidələrim onu göstərir ki, əksəriyyət qatar turizmində maraqlıdır. Yeri gəlmişkən, bizə dəstək göstərdiklərinə görə "Azərbaycan Dəmir Yolları” QSC-yə öz təşəkkürümüzü bildiririk. Layihədən sonra bizimlə əlaqə saxlayıb bu barədə xeyli suallar ünvanladılar. Yaxın gələcəkdə Gəncə, Şəki, Qax, Lənkəran istiqamətində turlarımız baş tutacaq və bu barədə əvvəlcədən sosial şəbəkələrdə də elanlarımız yerləşdiriləcək. Çünki bir dəfə ilə kifayətlənmək olmaz. Bu işin təbliğatını aparmaq lazımdır. Düşünürəm ki, turizm şirkətləri və mətbuatla birlikdə bu işi daha da genişləndirmək olar. Qatar turizmi bizdə yeni olduğuna görə onun təbliğ və təşviqinə ehtiyac var. İnsanlar bu haqda məlumatlı olmalıdırlar. Qatar turizminin üstün cəhətləri haqqında sosial çarxlar hazırlanmalıdır ki, bu sahəyə diqqət daha da artsın”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər