• cümə, 19 Aprel, 03:16
  • Baku Bakı 18°C

Qarpız

29.04.19 14:30 4296
Qarpız
Öz minik maşınımda şəhərdən qayıdırdım evimizə. Vacib işim olduğundan çox ləngimişdim. Artıq qaranlıq düşmüşdü. Şəhərdən hələ çıxmamış, avtobus dayanacağında dayanmış yaşlı bir qadın əl qaldırdı. İstər-istəməz ayağımı əyləcə basdım. Qadın maşına yaxınlaşıb: – "Oğul, hara gedirsiniz? Məni də götürə bilərsinizmi" - dedi. Getdiyim istiqamət onun ürəyindən oldu.
Qadının irili-xırdalı dörd torbası vardı. Buna görə də maşının yük yerini açdım. O, torbaları yerbəyer edəndən sonra maşının arxa otгracağında əyləşdi...
Qadın yol boyu çox qəmgin görünürdü. Niyə belə qaranlığa qaldığını soruşdum. Bildirdi ki, kənddəki qız nəvəsi ağır xəstədir. Onun yanına gedir... Qadın bazarlardakı bahalıqdan söz açdı:
- Oğul, nəyə əl uzadırsan, od tutub yanır. Bir az qabaq kənddən zəng etdilər ki, nəvənin ürəyi qarpız istəyir, ona bir qarpız tap gətir. Bir təhər özümü bazara yetirə bildim... Yaxşı ki, qarpız satan kişi hələ köşkü bağlayıb getməmişdi...
Təxminən qırx kilometrə yaxın bir məsafə qət etmişdik. Qadın dilləndi:
- Oğul, qabaqdakı kənd yolunun tuşunda saxlayarsan düşüm.
Mən ona bildirdim ki, xala, narahat olma, sizi düz qapıya qədər aparacağam. Qıymaram asfaltda düşəsiniz.
Onu qızıgilin qapısına gətirdim. O, maşın səsinə həyətə çıxan uşağı səslədi:
- Ay Əşrəf, gəl yüklərimə kömək elə.
Təxminən on dörd-on beş yaşlı oğlan cəld irəli gəlib qadınla görüşəndən sonra yük yerindən torbaları boşaltdı.
Mən yenidən şose yoluna çıxmaqda idim ki, sükanda bir ağırlıq hiss etdim. Düşüb təkərlərə nəzər yetirdim. Arxa təkərlərdən biri boşalmışdı. Həmin təkəri ehtiyat təkərlə əvəz etdim. Mənzil başına çatanda artıq uşaqlar yatmışdılar.
Səhər yataqdan qalxanda dünən şəhərdən kiçik oğlum üçün aldığım tutalğaclı və oval şəkilli ağırlıqqaldırma daşı yadıma düşdü. İstədim ki, təzəcə yuxudan qalxmış və həmişə də idmanla maraqlanan altı yaşlı oğlumu sevindirim. Maşının yük yerindəki torbanı çıxardıb ağzını açarkən heyrətləndim...Torbada bir qarpız vardı...Həmin an fikrimdən dünən mənzilə çatdırdığım qadının dedikləri gəlib keçdi. Görünür, rəngi və görüntüsü eyni olan torbalar qarışığa düşmüşdü...
Bəlkə də, heç bundan ötrü narahat olmazdım. Amma qışın oğlan çağında həmin qadının ağır xəstə yatan nəvəsinə qarpız çatdırmalı olduğunu yadıma salıb daha da həyəcanlandım...
Səhər yeməyimi də yemədən şose yolla üz tutdum qadını şəhərdən gətirdiyim həmin kəndə. Çətinliklə də olsa, o həyəti tapa bildim. Bütün kənd yığışmışdı həyətə... Başa düşdüm ki, nəsə baş verib. Bir yeniyetmə oğlanı yanıma çağırdım və axşam baş verən əhvalatı danışdım. özümü tamamlayar-tamamlamaz oğlan evə sarı götürüldü...
...Qadın qarşımda dayanmışdı. Nə qədər çətin olsa da,özümü toplayıb torbanı ona uzatdım. O, "bir dəqiqə gözləyin" deyib maşından aralandı. Mən dayanmadan maşını işə salıb həyətdən uzaqlaşmaq istədim. Birdən arxada bərk şappıltı eşitdim. Güzgüdən arxaya boylandım. Qadın dizinə döyürdü... Birdən o, qarpızı torbadan çıxarıb yaxınlıqdakı qara daş qalağının üstə çırpdı...
Maşınım artıq həmin həyətdən uzaqlaşırdı... Sual dolu düşüncələr məni rahat buraxmırdı. Maşınım artıq həmin həyətdən uzaqlaşırdı... Dərin düşüncələr məni culğalamışdı. Bir sual beynimi ovduqca-ovurdu...Görəsən, ağır yatan o xəstənin ömrünü qarpız uzadacaqdımı!?
Ələsgər ƏLİOĞLU
banner

Oxşar Xəbərlər