AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qardaşım Mayakovski...

Qardaşım Mayakovski...

26 Yanvar 2020, 11:30 3148
Böyük ədəbi mübahisələrin uzun müddət düşməni olduğumu deməyə çalışmıram, amma bu mübahisələrin mənim mahiyyətim olmadığını da etiraf edirəm. Ədəbi mübahisələrin qızğın azarkeşiyəm. Mənim mahiyyətim isə şeirin özüdür.
 
Mayakovski haqqında mübahisəsiz danışmaq çətin olsa da, böyük şair bütün bunları aşıb göy üzünün sonsuzluğuna bir qartal kimi yüksəlsə də, faydalı bir yaşamdan və şanssız ölümdən danışmaq istəmirəm. Sevgiylə və sadə tərzdə danışacağam ondan.
 
Mayakovski Partiyanı və işçi sinfi öz şeirlərində birləşdirib bunlardan böyük bir şeiriyyat yaradan ilk şairdir. Bu, inqilabdır və bütöv ədəbiyyat sahəsində Bodler, ya da Vitmanınkına uyğun bir dəstəkdir çağdaş şeirə. Bu vəsiləylə də Mayakovskinin dəstəyinin qurama yox, bir şair rəftarıyla özünü göstərdiyini vurğulamaq istəyirəm.  Məzmunundakı yeniliyi dərk etmədikcə bu yeniliyin düşünməyimizə göstərilən yad təsirlərdən fərqi yoxdur.
 
Mübarizənin əzabverici mövzuları, qardaşlığının məğzi Mayakovsinin şeirlərində əsas yoldur. Şeirlərində bu mövzular əsrarəngiz silaha çevrilər, sanki qırmızı portağal çiçəkləri açılır.
Bu, şeir siyasi olmalıdır və tərəf tutmalıdır kimi anlaşılmasın, ancaq Mayakovskini oxuyan gerçək şair həqiqi şeir yazmaq üçün qarşısındakı yollardan ən uyğununu seçə biləcəkdir.
 
Mayakovski söndürülməsi mümkün olmayan bir atəşdir. Məhsuldar şairdir. Mən bunu Federiko Qarsiya Lorkada olduğu kimi sezirəm – şeirinin çatdığı inkişaf nöqtəsinə görə hələ də yazılacaq, nəğmələri oxunacaq bir xammala sahibdir. İntellektuallıqlarının ən pik nöqtəsində ölən bu iki gənc şair haqqında danışarkən onları dağlar boyda divə bənzətməkdən çəkinmirəm. Onları aça bilən açarlar yalnız özlərində idi və bizim şanssızlığımızdır ki, bu açarlar Rusiya və İspaniya torpaqlarında gömülüb.
 
Mayakovski sözləri riqqətə gətirən şairdir. Onun poeziyası fosfor kimi parlayan gözlənilməz şəkillərin kataloqudur. Tez-tez hərəkət edən və davakar, eyni zamanda ən dərin insani duyğularla doldurulmuşdur. Şeirin həm atası, həm də övladı olan Mayakovski sərt, həm də mehriban  insandır.
Bütün bunlara onun satiraya olan meylini də əlavə etmək lazımdır.
 
Mayakovskinin bürokratiyanı hədəf alan tənqidləri bu gün Rusiya səhnəsində uğurla sərgilənməkdədir. Onun kiçik burjuaziyaya yönələn sancmaları əzabvericidir və nifrətinin təzahürüdür. Eyni dünyagörüşündə olmaya bilərik, bir sistemin insanları kirlətməyinə qarşı mübarizə apara bilərik, amma böyük satiriklər daima şişirdilmiş yazıblar. Məsələn, Svift, Qoqol.
 
Sovet ədəbiyyatında həm çox yaxşı, həm də çox pis kitabların yazıldığı qırx il boyunca Mayakovski, mənim fikrimcə, həmişə inkişafda olan və təsiredici bir şair olmuşdur. Onu ölkəmizin hər küncündən görə bilirik. Bu gənc divin əllərini, ayaqlarını, başını görürük. O, bütün şəxsiyyəti ilə, bədəniylə, başıyla, əlləriylə yazdı. Ağılla, incəliklə, mübarizəyə adanmış bir əsgərin gücüylə yazdı.
 
Böyük qardaşımız Mayakovskinin şeiriyyatı və şəxsiyyəti önündə əyilirəm.
Bənzərsiz nəğmələrini söyləyə biləcəyi bu gündə xatirəsini bir gül, tək bir qırmızı güllə anıram.
 
Pablo Neruda 
Tərcümə edən: Rəvan Cavid