• cümə, 29 Mart, 13:37
  • Baku Bakı 14°C

«Qardaş köməgi” jurnalında ədəbiyyat məsələləri

19.10.17 18:12 4349
«Qardaş köməgi” jurnalında ədəbiyyat məsələləri
I Dünya müharibəsindən sonra ən çox əziyyət çəkən, fəlakətlərə məruz qalan Rusiya imperiyası daxilində yaşayan türk xalqları idi. Görkəmli ictimai-siyasi xadim və publisist Məhəmməd Əmin Rəsulzadə 1914-1917-ci illərdə Türkiyənin Qars və Ərdəhan ərazisində yaşayan qaçqınlara maddi yardım tədbirlərində fəal iştirak etmişdir. Eyni zamanda, həmin dövrdə Bakı Xeyriyyə Cəmiyyəti H.Z.Tağıyev, M.Muxtarovun maliyyə dəstəyi ilə Qars, Ərdəhan, Övləti, Kil, Çaldır və digər ərazilərdə yaşayan türklərə maddi yardım göstərmişdir.
Bu dövrdə türk xalqlarına mənəvi yardım göstərə biləcək mətbuat orqanına ehtiyac yarandı. 1917-ci ildə M.Ə.Rəsulzadənin baş redaktorluğu ilə "Qardaş köməgi” jurnalı nəşrə başlayır. Jurnalın üz qabığında rəssam Əzim Əzimzadə tərəfindən çəkilmiş, qan qusan ceyrana acıyaraq başına toplanmış üç ceyranın bir-birinin dərdinə şərik olması mənasını ifadə edən şəkil verilmişdir.
AMEA Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan "Qardaş köməgi” jurnalı ilk dəfə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlının gərgin əməyi nəticəsində ərəb əlifbasından latın qrafikalı əlifbaya transfonoliterasiya edilərək 2002-ci ildə kitab kimi çap olunmuşdur. Ancaq 2012-ci ildə "İpək yolu” nəşriyyatın­da Türkiyə Respublikası Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun dəstəyi ilə «Qardaş köməgi” jurnalı N.Qafqazlının çevirməsindən olduğu kimi götürü­lərək yenidən Türkiyə türkcəsində latın qrafikalı əlifba ilə çap olunur. Əlbəttə, Türkiyədə türkçülüyə yardım missiya­sını daşıyan belə bir jurnalın çap olunması böyük alqışa layiq bir hadisədir. Ancaq kitabın heç bir hissəsində Nəzakət Qafqazlının adı çəkilməmiş, translite­rasi­ya müəllifləri Arif Həşimov, Sedat Demir, İbrahim Erol göstərilmişdir. Bu haqda N.Qafqazlı "525-ci qəzet”in 27 fevral 2013-cü il tarixli sayında dərc edilən "Diqqətsizlik, yoxsa saymamazlıq...” adlı məqaləsində ətraflı bəhs etmişdir.
Kitabın ön sözündə N.Qafqazlının verdiyi məlumata əsasən, jurnal Rusiya imperiyası və digər Asiya dövlətlərində əsarətin məngənəsindən əziyyət çəkən türk xalqlarına mənəvi dəstək məqsədi ilə yaradılmışdır. Jurnalda publisistika janrı aparıcı olsa da, ədəbi-bədii nümunələrə də yer verilmişdir.

Poeziya

Jurnaldakı poeziya nümunələri müharibə psixologizmi və mə­həbbət mövzusundadır. H.Cavid müharibə fəlakətlərinin türklərə gətirdiyi zə­rər və bunlar qarşısında bir olmağın vacibliyini "Hərb və fəlakət” şeirində (1917 yanvar) qeyd edir:
Bir zamanlar şərəfli Turanın,
O cahan qəriyu qovqanın,
Qəhrəman bərgüzida övladı,
Türklərin anlı, şanlı əcdadı,
Saldırıb titrədirdi yer yüzüni,
Hökm edər dinlədirdi hər sözüni.
Jurnalda publisistik məqalələrin məzmunu ilə səsələşən şeirlərin verilməsi onun bədiilik ovqatını artırır. Məsələn, Orenburqdan Fateh Kərim yazdığı "Millət sağ olsun” adlı məktubunda Balkan müharibəsində əziyyət çəkmiş türklərin köməksiz olması problemini ortaya qoymuşdur. Həmin məqalənin ümumi məzmunu ilə səsləşən Əhməd Cavadın "Yazıq!” şeirində bəlaya düçar olmuş insanların ağır, iztirablı vəziyyəti şairdə acı təəssüf hissi oyadır.
M.Ə.Rəsulzadənin "Bizim nöqteyi-nəzərdən Rusiyada Cümhuriyyəti ənamı” publsisistik məqaləsində göstərilir ki, Rusiyanın çar siyasəti müsəlmanları yalnız azadlıqdan məhrum etməmiş, eyni zamanda təzyiq və təhqirlərə məruz qoymuşdur. Həmin məqalənin ardınca gələn Yusifzadə Əli Razi "Qonaqlara” adlı şeirində zülmdən qaçarq Qafqaza pənah gətirən türklərə təsəlli verir.
Jurnalda Aşqabaddan yazan Manafzadə Sabirin "Bir lövhə qarşısında” adlı şeirin­də Avropa jurnallarının birində məşhur bir rəssamın müharibə dəhşətlərini əks etdirən rəsm tablosu müəllifi qələmə sarılmağa sövq edir.
Əli Nəzmi "Arş iləri!” şeirində (7 yanvar 1917-ci il) xoş firavan yurdu olan türklərin köç edilməsinə, didərgin düşənlərin halına acıyır, türk oğlunu yardıma səsləyir. Əli Şövqünün "Ellərimiz” şeiri qan ağlayan Turan ellərinin halına acıyır.
Məzarıstan kibi bayquş uluyor,
Darmadağın olmuş Turan elləri.
Yurd oğlunun gözi qanlar ağlıyor
Gədalar qalmış xaqan elləri.
Abbas Səhhətin "Təxliyə, yaxud Qaçqın” şeirində uçub dağılan şəhərin viranələri canlanır. Hacı Səlim (Səyyah) Qasımzadənin "Hamı ağlayır, bən də ağlıyorum” şeirində Anadolu, Buxara, Andican, Çızaqda mövcud vəziyyətdən əziyyət çəkən, bəlalara giriftar olan insanlara verilən cavablar satirik kinayə ilə tənqid olunur. Əsərdə, əsasən satirik monoloq üstündür.
Aşqabaddan Turxanın yazdığı "Cəlxa (sırf) türkcə düzülmüş düzə” məzumə­sində (12 fevral 1917) türklərin kökünü kəsmək istəyənlər sərt şəkildə tənqid olunur. Balaxanıdan Əli Mişanın "20-ci əsrin qanlı bir yadigarı” şeirində vəhşət bürümüş insan məskənlərinin ah-naləsi təsvir olunur. Xarkovdan Tağı Şahbazi Simurqun "Aclar” şeirində aclıq və səfalət tərənnüm olunmuşdur. Ata və anasız ehti­yac içərisində qalan Züleyxa və Cəlilə Müsəlman cəmiyyətinin un gətirməsi onları aclıqdan xilas edir. Əsərdə müharibənin ailələrə gətirdiyi faciələr tənqid olunur. "Bir Qərib” təxəllüslü şairin "Bir gün gələcək” şeiri isə nikbin ruhludur. Şərq ölkələrinin, xüsusilə də türklərin nə zamansa hür olacağına, inkişaf edib yüksələcəyinə inanır.
Bədrəddin Əlihüseynin "Fələkzadələri yad ediniz!..” şeirində qaçqın düşmüş müsəlmanların aclığı, fəryadı, ağlaması tərənnüm olunmuşdur. Nemət Bəsirinin "Dəvət” şeiri dəhşətli hücumlarlara məruz qalmış insanların ahının bir gün düşməni tutub məhv edəcəyinə işarə edir. Məzlumlara rəhm etməyə çağırış motivi qəzəlin son beytində nəticə kimi yekunlaşır.
Müharibələrdə müsəlmanların ağır zərbələrə, geniş ərazi itkilərinə, kütləvi insan qırğınlarına, işğala məruz qalması böyük faciələr yaşamış, mənəvi və fiziki təzyiqlərə məruz qalmış insanların dərin hüznlü, fəryadlı, bəzən ümidli psixoloji yaşantıları, daxili hiss və həyəcanlı psixologiyasında özünü göstərmişdir. Bəzən müəlliflərin subyektiv idealizmində - subyektiv duyğularında etiraz, özbaşınalığa qarşı üsyankarlıq güclənir.
Jurnalda müharibə mövzusuna həsr olunmayan M.S.Ordubadinin "Hür hüriyyət” qəzəli (Tsarıstan, 9 fevral 1917) gözələ həsr olunmuş, eşq və məhəbbət mövzusundadır.

Dramaturgiya

Jurnalda yeganə dram janrında yazılmış əsər Abdulla Şaiq Talıbzadənin "Birpərdəli dramı”dır. Fil.f.d. Nəzakət Qafqazlı A.Şaiqin arxivində apardığı araşdırmalardan belə qənaətə gəlmişdir ki, bu əsərin adı "İdeal və insanlıqdır” və 1914-cü ildə yazılmışdır. Dramda konflikt Ədalət, Mərhəmət, Səadət, Vicdanla Zülm, Şeytan, Fəlakət arasındadır. Konflikti gərginləşdirən 12 yaşlı İdeal və İnsanlıq adlı alicənab qadınlardır. Müsbət qüvvələrin təsiri ilə mənfi qüvvələrdən xilas olan İdealın göyə uçması, heyrətlənməsi onun əbədiliyinə işarədir. İdeal gələcək nəsli Şər qüvvədən qoruyan varlıqdır. İdealsız cəmiyyətin sonu uçurumdur. Əsərin ideyasında irəli sürülən fikir budur ki, şər qüvvələrdən ancaq ədalət, mərhəmət, səadətin təsiri ilə qurtarmaq olar. Çünki əsil ideal cəmiyyət o zaman mümkündür.

Nəsr

Hər bir müharibə yalnız insan itkisi ilə bitmir, insanların acı fəryadlarından doğan dərin hüznlü psixoloji sarsıntılar - psixologizm da yaradır. «Qardaş köməgi” jurnalının nəsrində həmin dəhşətli acılardan doğan müharibə psixologizmi hakimdir. Mollanəsrəddinçi yazıçı Ə.Haqverdiyevin heç bir yerdə rast gəlinməyən "Süleyman əfəndi” hekayəsi jurnalda diqqəti cəlb edir. Ailəsini, evini, var-dövlətini itirmiş Süleyman əfəndinin sarsıntısı, dəli kimi qarşılanıb sözlərinə qulaq verilməməsi aydınlaşır.
Əhməd Cavadın "Xuda qəbul nəkə” hekayəsi Bəyazid mahalında düş­mən hücumu zamanı oğlu Hasanı itirmiş bir ananın gərgin dramıdır. Hasanın atası Şeyx yurdundan qaçanda İrana pənah aparmış, orada rus zabitləri oğlunu əlindən almışlar. Anası çöllərə düşüb dəli olaraq oğlunu axtarır. Cəmiyyəti xeyriyyə hərbza­dələrinə belə müraciət etsə də, naməlum rus zabitləri oğlu Hasanı tapa bilmirlər.
Abbas Səhhətin "Qara günlü Həlimə” hekayəsindən məlum olur ki, Bayburt şəhərində düşmən hücumu zamanı Həlimə yoldaşını itirir, övladları Əhməd və Zeynəbi zirzəmidə gizlədir. Həlimə yoldaşı ilə düşmənə qarşı vuruşarkən Əhməd yıxılıb ölür. Zeynəb düşmən əsgərlərinə əsir düşür. İllər sonra Həlimə soyuq qış günü dilənərkən Zeynəblə rastlaşır. Süjet dramatik-sentimentalist olsa da, kompozisiya baxımından yarımçıqdır. Konflikt, obrazlar zəif təsvir olunmuşdur. Müəllif yalnız kədərli hiss və emosional təsvirlərə yer verir.
Asya Nərimanofun "Bənövşə çiçəgi” hekayəsində qaçqınlıq zamanı ata-anasını itirmiş xeyriyyə cəmiyyətindəki yetim uşaqların psixologizmində kədərin yalnız bağ-bağça həsrəti deyil, həm də valideyn istisinin itirilməsi ilə bağlı olduğu göstərilir.
Ümumiyyətlə, «Qardaş köməgi” jurnalında ədəbiyyat məsələlərinə diqqət yetirsək, burada poeziya nümunələri kəmiyyət baxımından dramaturgiya və nəsri üstələyir. Dərc olunan bədii əsərlərdə törədilmiş zülm və fəlakətlərin səbəbkarları konkret adı ilə göstərilmir. Amma jurnaldakı bədii nümunələr həmin dövrün ictimai mühiti ilə yaxından tanış olmaq baxımından əhəmiyyətlidir.

Aynurə Niyaz qızı Paşayeva,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin
elmi işçisi, [email protected]


banner

Oxşar Xəbərlər