“Qaranquş” uşaqların müjdəçisi ola biləcək? - Fotolar
"Qaranquş bahar fəslinin
müjdəsidir. Biz də qışın soyuq aylarında uşaqlara bahar fəslinin nəfəsini gətirmək
istədik. Qaranquş fəslin müjdəçisi olduğu üçün biz də uşaqlara məlumatları "Qaranquş”
jurnalının dili ilə çatdırmaq istədik”. Avropa Azərbaycan Məktəbində "TEAS PRESS” Nəşriyyat Evinin
yeni məhsulu, uşaqlar üçün "Qaranquş” adlı aylıq jurnalın ilk buraxılışı ilə
bağlı səslənən bu fikirləri uşaq dünyasına ünvanlanan nəşrlərin sayının artması
istiqamətində atılan addım kimi də dəyərləndirmək olar. Ölkədə işıq üzü görən
uşaq qəzet və jurnallarının sayının o qədər də çox olmaması, bəzilərinin
ümumiyyətlə, keyfiyyət probleminin olması uşaqlara ünvanlanan belə bir jurnalın
nəşrinin vacibliyinə diqqət çəkir: "Jurnalın nəşri uşaqları öyrədə və əyləndirə
biləcək vəsaitləri çoxaltmaq məqsədilə meydana gəldi. Hal-hazırda işıq üzü görən
uşaq vəsaitləri bu tələbatı ödəmir. Yerli bazarı müşahidə etdikdən sonra belə
bir jurnalın çapına qərar verdik” deyən jurnalın baş redaktoru Aysel Zahidqızı
həmçinin, nəşrin ərsəyə gəlməsi üçün beynəlxalq təcrübənin öyrənildiyini deyir.
Belə ki, jurnal
hazırlanarkən ibtidai siniflər üçün tədris planında yer alan mövzulara uyğun
hekayə və məqalələrə üstünlük verilib.
Baş redaktor məhz bu amillərə görə
jurnalın təkcə uşaqlar üçün deyil, müəllimlər üçün də faydalı ola biləcəyi fikrindədir:
"Məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan jurnalda
maraqlı hekayə və məqalələrlə yanaşı, ingilis dilində müxtəlif mövzularda
materiallar da verilir. Jurnalda həm milli dəyərləri, həm də uşaqların ümumi maraqlarını
nəzərə almışıq”. "Qaranquş” jurnalında 5-10 yaş arası
bütün uşaqları maraqlandıran mövzulara aid rubrikalar olduğunu deyən baş
redaktor, tariximizdən və dəyərlərimizdən bəhs edən "Tariximizi
unutmayaq”, uşaqları müxtəlif peşələrə məhəbbət ruhunda tərbiyə etməyə və
istiqamətləndirməyə yönələn "Mən böyüyəndə” rubrikalarının maraqla oxunacağını
istisna etmir: "Biz istəyirik ki, uşaqdan "böyüyəndə nə olacaqsan?”-deyə
soruşanda o təkcə "müəllim və ya həkim
olacağam” deməsin. Biz bu iki sahədən kənara çıxmaq istəyirik. İstəyimiz odur
ki, uşaqlar həmçinin digər peşələrə istiqamətlənsinlər - həm aşpaz, həm sürücü,
həm hüquqşünas olmaq istəsinlər”. Jurnalın "Əylənək və öyrənək” rubrikası
uşaqlara müəyyən riyazi məsələlər, tapmacalar təqdim edir. Onlar tapşırıqları həll
edib cavabını jurnalın redaksiyasına göndərə bilərlər. «Öyrənək və əməl edək»
rubrikasında ətraf mühitə müsbət münasibət formalaşdırmaq nəzərdə tutulursa,
«Heyvanlar danışa bilsəydi» rubrikasında heyvanların dili ilə uşaqlara onlar
haqqında informasiyalar verilir:Jurnalımız 5-10 yaş arası
uşaqlar üçün nəzərdə tutulduğundan biz bütün bu yaş kateqoriyasını əhatə edirik”.
Jurnalın kollektivi məktəblilərlə görüşlər də keçirir. "Jurnalın sonunda 3 səhifə
ingilis dilində yer ayırmışıq. Bu səhifələrdə uşaqlar müəyyən çalışmaları həll
edə bilərlər. Biz onların cavablarını və məktublarını dərc edə bilərik. Jurnalda
dərc olunan bütün yazılar – istər oyun olsun, istər hekayə uşaqlara ilk növbədə
informasiya öyrətməlidir”.
Jurnalın əhatə etdiyi yazarların çevrəsinə gəlincə, ölkənin kifayət qədər
tanınmış uşaq yazarları, illüstratorlar, eyni
zamanda, bu sahədə yeni addımlar atan uşaq yazarlarının əməkdaşlıq etdiyi nəşr yaradıcılıq
çevrəsini daha da genişləndirmək fikrindədir: " Biz daim axtarışdayıq. Digər
yazarları da ətrafımıza cəlb etmək üçün təkliflər gözləyirik”. Jurnalın əsas maskotu fərqli dizayn edilmiş qaranquşdur və
oxucular üçün müxtəlif məlumatlar onun dilindən təqdim olunur.
44 səhifəlik "Qaranquş”un tirajı və yayımı haqqında məlumat verən
A.Zahidqızının sözlərinə görə, jurnal ayda bir dəfə, 3000 tirajla çap olunur.
Qiyməti 4 AZN olan jurnalın / www.qaranqush.az/ həm respublika
üzrə, həm də ölkədənkənar yayımı nəzərdə tutulub: "Saytımız vasitəsilə jurnala
abunə olmaq mümkündür. Nəşrin 6 aylıq və illik abunələri var. Abunə olduqdan
sonra Bakı şəhəri üzrə jurnalın çatdırılmasını pulsuz həyata keçiririk. Bakıdan
kənara və xarici ölkələrə isə abunə xidməthaqqı ödənilməklə çatdırılır. Jurnalı
kiosklardan, marketlərdən almaq və abunə yolu ilə əldə etmək mümkündür. Həmçinin,
uşaqların marağını cəlb etmək üçün jurnalın üzərində müəyyən hədiyyənin də
olması nəzərdə tutulur”.
Biz isə "Qaranquş”a ilin bütün fəsillərində müjdə gətirməyi
arzulayırıq! Ugurlu olsun!
Təranə Məhərrəmova